Taliban sözçüsü ABŞ-ın əfqan xalqına yardım üçün dondurulmuş 7 milyard dollarlıq aktivin yarısından istifadə etmək qərarını “oğurluq” adlandırıb.
Avqust ayında Əfqanıstanda hakimiyyəti bərpa edən Taliban təşkilatı ABŞ prezidenti Co Baydenin Əfqanıstandakı dondurulmuş aktivlərlə bağlı imzaladığı fərmana reaksiya verib.
Bayden Talibanın hakimiyyəti ələ keçirməsindən sonra, dondurulan Əfqanıstandakı 7 milyard dollarlıq aktivin yarısının əfqan xalqına yardım kimi istifadə edilməsi haqqında fərmanı imzalayıb. Çoxmərhələli plana əsasən, Əfqanıstanın ABŞ-dakı dondurulmuş ehtiyatlarının digər yarısı ölkədə terror qurbanlarının, xüsusilə də 11 sentyabr hücumları qurbanlarının yaxınlarının davam edən məhkəmə proseslərində istifadə üçün saxlanılacaq.
Talibanın Qətərdəki sözçüsü Məhəmməd Naim ABŞ-ın qərarını “oğurluq” adlandırıb. Naim Twitter mesajında, “ABŞ-ın Əfqanıstan dövlətinə aid vəsaitləri oğurlaması bu ölkənin mənəvi cəhətdən pozulduğunun göstəricisidir” ifadələrini işlədib.
Qeyd edək ki, Taliban hakimiyyətə gəldikdən sonra, ABŞ-ın ölkənin aktivlərini dondurması və xarici yardımı dayandırması ilə Əfqanıstan iqtisadiyyatı iflasa uğramışdır. Təşkilat daha əvvəl ABŞ-dakı Əfqanıstan aktivlərinin qaytarılmasını tələb etmişdi.