Ermənistan hakimiyyəti sülh prosesinə zərbə vuran feyk xəbərlərin tirajlanmasının qarşısını almalıdır
Sentyabrın 4-də Ermənistanda keçirilmiş mətbuat konfransında Azərbaycan xalqına qarşı törətmiş olduqları çoxsaylı cinayətlərə görə Bakıda həbsdə olan erməniəsilli şəxslərin guya Azərbaycanda dini mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalması, onların üzərində işgəncələrə yol verilməsi, xristian dini simvollarının məhv edilməsi, “İncil”dən istifadəyə imkan verilməməsi və “Quran” oxumağa məcbur edilmələri barədə səsləndirilmiş iddialar nədən xəbər verir? Bu cür dezinformasiyalar, feyk xəbərlər hansı məqsədə xidmət edir? Azərbaycanla yekun sülhə hazırlaşdığını iddia edən bir ölkənin paytaxtından bu cür təxribatçı və əsassız ittihamların səsləndirilməsi sülhə xidmət edir, yoxsa məkrli siyasi oyunlara?
Bu iddialar, əsasən, məlumat manipulyasiyası və ictimai rəyin yönləndirilməsi cəhdi kimi görünür. Belə əsassız ittihamlar həqiqəti aydınlaşdırmaqdan çox, emosional gərginlik yaratmağa, qarşı tərəfi demonizə etməyə və siyasi gündəmi dəyişməyə xidmət edir. Bu cür qərəzli bəyanatlar sülh prosesinə töhfə verməkdən uzaqdır və daha çox ictimai rəyi çaşdırmaq, emosional gərginlik yaratmaq və eyni zamanda Azərbaycanı beynəlxalq aləmdə gözdən salmaq məqsədi daşıyır. Xüsusilə yekun sülhə hazır olduğunu iddia edən bir ölkənin paytaxtından belə əsassız və təxribatçı bəyanatların səslənməsi qətiyyən sülhə xidmət etmir. Əksinə, bu cür hərəkətlər danışıqlara zərbə vurur, etimadı azaldır və siyasi təzyiq vasitəsi kimi istifadə olunur. Yəni burada əsas məsələ faktları araşdırmaq yox, informasiya savaşında üstünlük qazanmaq cəhdidir. Bu da daha çox məkrli siyasi oyunlara bənzəyir.
Deyilən iddiaların heç birinin real əsası yoxdur. Ermənilər öz adlarını bizə qoymağa, öz hərəkətlərini bizim ayağımıza yazmağa adət ediblər. Onlar 30 ilə yaxın davam edən işğal dövründə azərbaycanlı hərbi və mülki əsirlərlə vəhşicəsinə davrandıqlarına görə bizi də özləri kimi təsəvvür edirlər. Amma biz onlar kimi deyilik. Azərbaycan dövləti sivil dövlətdir, xalqımız isə humanist xalqdır. Hazırda Bakıda həbsdə olan ermənilər Azərbaycana qarşı çoxsaylı müharibə cinayətlərinin, separatçılıq və terrorçuluq aktlarının fəal iştirakçıları və ya rəhbərləri olsalar da belə, lakin Azərbaycanın penitensiar sistemi onlara qarşı maksimal dərəcədə təmkinli və tolerant davranır. Ona görə də sentyabrın 4-də Ermənistanda keçirilmiş mətbuat konfransındakı məlum açıqlamalar faktlara söykənməyən, daha çox siyasi manipulyasiya xarakteri daşıyan cəfəngiyyatdır. Onlar bu cür ənənəvi primitiv üsullarla məhkəmə və insan hüquqları mövzusunu manipulyasiya edirlər. Ermənistan hakimiyyəti sülh prosesinə zərbə vuran feyk xəbərlərin tirajlanmasının qarşısını almalıdır. Sülh prosesinə inamı zəiflətmək, etimad mühitinə zərbə vurmaq olmaz!
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.