Azərbaycan və Türkiyənin ortaq tarixi, milli-mənəvi dəyərləri və gələcəyə baxışı onları daim birləşdirir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Koreyadan qayıdışında jurnalistlərin suallarını cavablandırarkən Türkiyə ilə Azərbaycan arasında münasibətlərin klassik diplomatik təmaslardan çox kənara çıxdığını vurğulayaraq, “Qardaşlığımızın öhdəsindən gələ bilməyəcəyi heç bir maneə yoxdur” deyib və eyni zamanda, 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırdığını bildirib. Qardaş ölkənin lideri Bakıda Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək.

Ərdoğanın bu qərarı təqdirəlayiq addımdır. Bu qərar Azərbaycanla münasibətlərə verilən xüsusi önəmin göstəricisidir. Eyni zamanda, Türkiyə-Azərbaycan qardaşlığının yalnız siyasi bəyanatlarla məhdudlaşmadığını, ən mühüm və əlamətdar günlərdə qarşılıqlı həmrəyliklə daha da möhkəmləndiyini nümayiş etdirir. Təcrübəli siyasətçi olan Rəcəb Tayyib Ərdoğan Zəfər Gününün bizim üçün önəmini yaxşı bilir. 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqı üçün xüsusi tarixi və mənəvi əhəmiyyət daşıyır. Bu gün xalqımızın illərlə davam edən həsrətinin sona çatdığı, ərazi bütövlüyümüzün bərpa olunduğu və ədalətin öz yerini tapdığı möhtəşəm tarixi qələbənin rəmzidir. Belə bir gündə Türkiyə Prezidentinin Azərbaycanda olması qardaş ölkənin xalqımızın sevincinə şərik çıxmasının, Azərbaycanın haqq işinə verdiyi ardıcıl dəstəyin növbəti ifadəsidir.

Türkiyə Vətən müharibəsinin ilk günlərindən Azərbaycanın yanında oldu. Prezident Rəcəb Tayyib Ərdoğanın müxtəlif çıxışlarında Azərbaycanın ərazi bütövlüyünü və ədalətli mövqeyini dəstəkləməsi, Türkiyə xalqının Azərbaycana göstərdiyi mənəvi-siyasi həmrəylik ölkələrimiz arasındakı münasibətlərin nə qədər dərin və sarsılmaz olduğunu bir daha ortaya qoydu. Bu dəstək Azərbaycan üçün böyük mənəvi güc, düşmən üçün isə mühüm siyasi mesaj idi. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin mənəvi-siyasi dəstəyini hər zaman yüksək qiymətləndirib.

Bu gün Azərbaycan və Türkiyə münasibətləri bütün sahələrdə yüksək dinamika ilə inkişaf edir. Siyasi və diplomatik əlaqələrlə yanaşı, iqtisadiyyat, enerji, nəqliyyat, müdafiə sənayesi, təhlükəsizlik, təhsil və mədəniyyət sahələrində də sıx əməkdaşlıq mövcuddur. Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi, TANAP və digər mühüm layihələr iki ölkənin strateji tərəfdaşlığının regional miqyasda nə qədər əhəmiyyətli olduğunu göstərir.

Şuşa Bəyannaməsi isə Azərbaycan-Türkiyə münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldən tarixi sənəd kimi xüsusi əhəmiyyət daşıyır. Bu sənəd dövlətlərimiz arasında əməkdaşlığın hüquqi və siyasi əsaslarını daha da möhkəmləndirib, qarşılıqlı dəstək və həmrəyliyin yeni mərhələsini müəyyənləşdirib. Şuşa Bəyannaməsi bir daha sübut etdi ki, Azərbaycan və Türkiyə yalnız dost və tərəfdaş deyil, eyni zamanda, çətin günlərdə bir-birinin yanında dayanan müttəfiq ölkələrdir.

Prezident Ərdoğanın Zəfər Günü tədbirlərində iştirakı həm də gələcək nəsillərə mühüm mesaj olacaq. Bu səfər göstərir ki, Azərbaycan və Türkiyənin ortaq tarixi, milli-mənəvi dəyərləri və gələcəyə baxışı onları daim birləşdirir. Qardaş ölkələrin liderlərinin belə əlamətdar günlərdə bir araya gəlməsi xalqlarımız arasındakı bağlılığı daha da gücləndirir. Ərdoğanın “Qardaşlığımızın öhdəsindən gələ bilməyəcəyi heç bir maneə yoxdur” fikri Azərbaycan-Türkiyə münasibətlərinin mahiyyətini dəqiq ifadə edir. Çünki bu münasibətlər yalnız dövlətlərarası əlaqələrdən ibarət deyil. Bu, eyni dilə, eyni tarixə, eyni dəyərlərə və qarşılıqlı etimada söykənən böyük bir qardaşlıqdır.

Əminliklə demək olar ki, Türkiyə Prezidentinin Azərbaycana növbəti səfəri ölkələrimiz arasındakı sarsılmaz birliyin və strateji müttəfiqliyin daha bir parlaq nümunəsi olacaq. Azərbaycan xalqı qardaş Türkiyənin bu diqqət və qayğısını yüksək qiymətləndirir. Zəfər Günündə Bakıdan səsləndiriləcək həmrəylik mesajları bir daha göstərəcək ki, Azərbaycan və Türkiyə birlikdə daha güclüdür. Bu qardaşlıq əbədidir, bu birlik sarsılmazdır və bu həmrəylik qarşısına çıxan bütün maneələri dəf etmək gücünə malikdir. Son vaxtlar iki ölkə arasında yaşanan müəyyən fikir ayrılıqları isə yollarımızın ayrılması yox, birliyimizin və qardaşlığımızın sınağı idi. Biz bu sınaqdan qardaşlığımızı və strateji müttəfiqliyimizi qoruyaraq çıxmağı bacardıq.

Əlisahib Hüseynov 

Milli Həmrəylik Komitəsinin sədri

Comments are closed.

Tərcümə »