8 Noyabr həm də şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram günüdür

Xalqımız ən yeni tariximizin şah əsəri olan 8 Noyabr – Zəfər Gününün altıncı ildönümünü qeyd edir. 8 Noyabrın tariximizdəki və təqvimimizdəki yeri ayrıdır, bambaşqadır. Bu gün Azərbaycan tarixinin ən şanlı səhifəsi, milli varlığımızın və dövlətçiliyimizin ən parlaq zirvəsidir. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin yüksək sərkərdəlik məharəti, şanlı Azərbaycan Ordusunun rəşadəti və xalqımızın həmrəyliyinin nəticəsində 8 Noyabr təkcə müstəqillik dövrünün deyil, son 200 illik Azərbaycan tarixinin ən parlaq Zəfər salnaməsi kimi yaddaşlara yazılıb.

2020-ci il noyabrın 8-də Ordumuzun Şuşa şəhərini işğaldan azad etməsilə həm bölgədəki geosiyasi reallıqlar, həm də bizim işğaldan əziyyət çəkən xalq imicimiz dəyişdi. 8 noyabrda biz öz tarixi imicimizə qayıtdıq, savaşçı ruhumuzu dünyaya sərgilədik, qalib xalqa çevrildik. Noyabrın 10-da üçtərəfli bəyanatla möhürü vurulan Qarabağ Zəfərimiz həm tarixi ədaləti bərpa etdi, həm də ermənipərəstliyi özünün rəsmi siyasətinə çevirmiş böyük güclərin (ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin) Cənubi Qafqaz və Avrasiya kimi mühüm geostrateji coğrafiyadakı oyunlarını pozdu və Prezident İlham Əliyevin ifadəsi ilə desək, dərin geosiyasi layları tərpətdi, yeni tarixi reallıqların əsasını qoydu.

Bu yeni reallıqlar fonunda Azərbaycan regionda yalnız ərazi bütövlüyünü və suverenliyini bərpa edən dövlət kimi deyil, həm də Cənubi Qafqazın gələcək inkişaf gündəliyini müəyyənləşdirən əsas siyasi aktor kimi çıxış edir. Qarabağ Zəfəri ölkəmizin hərbi qüdrətini, diplomatik iradəsini və milli həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan xalqı sübut etdi ki, milli məqsədlər ətrafında birləşən, dövlətinə və ordusuna güvənən xalq qarşısına qoyduğu ən çətin vəzifələrin öhdəsindən gələ bilər. Prezident İlham Əliyevin 6 noyabr 2026-cı il tarixdə Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərlə görüşü zamanı vurğuladığı kimi, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq. Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər. Çünki biz ədaləti bərpa etdik, öz ləyaqətimizi bərpa etdik və döyüş meydanında qan tökərək öz haqqımızı bərpa etdik.

8 Noyabr həm də şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram günüdür. Bu Zəfərin hər qarışında Vətən uğrunda canından keçən qəhrəman oğul və qızlarımızın qanı, valideynlərinin sonsuz ağrısı, qazilərimizin fədakarlığı və milyonlarla insanın duaları var. Şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq, onların göstərdiyi qəhrəmanlıq gələcək nəsillər üçün əsl vətənpərvərlik məktəbi olacaq. Dövlətimizin başçısının qeyd etdiyi kimi, onların qanı yerdə qalmayıb, şəhidlərimizin qisası döyüş meydanda alınıb. Zəfər Gününün təntənəsi məhz bu müqəddəs yaddaş qarşısında məsuliyyət hissi ilə tamamlanır.

Qələbəmizdən sonra isə qarşıda duran əsas vəzifə bu Zəfəri möhkəmləndirmək, azad edilmiş ərazilərimizi sürətlə bərpa və inkişaf etdirmək, ölkəmizin iqtisadi və siyasi gücünü daha da artırmaq idi. Bu gün Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Qələbəmizin davamlı xarakter daşıdığını göstərir. İşğaldan azad edilmiş ərazilərdə yeni yolların, hava limanlarının, yaşayış məntəqələrinin, məktəblərin və sosial obyektlərin inşası yalnız dağıdılmış şəhər və kəndlərin bərpası deyil, həm də Böyük Qayıdışın möhkəm təməllər üzərində qurulması deməkdir. Doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın öz torpaqlarına qayıtması tarixi ədalətin bərpasının ən mühüm göstəricilərindən biridir. Qarabağın dirçəldilməsi ilə Azərbaycan həm də regionda sülh, əməkdaşlıq və iqtisadi inkişaf üçün yeni imkanlar yaradır.

Zəfər Gününün əsas mesajlarından biri də budur ki, müstəqillik və dövlətçilik daim qorunmalı, milli birlik və həmrəylik hər bir vətəndaşın gündəlik həyat prinsipinə çevrilməlidir. Tarixi qələbələr yalnız keçmişin şərəfli səhifələri kimi xatırlanmamalı, gələcəyin daha qüdrətli Azərbaycanının qurulması üçün möhkəm dayaq olmalıdır. Gənc nəslin Vətənə sədaqət, milli-mənəvi dəyərlərə bağlılıq və dövlətçilik ruhunda tərbiyəsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. 8 Noyabr xalqımızın qürur, birlik və özünəinam günüdür. Bu gün biz bir daha anlayırıq ki, Azərbaycan xalqının iradəsi, ordumuzun gücü və dövlətimizin qətiyyətli siyasəti qarşısında heç bir maneə milli hədəflərimizə əngəl ola bilməz.

Bu əziz günün sevincindən bütün dünya azərbaycanlılarına pay düşür. 8 Noyabr – Zəfər Günü münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Zəfər Günümüz mübarək olsun! Allah şəhidlərimiziə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, əsgər və zabitlərimizi qorusun. Qoy, üçrəngli bayrağımız daim Qarabağın və Şərqi Zəngəzurun aydın səmasında qürurla dalğalansın, qalib Azərbaycanımızın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi əbədi olsun!

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Comments are closed.

Tərcümə »