Azərbaycan-Türkiyə birliyi siyasi və digər maraqlara yox, qardaşlığa söykənir

 

Ötən gün təkcə biz yox, bütün dünya tarixi bir ana şahidlik etdi. Bütün gözlərin dikildiyi Qarabağda – tarixi Şuşa Bəyannaməsinin imzalandığı mədəniyyət paytaxtımızda Azərbaycan-Türkiyə qardaşlığı və strateji birliyinin əbədiliyi növbəti dəfə öz mənəvi-siyasi təsdiqini qazandı. Hər iki ölkənin liderləri birliyimizin və müttəfiqliyimizin sarsılmaz olduğunu dünyaya nümayiş etdirdilər. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuata birgə bəyanatlarında səsləndirdikləri birlik mesajları dostlarımızı sevindirdi, düşmənlərimizi isə məyus etdi.

Əliyev və Ərdoğanın bir-birinin əlindən tutaraq havaya qaldırması birliyimizin möhürü oldu. Bu simvolik jest onu göstərdi ki, heç kim Azərbaycanla Türkiyənin arasına girə bilməz, heç bir qüvvə bizim qardaşlıq münasibətlərimizi sarsıda bilməz. Liderlərimizin əvvəlki kimi isti münasibəti Türk dünyasının düşmənlərinin arzularını gözlərində qoydu. Aərbaycan və Türkiyə münasibətlərinə zərbə vurmaq istəyənlərin səyləri Şuşada boşa çıxdı.

Mətbuata birgə bəyanatlar əsnasında 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycanın yanında olduğunu xatırladan və ondan cəmi yeddi ay sonra Şuşa Bəyannaməsinin imzalandığını vurğulayan Prezident İlham Əliyev haqlı olaraq qeyd etdi ki, Azərbaycan-Türkiyə münasibətlərinin dünyada bənzəri yoxdur: “44 günlük Vətən müharibəsi Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi. Ondan 7 ay sonra burada Şuşada tarixi Şuşa Bəyannaməsi imzalandı və bu Azərbaycan-Türkiyə əlaqələrini rəsmən müttəfiqlik səviyyəsinə qaldırıb. Halbuki onsuz da biz hər zaman müttəfiq idik. Türkiyə və Azərbaycan xalqları qardaş xalqlardır və dəfələrlə demişəm ki, dünyada bizim qədər bir-birinə bağlı olan xalqlar da yoxdur, dövlətlər də yoxdur. Və bu bizim böyük sərvətimizdir. Şuşa Bəyannaməsi sadəcə olaraq bu tarixi mədəni əlaqələri rəsmi çərçivəyə salıb. Bizi birləşdirən ortaq tarixdir, etnik köklərdir, dilimizdir, ədəbiyyatımızdır, mənəvi dəyərlərimizdir. Bu, böyük sərvətdir və bu sərvət üzərində, bu güclü təməl üzərində bu gün dövlətlərarası münasibətlər də inkişaf edir”.

Dövlətimizin başçısı mətbuata bəyanatında böyük coğrafiyanı əhatə edən ərazidə Türkiyə-Azərbaycan birliyinin mühüm amil olduğunu xüsusi olaraq vurğuladı və hamıya mesaj verdi ki, biz birlikdə daha da güclüyük. Həmçinin, Türkiyənin Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə dünyada güclü dövlətə çevrildiyini diqqətə çatdıran Prezident İlham Əliyev bunun bizi sevindirdiyini qeyd etdi: “Türkiyə Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə güclü dövlətə çevrilib. Bu Azərbaycanı sevindirir və gücləndirir. Biz birlikdə daha da güclüyük. Bu sabitlik, istiqrar, təhlükəsizlik faktorudur. Əziz qardaşımın sıx qrafikinə baxmayaraq, Zəfər Günündə Qarabağda olması bütün dünyaya bizim birliyimizi bir daha göstərir. Bu birlik əbədi olacaq. Buna Türkiyə və Azərbaycan cəmiyyətində şübhə yoxdur”.

Bəli, bu birlik əbədi olacaq. Çünki Azərbaycan-Türkiyə birliyi bir çox ölkələrin münasibətlərindən fərqli olaraq siyasi və digər maraqlara yox, qardaşlığa söykənir. Bu birlik Tanrıdan gələn birlikdir və həqiqətən də çox böyük sərvətdir. Bu birliyə heç kim dil uzatmamalı və onu sarsıtmağa çalışmamalıdır. Çünki bu, mümkün deyil. Zaman göstərdi ki, Azərbaycan-Türkiyə birliyini sarsıtmaq cəhdləri mənasızdır. Dövlətimizin başçısının vurğuladığı kimi “birliyimizi sarsıtmaq istəyənlərin arzuları gözlərində qalacaq. Biz bu sərvəti qoruyuruq. İki xalq ilk növbədə iki lider və heç kimə imkan vermərik ki, bizim aramıza girsin, yaxudda ki, öz şəxsi maraqları naminə bizim birliyimizə, qardaşlığımıza, həmrəyliyimizə kölgə salsın”.
Əlisahib Hüseynov 

Milli Həmrəylik Komitəsinin sədri

Comments are closed.

Tərcümə »