Qazaxıstanda sabiq daxili işlər naziri Erlan Turqumbayev saxlanılıb.
Bu barədə “Kazinform” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Qazaxıstanın Daxili İşlər Nazirliyinin sabiq rəhbəri 2022-ci ilin yanvarında baş vermiş faciəvi hadisələrlə bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə ona qarşı açılmış cinayət işi çərçivəsində saxlanılıb.
Agentlik qeyd edib ki, martın 20-də o, artıq prokurorluqda dindirilib. Erlan Turqumbayev 2019-cu ildən Daxili İşlər Nazirliyinə rəhbərlik edib və 2022-ci ilin fevralında yanvar hadisələrindən sonra tutduğu vəzifədən azad edilib. Daha sonra o, altı aya yaxın Qazaxıstan prezidentinin müşaviri olub.
Məlumatı Qazaxıstan Baş Prokurorluğu da təsdiqləyib. Qeyd olunub ki, Qazaxıstan Respublikasının Baş Prokurorluğu 2022-ci ilin yanvar hadisələri ilə bağlı cinayət işlərinin istintaqını davam etdirib.
Belə ki, bu il aprelin 29-da keçmiş daxili işlər naziri Erlan Turqumbayev ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə saxlanılıb.//Report