Rusiya İran dronlarından istifadə etmir. Bunlar hamısı Qərbin və Ukraynanın təbliğatıdır.
Bu sözləri Axar.az-a rusiyalı politoloq Sergey Markov Ukrayna-Rusiya müharibəsində istifadə edilən dronlarla bağlı yayılan xəbərləri şərh edərkən deyib.
O, Rusiyanın dron istehsal etmək gücündə olduğunu vurğulayıb:
“Dronlar uçuş aparatıdır. Rusiyanın isə öz aviasiya sənayesi, nano-materiallar, titan istehsalı və s. var. Qısası, Rusiyanın dron istehsal etməyə kifayət qədər imkanı çatır. Elə indi də daha çox Rusiya istehsalı olan dronlardan istifadə olunur”.
İran dronlarından istifadə olunması məsələsinə toxunan politoloq bildirib ki, Rusiya Tehran istehsalı olan dron modellərinin texnologiyasından yararlanır:
“Rusiya öz modelinin yaradılmasına çox vaxt sərf etməmək üçün “Şahid” dronlarının texnologiyalarını “Geran” istehsalına transformasiya edib. Bu modeli modifikasiya etmək daha yaxşıdır. Bundan sonra dronlar daha çox Rusiyanın olur. İndi elə daha çox Rusiya istehsalı olan dronlardan istifadə olunur. Ukrayna və Qərb təbliğatının təsiri altına düşmək lazım deyil. Onlar deyir ki, bu, İran dronları olan “Şahid”dir. Bununla onlar yazıq Ukrayna xalqına göstərmək istəyir ki, baxın, sizə qarşı vəhşi, geridə qalmış, heç özləri dron istehsal edə bilməyən və İran dronlarından istifadə edən Rusiya döyüşür. Bu, çox kobud təbliğatdır. Əslində isə ötən il yarım ərzində istifadə olunan dronların böyük hissəsi İrandan alınmayıb. Onlar iki ölkənin birgə yaratdığı texnoloji xətlərdə, Rusiya ərazisində istehsal olunur”.
Qeyd edək ki, Ukraynanın Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Nataliya Qumenyuk rus hərbçilərin bu ölkəyə zərbə endirmək üçün Rusiya ərazisində yığılmış “Şahid” dronlarından istifadə etməyə başladığını bildirib. Onun sözlərinə görə, son hücumdan sonra tapılan “Şahid”lərin qalıqlarının kiril əlifbası ilə işarələrələnməsi onların Rusiya istehsalı olduğunu göstərir.