Aprelin 23-ü Dünya Kitab və Müəlliflik Hüququ Günüdür. Bu barədə qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş Konfransında qəbul edilib. 1996-cı ildən etibarən isə kitaba və müəlliflərə hörmət əlaməti olaraq bu əlamətdar gün bütün dünyada qeyd olunur.
İctimairey.az xəbər verir ki, hər il aprelin 23-də keçirilən müvafiq tədbirlərdə kitabların geniş əhatə dairəsi – keçmiş və gələcək, nəsillər və mədəniyyətlər arasında körpü olduğu ictimaiyyətin diqqətinə bir daha çatdırılır.
UNESCO-nun baş direktoru Odre Azule Dünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə ictimaiyyətə müraciət edib. Müraciətdə qeyd olunur ki, kitablar insanlara fikir mübadiləsi aparmağa, məlumat almağa və müxtəlif xalqların mədəniyyətlərinin zənginliyini ötürməyə kömək edir, onları ayıran məkan və zamandan asılı olmayaraq insanlar arasında geniş dialoq üçün imkanlar açır. Kitabların şəxsi inkişafı təşviq etmək və stimullaşdırmaq üçün danılmaz potensialı var.
2022-ci ilin Dünya Kitab Paytaxtı Meksikanın Qvadalaxara şəhəridir.
Dünya Kitab və Müəlliflik Hüququ Günündə UNESCO öz tərəfdaşlarını kitabların müasir çağırışları həll etmək, siyasi və iqtisadi reallıqları anlamaq, bərabərsizliklər və dezinformasiya ilə mübarizə aparmaq üçün bir qüvvə olduğu mesajını paylaşmağa çağırır.
Hər il aprelin 23-də – Uilyam Şekspirin, Migel Servantesin, İnka Qarsilaso de la Veqanın vəfatının ildönümü günündə əsərləri yüzilliklər ərzində insanları məftun edən müəlliflər xatırlanır. Bu gün, həmçinin fəaliyyəti kitablarla bağlı olan, ədəbi irsin populyarlaşmasına, yeni ideyalarla tanışlığa, əsərlərin yayılmasına kömək edən peşə sahibləri, o cümlədən redaktorlar, tərcüməçilər, naşirlər və kitab satanların əməyi hörmətlə qeyd olunur.
Azərbaycanda Dünya Kitab və Müəlliflik Hüququ Günü 1997-ci ildən qeyd edilir.
Xatırladaq ki, Prezident İlham Əliyevin “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 20 aprel tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılıb. Agentliyin qarşısında duran əsas vəzifələr müəllif və oxşar hüquqların qorunması və təmin edilməsi, rəqəmsal hüquqların idarə edilməsi, kontrafaksiya və piratçılığa qarşı mübarizə ilə yanaşı, sənaye mülkiyyəti obyektlərinin idarə edilməsi və bu idarəçiliyin zamanın tələblərinə uyğun təşkili, patent və əmtəə nişanlarına dair müraciət edən şəxslər üçün dürüstlüyün, açıqlığın və şəffaflığın təmin edilməsidir.
2021-ci ilin aprel ayında dövlətimizin başçısı Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi”nin yaradılması haqqında Fərman imzalayıb. Mərkəz elm və sənaye arasında bağlantı, qarşılıqlı sifariş və təklif münasibətlərinin yaradılması, ixtiraçılıq fəaliyyətinin keyfiyyətcə artması və tətbiqi xarakter daşıması üçün texnologiyaların transferini və əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılmasını həyata keçirən, innovativ inkişafın, o cümlədən startap layihələrin dəstəklənməsinə xidmət edən, elmi tədqiqatların nəticələrinin kommersiya və qeyri-kommersiya məqsədilə istifadəsi üçün transferinə, həmçinin bu nəticələrdən gəlir əldə etməyə yönəldilən, müştərilərə texnologiyaların və layihələrin hədəf bazarlarına çıxarılması xidmətlərinin göstərilməsində, bu sahədə fəaliyyətin əlaqələndirilməsində iştirak edən publik hüquqi şəxsdir. Bu ilin mart ayında Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi”nin Nizamnaməsi təsdiq edilib.
Xatırladaq ki, 2021-ci ildə Əqli Mülkiyyət Agentliyində 405 müəllifin 851 əsəri qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 863 şəhadətnamə verilib, o cümlədən “Elektron xidmət” bölməsi vasitəsilə 231 müəllifin 371 əsəri qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 371 şəhadətnamə verilib, 9 müqavilə qeydiyyata alınıb.
Əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən 2022-ci il yanvarın 1-dək Agentlikdə bütövlükdə 14 min 261 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən “Elektron xidmət” bölməsi vasitəsilə 419 müəllifin 787 əsəri qeydiyyatdan keçirilib və 797 şəhadətnamə verilib.
2021-ci ildə “Mobil tətbiq proqramlarının müəllif hüququnun mühafizəsi obyekti kimi qeydiyyatının aparılması” istiqaməti üzrə nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində mobil əlavələr indiyə qədər xidmət sahəsində mobil əlavənin layihəsi kimi qeydiyyatdan keçirilib. Hazırda mobil tətbiq proqramlarının kompüter proqramı (mobil əlavə) kimi qeydiyyatdan keçirilməsi təmin edilib. Azərtac