“Ukrayna qüvvələri Kiyevin şimal-qərbində, o cümlədən İrpen, Buça və Qostomeldə lokal əks-hücumlar keçirməyə davam edir. Bu hücumlar müəyyən uğur qazanıb və rusiyalılar bir sıra mövqelərdən geri çəkiliblər. Bununla belə, Rusiya zərbə imkanlarına görə şəhər üçün hələ də ciddi təhlükə yaradır”.
İctimaiRəy.az xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.
“Rusiya qüvvələri şəhəri atəşə tutmağa davam edərək Mariupolda doğru irəliləməyə davam edir, lakin şəhərin mərkəzi hələ də Ukrayna qüvvələrinin nəzarəti altındadır. Başqa istiqamətlərdə Rusiya ordusu öz qüvvələrini yenidən təşkil etməyə və yenidən qruplaşdırmağa çalışarkən müdafiə mövqelərini saxlayırlar”, – məlumatda vurğulanıb.
Xatırladaq ki, Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətlərinin böyük hissəsi separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedib. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edib.
2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.
2022-ci ilin fevralın 24-də Rusiya Silahlı Qüvvələri Ukraynanın “denasifikasiya və demilitarizasiyası” (nasizm ünsürlərindən təmizlənmə və silahsızlaşdırılma), habelə Donetsk və Luqansk “respublikalarının ərazi bütövlüyünün” təmin olunması məqsədilə ölkəyə şərq, cənub (Krım) və şimal (Belarus) istiqamətlərdən hücuma başlayıb. Rusiyada “xüsusi hərbi əməliyyat” adlanan bu müharibədə indiyədək Ukraynanın bir sıra şəhərləri, o cümlədən Xerson, Melitopol şəhərləri işğal edilib. Minlərlə dinc sakin həlak olub, milyonlarla insan yurdlarından didərgin salınıb. Müharibənin ilk günlərindən Qərb Rusiyaya qarşı ən sərt iqtisadi sanksiyaları işə salıb. Nəticədə ölkənin milli valyutası rubl çöküş yaşayır. Bu sanksiyalar ilk dəfə olaraq humanitar sahələrə də toxunub.
Bundan başqa, Beynəlxalq Cinayət Məhkəməsində (Haaqa) Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə əlaqədar insanlığa qarşı cinayətlərin araşdırılmasına başlayıb.
Qeyd edək ki, Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.