ABŞ qoşunlarının Ukraynaya göndərilməsi istisna edilir: Bayden
Rusiyanın ölkəyə mümkün “hərbi müdaxiləsi” fonunda hadisələrin necə cərəyan etməsindən asılı olmayaraq, ABŞ hökumətinin Ukraynaya qoşun göndərmək planı yoxdur.
İctimairey.az xəbər verir ki, bunu NBC telekanalına müsahibəsində ABŞ prezidenti Co Bayden deyib və amerikalı hərbçilərin Ukraynadakı hərbi münaqişədə iştirakının dünyanı qlobal fəlakətin astanasına qoyacağını vurğulayıb.
Amerika liderinin sözlərinə görə, amerikalılar və ruslar bir-birinə atəş açsalar, yeni dünya müharibəsi başlayacaq. Beləliklə, o, amerikalıların Ukrayna ərazisindən çıxarılması üçün qoşun göndərməyə hansı ssenarinin səbəb ola biləcəyi sualına cavab verib.
Bayden heç bir halda ABŞ hərbçilərinin Ukraynaya göndərilməyəcəyini vurğulayıb və amerikalıları münaqişənin gərginləşməsi ehtimalına görə, indi ölkəni tərk etməyə çağırıb.
“Amerika vətəndaşları indi ölkədən çıxmalıdır. Bu terror təşkilatı ilə işləməklə eyni deyil. Biz dünyanın ən böyük ordularından biri ilə qarşı-qarşıyayıq”, – ABŞ prezidenti bildirib.
O, həmçinin Rusiya prezidenti Vladimir Putinin hərbi eskalasiya baş verəcəyi təqdirdə amerikalılara zərər verə biləcək hərəkətlərin qarşısını almaq üçün “kifayət qədər ağıllı” olduğuna əmin olduğunu bildirib.
Xatırladaq ki, Ukraynaya “Rusiyanın işğalı” ilə bağlı Qərb tərəfindən qızışdırılan təbliğat isteriyası fonunda, yanvarın 27-də ABŞ-ın Kiyevdəki səfirliyi ilk dəfə olaraq, Amerika vətəndaşlarını bu ölkəni tərk etmək barədə düşünməyə çağırıb.
Məlumata görə, bu çağırışlar sonradan konkret marşrutlarla evakuasiya planlarına çevrilib. ABŞ vətəndaşlarına Ukraynadan çıxmaq üçün, ölkələrin siyahısı olan yol xəritəsi təklif olunur.
Gedişlər Polşa, Slovakiya, Macarıstan, Rumıniya və Moldova vasitəsilə həyata keçirilir. Eyni zamanda qeyd edilir ki, Dnestryanı ərazisi ilə gediş-gəliş mümkün deyil.