RUSİYA XİN: Rusiya Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə profil təmasları planlaşdırır
Rusiya Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası məsələsi üzrə ixtisaslaşmış təmaslar keçirməyi planlaşdırır.
İctimairey.az xəbər verir ki, bu barədə cümə axşamı Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaitsev brifinqdə bildirib.
“Rusiya liderlərin noyabrın 26-da Soçidə qəbul edilmiş bəyanatını yerinə yetirmək üçün, tərəfdaşlarla sıx əməkdaşlıq edir. Bu bəyanat Rusiyanın məsləhətçi köməyi ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və sonra demarkasiyası üçün komissiyanın yaradılmasını nəzərdə tutur.
Zaitsev vurğulayıb ki, komissiyanın formalaşdırılması və delimitasiya prosesinə başlanması sərhəd insidentlərinin qarşısını alacaq və Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına mühüm töhfə verəcək.
“Biz ixtisaslaşdırılmış təmaslar keçirməyi planlaşdırırıq, onların nəticələri barədə lazımi qaydada mətbuata məlumat veriləcək”, – Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.