Saakaşvili: Xarici həkimlərin ona baş çəkməsinə icazə verilməsə, yenidən aclıq aksiyasına başlayacam

0

Onun vəkili Şota Tutberidze siyasətçini ABŞ, Ukrayna və Hollandiyadan olan həkimlərin müalicəsinə cəlb etməyi xahiş edib.

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili tələb edir ki, əcnəbi həkimlərin onunla görüşməsinə icazə verilsin, həmçinin vəkillərlə gizli ünsiyyət hüququ verilsin. Onun vəkili Şota Tutberidzenin bazar ertəsi jurnalistlərə verdiyi məlumata görə, əks halda yanvarın 6-da siyasətçi yenidən aclıq aksiyası keçirəcək.

“Biz Mixail Saakaşvilinin müalicəsinə dərhal cəlb olunmasını və ABŞ, Ukrayna, Hollandiyadan həkimlərin qəbulunu tələb edirik. Biz Mixail Saakaşvili ilə konfidensial əlaqə saxlaya bilmirik, bu, vəkilin və müştərinin fundamental hüquqlarının pozulmasıdır”.-Tutberidze bildirib.

Keçmiş prezident Gürcüstana 2021-ci il oktyabrın əvvəlində ölkədə keçirilən bələdiyyə seçkilərinin birinci turuna az qalmış daxil olub, bundan sonra saxlanılıb və həbs edilib. Həbsxanada özünü siyasi məhbus hesab etdiyi üçün, aclıq aksiyasına başlayıb. Səhhətinin pisləşməsi ilə əlaqədar siyasətçi əvvəlcə həbsxana xəstəxanasına, sonra isə Qori şəhərindəki hərbi hospitala yerləşdirilib. Noyabrın 20-də o, aclıq aksiyasının bitdiyini bəyan edib. Ötən il dekabrın 30-da Saakaşvili yenidən Rustavi şəhərindəki həbsxanaya köçürülüb.

Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib, bundan sonra ölkədə ona qarşı dörd cinayət işi açılıb, onlardan ikisində siyasətçi qiyabi olaraq üç və daha altı il müddətinə azadlıqdan məhrum edilib. 2007-ci il noyabrın 7-də müxalifətin mitinqinin sərt şəkildə dağıdılması, Gürcüstanın “İmedi” teleşirkətinin ofisinin darmadağın edilməsi və təxminən 9 milyon lari (2,9 milyon dollardan çox) məbləğində dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı işlərə baxılır. Ötən il oktyabrın 20-də Saakaşviliyə qarşı sərhədi qanunsuz keçməkdə ittiham olunub və onu 5 ilə qədər həbs gözləyir.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »