Avqustun 8-i Cənubi Qafqaz regionu üçün taleyüklü təqvim sayılır. Prezident İlham Əliyevin ABŞ-a ötən il avqustun 8-də gerçəkləşən tarixi səfərinin və Ağ Evdə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında keçirilən üçtərəfli görüşdə mühüm razılaşmaların imzalanmasının birinci ildönümüdür. Bəli, avqustun 8-i Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsindən sonra formalaşan yeni siyasi reallığın beynəlxalq səviyyədə təsbit olunduğu ən mühüm mərhələlərdən birinin gerçəkləşdiyi təqvim kimi yadda qalıb. Məhz bir il əvvəl Vaşinqtonda Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən imzalanan sənədlər Cənubi Qafqazın gələcək geosiyasi arxitekturasına təsir göstərəcək yeni mərhələnin əsasını qoydu. Həmin səfər çərçivəsində qəbul edilən qərarlar, imzalanan Birgə Bəyannamə və aparılan danışıqlar regionda yeni siyasi və iqtisadi reallıqların formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir.
Beynəlxalq münasibətlər sistemində yeni düzənin formalaşdığı, qlobal güclər arasında rəqabətin intensivləşdiyi, enerji və nəqliyyat marşrutlarının önəminin artdığı, həmçinin təhlükəsizlik mühitinin mürəkkəbləşdiyi, geosiyasi ziddiyətlərin dərinləşdiyi bir dövrdə Cənubi Qafqaz da son illərdə dəyişən beynəlxalq münasibətlərin təsiri altında strateji əhəmiyyəti artan regionlardan birinə çevrilib. Belə mürəkkəb şəraitdə Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və çoxvektorlu xarici siyasətin nəticəsi olaraq Azərbaycan artıq nəinki regionun əsas geosiyasi güclərindən birinə çevrilib, həmçinin orta güc səviyyəsinə yüksəlib. Bir il əvvəl Vaşinqtonda Prezident İlham Əliyevin, ABŞ Prezidenti Donald Trampın və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən görüş və imzalanan sənədlər də məhz Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən sonra formalaşan yeni siyasi reallığın nəticəsidir. Bu görüş və imzalanan sənədlər Cənubi Qafqazın gələcək geosiyasi arxitekturasını kökündən dəyişən yeni mərhələnin əsasını qoydu.
Tarixi görüşün ildönümündə Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi də təsadüf deyil. Çünki hazırda Cənubi Qafqazda sülhün əsas memarı Azərbaycandır və onun lideridir. Vaşinqton razılaşması bir daha onu göstərdi ki, postmünaqişə dövrünün siyasi gündəmini müəyyən edən tərəf Azərbaycan olub. Müharibədə qələbə qazanan dövlət eyni zamanda sülh prosesinin müəllifi kimi çıxış etdi, beynəlxalq hüquqa əsaslanan konsepsiya təqdim etdi və danışıqların istiqamətini müəyyənləşdirdi. Bu gün liderlər arasında təmasların davam etməsi regional münasibətlərin sabitləşdirilməsi və dialoq kanallarının açıq saxlanılması üçün vacibdir. Bütün bunlar sülhün yalnız siyasi sənədlərlə deyil, həm də daimi kommunikasiya və qarşılıqlı anlaşma ilə möhkəmləndiyini göstərir.
Ümumən götürsək, Vaşinqton görüşü sülh prosesinin institutlaşması baxımından böyük önəm daşıyır. İmzalanmış sənədlər və aparılan müzakirələr qarşılıqlı münasibətlərin normallaşdırılması, təhlükəsizlik məsələlərinin tənzimlənməsi və gələcək əməkdaşlıq mexanizmlərinin müəyyən olunması istiqamətində ilkin baza kimi qiymətləndirilə bilər. Ona görə də Vaşinqton görüşü ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin postmünaqişə mərhələsində institusional çərçivəyə salınması cəhdi kimi nəzərdən keçirilməlidir. Görüş zamanı əldə olunan razılaşmalar və imzalanan sənədlər tərəflər arasında siyasi dialoqun davam etdirilməsi üçün ilkin baza formalaşdırmışdır. Bu baxımdan, görüşün əhəmiyyəti təkcə bir diplomatik hadisə ilə məhdudlaşmır, həm də regionda yeni siyasi reallığın beynəlxalq səviyyədə qəbuluna xidmət edir. Həmin görüş postmünaqişə mərhələsində regional nizamın yenidən qurulması, diplomatik gündəliyin formalaşması və tərəflər arasında münasibətlərin normallaşdırılması baxımından mühüm mərhələ kimi çıxış edir.
Xüsusilə Azərbaycanın artan regional çəkisi, sülh prosesində fəal mövqeyi və çoxvektorlu xarici siyasəti bu prosesin əsas komponentləri kimi dəyərləndirilir. Bu baxımdan, Azərbaycanın prosesdəki mövqeyi xüsusi diqqət tələb edir. Yuxarıda da qeyd etdiyim kimi, Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasətin nəticəsi olaraq ölkəmiz regional qərarvermə proseslərində aparıcı aktorlardan birinə çevrilib. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasından sonra yaranmış yeni şərait Azərbaycanın diplomatik mövqeyini daha da gücləndirib. Eyni zamanda, sülh təşəbbüslərinin əsas istiqamətlərinin müəyyənləşdirilməsində rəsmi Bakının rolu əhəmiyyətli dərəcədə artıb. Buna görə də Vaşinqton görüşü Azərbaycanın mövcud siyasi üstünlüyünün və beynəlxalq legitimliyinin təsdiqi kimi də şərh oluna bilər.
Son 6 ildə, postmüharibə dövründə Cənubi Qafqazda baş verən köklü dəyişikliklər göstərir ki, lokal münaqişələrin həlli yalnız hərbi-siyasi nəticələrlə deyil, həm də sonrakı diplomatik legitimləşmə ilə tamamlanır. Bu mənada, Vaşinqton görüşü münaqişədən sonrakı nizamın formalaşmasında mühüm keçid mərhələsi kimi və Cənubi Qafqazın siyasi xəritəsində dönüş nöqtələrindən biri kimi dəyərləndirilə bilər. Görüş regionda sülh prosesinin davam etdirilməsi, siyasi dialoqun institusionallaşdırılması və yeni geosiyasi reallıqların beynəlxalq səviyyədə tanınması baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın artan regional rolu və sülh gündəliyinin formalaşmasında fəal iştirakı bu prosesin əsas müəyyənedicilərindəndir. Vaşinqton görüşünün nəticələri onu göstərir ki, zaman Azərbaycanın xeyrinə işləyir. Uzunmüddətli və davamlı sülhə nail olunması istiqamətində göstərilən səylər gələcək nəsillər üçün təhlükəsiz və firavan regionun formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Və Azərbaycan bu prosesin aparıcı ölkəsi sayılır. Vaşinqton görüşündən ötən bir il ərzində ortaya çıxan və aydın görünən əsas strateji nəticə Azərbaycanın Cənubi Qafqazın əsas qərarverici siyasi mərkəzi kimi öz mövqelərini daha da möhkəmləndirməsidir. Azərbaycan bütün regionun taleyini dəyişən və yeni səhifə açan ölkədir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.