Ən yeni tariximiz qürur duyduğumuz, yaddaşımızda silinməz izlər buraxan şanlı günlərlə, mühüm tarixi hadisələrlə zəngindir. Sentyabrın 20-si bu sırada xüsusi yer tutur. Bu gün dövlət suverenliyimizin tam bərpası günü kimi tarixə düşüb. Bu da 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək ölkəmizin ərazisindən çıxarılması məqsədilə lokal xarakterli antiterror tədbirlərinin həyata keçirilməsi nəticəsində mümkün olub. Beləliklə, cəmi 24 saatdan az müddətdə başa çatan tədbirlər nəticəsində Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri də şanlı Azərbaycan Ordusunun nəzarətinə keçib və bütün ərazilərimiz üzərində dövlət suverenliyi təmin edilib və Konstitusiya quruluşu bərpa olunub.
O həyəcan dolu günü, qürurverici anları hamımız yaxşı xatırlayırıq. Bu gün üç illiyini qeyd etdiyimiz 19-20 sentyabr antiterror əməliyyatının rəşadətli Ordumuzun mütləq Qələbəsi ilə bitəcəyinə və qanunsuz separatçı rejimin tarixdən silinəcəyinə hər birimiz qəti əminliklə inanırdıq. 2023-cü il sentyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti isə bu qələbənin rəsmi təsdiqi oldu. Dövlət başçısı lokal xarakterli antiterror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycanın suverenliyinin bərpa olunduğunu xalqa bəyan etdi və eyni zamanda bildirdi ki, bu gün Azərbaycan əsgəri, zabiti bir daha həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərdi. Ordumuzun sarsıdıcı zərbələri nəticəsində həm ərazilərimizdəki Ermənistan ordusunun qalıqları tam şəkildə tərksilah edildi, həm də qeyri-qanuni xunta rejimi ləğv edildi və Azərbaycan hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində separatçıların əsas rəhbərləri həbs olundu.
Bu baxımdan, 20 sentyabr xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə və hərb tariximizə qızıl hərflərlə yazılmış tarixi gündür. Azərbaycan öz dövlət suverenliyinin bərpa etməklə regionda yeni siyasi reallıq yaratdı və sülhə yol açdı. Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilir. Eyni zamanda, 20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur. Azərbaycan xalqı bu hər iki tarixi hadisənin qürurunu yaşamağa haqq edir.
Prezidentin bu günü Dövlət Suverenliyi Günü kimi rəsmiləşdirilməsi həm əzəmətli keçmişə söykənişin rəmzidir, həm də gələcəyə hesablanmış strateji qərardır. Bu baxımdan, Dövlət Suverenliyi Günü dövlətçilik tariximizə, milli iradəmizə, ərazi bütövlüyümüzə və torpaqlarımıza sahiblik haqqımıza xüsusi önəm verməyimizin göstəricisidir. Dövlət Suverenliyi Günü həm də Böyük Qayıdışımızın rəmzidir. Bu gün Qarabağ və Şərqi Zəngəzurun bərpası və dirçəlişi, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının uğurla davam etməsi məhz suverenliyimizin real təsdiqidir. Doğma yurdlarına dönən soydaşlarımızın sevincində suverenliyimizin real nəticəsi aydın görünür.
Biz bu əlamətdar gündə şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik. Onların müqəddəs qanı, canı və fədakarlığı bahasına qazanılmış bu tarixi Zəfər qarşısında hər birimiz sonsuz minnətdarlıq hissi ilə yaşayırıq. Dövlət Suverenliyi Günü xalqımızın yenilməz iradəsinin, birliyinin və həmrəyliyinin rəmzi olaraq daim qürurla qeyd olunacaq.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.