Bir millətin və dövlətin azadlığı fədakarlıq, birlik, inam və mübarizə ilə qorunur

15 Sentyabr — Bakının daşnak, bolşevik, rus işğalçı qüvvələrindən azad edilməsi günüdür. Bu gün Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü tamam olur. Biz bu gün 15 sentyabr 1918-ci il təqvimini necə xatırlayırıq və necə dəyərləndiririk? Bu günün xalqımız üçün önəmi nədədir? Bu şanlı hadisənin çağdaş tariximizdə buraxdığı iz, dəyər nədən ibarətdir?

15 Sentyabr – bizim üçün sadəcə bir şəhərin işğaldan azad olunduğu gün deyil. Bu tarix bütövlükdə Türk-İslam dünyasında ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin özünütəsdiq hadisəsi və həm də dövlətçilik, milli kimlik və strateji tərəfdaşlıq baxımından xüsusi məna daşıyan ən mühüm günlərindən biridir. 1918-ci ilin həmin günündə Bakının bolşevik-daşnak qüvvələrindən azad edilməsi Azərbaycan Xalq Cümhuriyyətinin taleyində dönüş nöqtəsi oldu. Bu hadisə gənc dövlətin paytaxtını Gəncədən Bakıya köçürməsinə, siyasi hakimiyyətin, idarəetmənin və milli dövlət quruculuğunun daha möhkəm əsaslar üzərində yerləşməsinə imkan yaratdı. Buna görə də 15 Sentyabra sadəcə bir şəhərin azad olunması hadisəsi kimi məhdud çərçivədən yanaşmaq düzgün olmazdı. Bu, bütövlükdə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi günüdür.

Bu tarix həm də Azərbaycan-Türkiyə sarsılmaz qardaşlığının sınaqdan üzüağ çıxdığı, qanla möhürləndiyi müqəddəs Zəfər günüdür. Bu tarixi qələbə Azərbaycan–Türkiyə qardaşlığının və həmrəyliyinin rəmzi kimi daim yaddaşlarda yaşayır. Həmin gün Qafqaz İslam Ordusunun Azərbaycanın könüllü hərbi hissələri ilə birlikdə Bakını bolşevik-daşnak işğalından azad etməsi fövqəladə siyasi və mənəvi əhəmiyyəti olan bir hadisədir. Bu hadisə Bakının Türk dünyasından zorla qoparılmasının qarşısını aldı. Bu baxımdan biz 15 Sentyabr Zəfərini təkcə birgə hərbi uğurumuz kimi qiymətləndirmirik. O gün həm də tarixin ən çətin sınaqlarından keçərək bu gün daha da güclənən Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin sarsılmaz təməl daşı kimi əhəmiyyətlidir.

Bakının işğaldan azad edilməsinin siyasi əhəmiyyəti ondadır ki, bu tarixi hadisə Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtının Gəncədən Bakı şəhərinə köçürülməsinə və milli dövlətçiliyimizin möhkəmlənməsinə həlledici şərait yaratdı. Məhz buna görə də, 15 sentyabr – Bakının azad edilməsi Günü xalqımızın qəhrəmanlıq tarixinin unudulmaz səhifəsi kimi tariximizdə dərin iz buraxıb. Cümhuriyyət hökuməti və Osmanlı Türkiyəsi arasında 1918-ci il iyunun 4-də bağlanmış müqavilə əsasında Nuru Paşanın komandanlığı ilə Azərbaycana köməyə gələn Qafqaz İslam Ordusunun Gəncədən Bakıya doğru başlatdığı tarixi yürüş obrazlı dildə desək, Azərbaycanın bədəni ilə başının birləşməsi ilə nəticələndi.

Əgər Bakı düşmən nəzarətində qalsaydı, Azərbaycan Xalq Cümhuriyyətinin yaşaması, möhkəmlənməsi və bütün ölkə üzrə suveren dövlət kimi çıxış etməsi çox daha çətin olardı. Bakı həm iqtisadi, həm strateji, həm də ideoloji baxımdan Azərbaycanın ürəyi idi. Onun azad edilməsi milli iradənin dirçəlişi, dövlətin legitimliyinin güclənməsi və xalqın öz gələcəyinə sahib çıxması demək idi. Bu baxımdan 15 Sentyabr Azərbaycanın müasir tarixində yalnız bir hərbi əməliyyatın uğuru deyil, bütövlükdə milli varlığımızın növbəti dəfə uğurlu təsdiqi kimi qiymətləndirilir.

Bu gün 15 Sentyabrı xatırlamaq, onu həm qürur, həm də minnətdarlıqla anmaq deməkdir. Həmin tarixi Zəfər bizə göstərir ki, azadlıq asan qazanılmır. Bir millətin və dövlətin azadlığı fədakarlıq, birlik, inam və mübarizə ilə qorunur. Bakının azadlığı uğrunda canından keçən bütün şəhidlərin xatirəsi xalqın yaddaşında əbədi yaşayır. Onların qəhrəmanlığı təkcə keçmişin şanlı səhifəsi deyil, həm də gələcək nəsillər üçün vətənpərvərlik, dövlətçilik və birlik dərsidir. 108 il əvvəl olduğu kimi bu gün də Bakının azadlığı uğrunda canından keçən qəhrəmanların əziz xatirəsi ehtiramla yad edilir. Biz onların rəşadətini hər zaman böyük qürur hissilə xatırlayacağıq. Paytaxtımızı işğaldan azad edərkən şəhid olan Azərbaycanın könüllü korpusunun və Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun şanlı əsgər və zabitlərinə Uca Allahdan rəhmət diləyirik.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Comments are closed.

Tərcümə »