Azərbaycan sülh istəyir, regionda sabitliyin təmin olunmasını dəstəkləyir və Ermənistanla normal münasibətlərin qurulmasında maraqlıdır

Həqiqətləri səsləndirmək haqqını heç kim Azərbaycana qadağan edə bilməz!

Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanı həm regional sülhün təşviqatçısı, həm də milli yaddaşın qoruyucusu kimi təqdim edir

Azərbaycan regionun sülh və həmrəylik mərkəzidir. Bu, qeydsiz-şərhsiz bir gerçəklikdir. Biz postmüharibə dövründə sülhü fəal surətdə dəstəkləyir, amma eyni zamanda, keçmişi də unutmuruq. Bu da yeni mərhələnin – postmüharibə dövrünün əsas ideoloji xəttidir, paradiqmasıdır. Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən səsləndirdiyi fikirlər Türk dünyası, İslam aləmi və Qafqaz arasında mənəvi əlaqələrin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin nümayəndə heyətinin qəbulu zamanı səsləndirdiyi fikirlər isə Azərbaycanın həm regiondakı hazırkı duruma sülhə münasibətinin, həm də Türk-İslam dünyası ilə əlaqələrimiz və rolumuzla bağlı bütöv konsepsiyasını ortaya qoydu.

Azərbaycanın regionda sülh və həmrəylik mərkəzi kimi təqdim olunması təkcə siyasi bəyanat deyil, həm də ölkənin son illərdə formalaşdırdığı strateji xəttin mahiyyətini əks etdirən konsepsiyadır. Tarixə baxış, sülhə sədaqət və milli yaddaş – Azərbaycanın postmüharibə strategiyasıdır. Cənab Prezidentin səsləndirdiyi fikirlər də məhz bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Bu çıxışda Azərbaycan həm Türk dünyasının, həm də Qafqazın ayrılmaz hissəsi kimi təqdim olunur, eyni zamanda ölkənin sülhə münasibəti ilə tarixi yaddaşa sadiqliyi arasında incə, lakin aydın bir tarazlıq qurulur.

Azərbaycanın geosiyasi mövqeyi bu tarazlığın əsas dayaqlarından biridir. Ölkə bir tərəfdən ortaq dil, tarix, mədəniyyət və mənəvi dəyərlərlə bağlı olduğu Türk dünyasının fəal üzvüdür, digər tərəfdən isə Qafqazın mərkəzində yerləşərək bu regionun siyasi, iqtisadi, nəqliyyat və təhlükəsizlik arxitekturasına birbaşa təsir göstərir. Bu ikili mövqe Azərbaycanın regional əhəmiyyətini artırmaqla yanaşı, onu müxtəlif sivilizasiya məkanlarını birləşdirən körpüyə çevirir. Bakı bu baxımdan həm Türk dünyası üçün inteqrasiya platforması, həm də Qafqazda sabitlik və əməkdaşlıq mərkəzi kimi çıxış edir.

Dövlətimizin başçısının qeyd etdiyi kimi, Türk dünyası ilə Qafqaz arasında əlaqələr yeni deyil. Onlar əsrlər boyu siyasi, dini və mədəni münasibətlər üzərində formalaşıb. Tarixən Türk dünyası ilə Qafqaz arasında sıx əlaqələr mövcud olub. Azərbaycanın qədim dövlətçilik tarixi, Qafqaz Albaniyası irsi, Atabəylər dövlətinin Naxçıvanla bağlı tarixi, Azərbaycan ərazisinin müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu məkan olması heç şübhəsiz ki, bu coğrafiyanın tarixi əhəmiyyətini göstərir. Ona görə də Azərbaycanın Türk dünyası və Qafqaz arasında əlaqələndirici rolunun gücləndirilməsi müasir dövrün təbii-tarixi diktəsidir, zamanın hökmüdür. Başqa sözlə desək, Azərbaycanın həm Türk dünyasında, həm də Qafqazda əlaqələndirici rolunun gücləndirilməsi yalnız siyasi məqsəd deyil, həm də tarixi reallığın müasir ifadəsidir.

Prezidentin çıxışının ən başlıca xətti isə sülh və yaddaş arasındakı münasibətin izahıdır. Belə ki, Azərbaycanın sülh prosesini dəstəkləməsi, Ermənistanla uzunmüddətli sülhün təmin olunmasına olan istəyi, lakin eyni zamanda, Azərbaycan xalqına qarşı törədilən faciələri və vəhşilikləri heç vaxt unutmayacağı Prezident İlham Əliyev tərəfindən bir daha açıq şəkildə bəyan edildi. Dövlət başçısı haqlı olaraq beynəlxalq konfrans iştirakçılarının diqqətinə çatdırdı ki, Qarabağda və Şərqi Zəngəzurda yerləşən bütün şəhər və kəndlərimiz yerlə-yeksan edilib. Xalqımıza qarşı etnik təmizləmə aparılıb. Bir milyona yaxın azərbaycanlı Ermənistan dövlətinin etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpaqlarından didərgin salınıb. Həmin dövrdə Ermənistanı dəstəkləyən böyük sayılan dövlətlərin məsələni həll etmək yox, uzatmaq və bu işğalı əbədi etmək istədiklərini xatırladan dövlətimizin başçısı vurğulayıb: “Bu dövlətlər Ermənistana hərbi, iqtisadi, siyasi dəstək verərək faktiki olaraq işğalçını mükafatlandırırdı”.

Lakin Azərbaycan xalqı, Azərbaycan dövləti belə bir ədalətsiz münasibətlə, mənfur “status-kvo” oyunları ilə heç vaxt barışa bilməzdi. Ona görə də Prezident İlham Əliyevin də vurğuladığı kimi, “Azərbaycan xalqı bu ədalətsizliyə son qoydu və dünyada bir presedent yaratdı. Çünki bu vaxta qədər işğal edilmiş torpaqlar əfsuslar olsun ki, azad edilmirdi. Hər halda XX əsrdə və XXI əsrdə belə hallara rast gəlinmirdi, ya da ki, çox nadir hallarda rast gəlinirdi”.

Bu presedenti yaratmaq və haqqı tapdalanan bütün xalqlara örnək olmaq missiyası məhz Azərbaycan xalqının üzərinə düşürdü. Çünki Ermənistan silahlı qüvvələrinin və erməni millətçilərinin xalqımıza qarşı, tarixi abidələrimizə və dini məkanlarımıza qarşı vəhşiliklərini bütün dünya görməliydi. Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə görüşündə də işğal dövründə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətini bir daha hər kəsin diqqətinə çatdırdı. Belə ki, 65 məscidin Ermənistan dövləti tərəfindən tam dağıdıldığını, bəzilərinin yarıdağılmış vəziyyətdə olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Yəqin ki, siz də o fotoları görmüsünüz, Ermənistan məscidlərdə bilərəkdən, qəsdən heyvan saxlayırdı, donuz saxlayırdı, inək saxlayırdı. Yəni bizi təhqir etmək, bizi aşağılamaq üçün, bizim həssaslığımızı dərk edərək, yəni qəsdən xalqımızı daha da incitmək üçün belə vəhşi əməllərdən də çəkinmədi. Əslində bu, təkcə bizə, xalqımıza yox, bütün İslam dünyasına bir təhqir idi. Bax, budur Ermənistan dövlətinin əsl siması. Biz bunu heç vaxt unutmamalıyıq və unutmayacağıq”.

Dövlətimizin başçısı tamamilə haqlıdır. Bəli, biz xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq. Xocalı qurbanlarını unutmayacağıq, dağıdılmış məscidlərimizi, təhqir edilmiş mədəni ocaqlarımızı heç vaxt unutmayacağıq və bu yaddaş bizi daha da ayıq edəcək. Bu yaddaş imkan verməyəcək ki, biz yenə də şirin sözlərə aldanaq, imkan verməyəcəyik ki, yenə də xalqımıza qarşı hansısa məkrli planlar baş tutsun. Ordumuz da məhz buna görə daim gücləndirilir.

Ancaq bununla belə, dövlət başçısı Ermənistanla Azərbaycan arasında sülh prosesinin getdiyini və bu prosesin uzunmüddətli olacağına əminliyini də ifadə etdi. Prezident İlham Əliyevin bu açıqlamaları Azərbaycanın yalnız bugünkü siyasi mövqeyini deyil, həm də gələcəyə dair aydın strateji baxışını nümayiş etdirir. Belə ki, Azərbaycan sülh istəyir, regionda sabitliyin təmin olunmasını dəstəkləyir və Ermənistanla normal münasibətlərin qurulmasında maraqlıdır. 8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh və dövlətlərarası münasibətlərin yaradılması haqqında sazişin mətnini paraflaması da bizim real sülhə dəstəyimizin göstəricisidir. Ancaq eyni zamanda, Azərbaycan bu faciəli keçmişi, Xocalı qurbanlarını, şəhər və kəndlərimizin vandalizmə məruz qalmasını, dini-mədəni irsimizin misilsiz vəhşiliklə məhv edilməsini, qəbiristanlıqlarımızın dağıdılmasını heç vaxt unutmayacaq. Bu da bizim təbii haqqımızdır və bu yanaşmada heç bir ziddiyət də yoxdur. Bəli, Azərbaycan sülhü dəstəkləyir, amma işğal, dağıntı və etnik təmizləmə kimi keçmiş faciələri də unutmayaraq öz milli yaddaşını qoruyur.

Güclü dövlət siyasəti iki prinsip üzərində dayanır: sülhə sadiqlik və tarixi yaddaşa bağlılıq. Bu iki prinsip bir-birinə zidd deyil, əksinə, bir-birini tamamlayır. Sülh qurmaq üçün təkcə diplomatik iradə lazım deyil, həm də tarixi ədalətsizliyi düzgün qiymətləndirmək lazımdır. Azərbaycan modeli də məhz bunu göstərməyə çalışır – gələcəyə açıq olmaq, amma keçmişi silməmək; əməkdaşlığa hazır olmaq, amma təhdidlər qarşısında ayıq qalmaq. Bu baxımdan, Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanı həm regional sülhün təşviqatçısı, həm də milli yaddaşın qoruyucusu kimi təqdim edir. Dünya birliyi bir həqiqəti qəbul etməlidir ki, sülh yalnız unutmaqla deyil, xatırlamaqla da möhkəmlənə bilər. Azərbaycanın bugünkü siyasi xətti də məhz bu həqiqət üzərində qurulub. Ermənilər də artıq bizim bu həqiqətimizi qəbul etməlidirlər. Onlar başa düşməlidirlər ki, indi cırnamaq və isterika yaratmaq vaxtı deyil. Həqiqətləri səsləndirmək haqqını da Azərbaycana heç kim qadağan edə bilməz!

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Comments are closed.

Tərcümə »