Qarabağda keçirilən lokal antiterror tədbirləri Azərbaycanın öz beynəlxalq səviyyədə tanınmış ərazilərində qanunsuz silahlı birləşmələrə qarşı əsaslı tədbir görməsi kimi qəbul olunur
Bu gün 44 günlük Vətən müharibəsindəki böyük Zəfərimizin davamı olan 2023-cü il 19-20 sentyabr lokal xarakterli antiterror tədbirlərindən 3 il ötür. Ən yeni tariximizin gerçəkdən də böyük qürur doğuran möhtəşəm səhifələrindən biri olan bu hərbi əməliyyatın başlanmasına səbəb olan proseslərin və erməni təxribatlarının tarixçəsini hamımız yaxşı bilirik. Bəs, Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin siyasi və tarixi əhəmiyyəti nədədir?
Qalib Ordumuzun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri ölkəmizin müasir tarixində mühüm dönüş nöqtələrindən biri hesab olunur. Bu tədbirlər nəticəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü möhkəmləndirildi, Qarabağ bölgəsində qanunsuz silahlı birləşmələrin fəaliyyəti dayandırıldı və dövlət hakimiyyətinin tam bərpası istiqamətində həlledici addım atıldı. Bu əməliyyatlar uzun illər davam edən keçmiş Qarabağ münaqişəsinin son hərbi-siyasi səhifələrindən biri kimi qiymətləndirilir. Bununla faktiki olaraq bölgədə separatçı hərbi infrastrukturun mövcudluğuna son qoyuldu və sülh danışıqlarının reallıq üzərində qurulması üçün yeni şərait yarandı.
Bu baxımdan, antiterror tədbirləri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində dövlət suverenliyinin və konstitusiya quruluşunun tam bərpası prosesində həlledici mərhələ oldu. Xüsusilə Qarabağ bölgəsində qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi və onların hərbi potensialının sıradan çıxarılması dövlət hakimiyyətinin bu ərazilərdə tam bərqərar olunması demək idi. Əməliyyatlar Azərbaycanın konstitusion hüququ, suveren hüquqları və ərazi bütövlüyü çərçivəsində həyata keçirildiyi üçün tarixi baxımdan dövlətin öz ərazisində qanunun aliliyini təmin etməsinin nümunəsi kimi də dəyərləndirilir. Bu, beynəlxalq hüquqda dövlətin ərazi bütövlüyü prinsipinin praktik təcəssümü kimi qəbul olunur.
Prezident və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmi 23 saat ərzində davam edən bu tədbirlər həm Qarabağ münaqişəsinin yekun mərhələsi olmaq baxımından, həm də Azərbaycanın müasir dövlətçiliyinin möhkəmlənməsi aspektindən mühüm bir səhifə kimi yadda qaldı. Ona görə də tarixi baxımdan bu hadisə yalnız hərbi əməliyyat kimi deyil, həm də uzun illər davam edən münaqişənin sona çatması mərhələsi kimi və əzəli torpağımız olan Qarabağda yeni dövrün başlanğıcı kimi dəyərləndirilir. Azərbaycan öz beynəlxalq səviyyədə tanınmış ərazilərində konstitusion quruluşunu bərpa edərək, regionda yeni siyasi və təhlükəsizlik reallığı formalaşdırdı. Bu, həm də dövlətin öz hüquqlarını qətiyyətlə müdafiə etməsinin bariz nümunəsi oldu.
Beynəlxalq hüquq dövlətlərə öz ərazilərindəki qanunsuz silahlı qruplara, separatçı dəstələrə qarşı təsirli tədbirlər görmək imkanı verir. Əgər qanunsuz fəaliyyət göstərən qruplar dövlətin konstitusion quruluşuna, təhlükəsizliyinə və vətəndaşların təhlükəsizliyinə təhdid yaradırsa, dövlət bunun qarşısını almaq hüququna malikdir. Bu, xüsusilə daxili təhlükəsizlik və antiterror tədbirləri kontekstində mühüm məsələdir. Ona görə də, Qarabağda keçirilən lokal antiterror tədbirləri Azərbaycanın öz beynəlxalq səviyyədə tanınmış ərazilərində qanunsuz silahlı birləşmələrə qarşı əsaslı tədbir görməsi kimi qəbul olunur.
Ən önəmli məqamlardan biri isə budur ki, bu hadisədən sonra Qarabağla bağlı beynəlxalq müzakirələrdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin ermənilərlə əl-ələ verib qoruyub saxlamağa çalışdıqları mənfur “status-kvo”nun dəyişməsi faktı artıq hamı tərəfindən qəbul olunmağa başladı. Bu isə beynəlxalq hüquq baxımından o deməkdir ki, artıq münaqişə əvvəlki hərbi-siyasi reallıq əsasında deyil, Azərbaycanın suverenliyi və inzibati nəzarəti əsasında qiymətləndirilir. Bildiyimiz kimi antiterror əməliyyatından öncəki dönəmdə həm Qarabağla bağlı siyasi situasiya çox mürəkkəb idi, həm də regional və böyük güclər tərəfindən (İran, Fransa, Rusiya və s.) separatçılara açıq formada dəstək verilirdi. Lakin Prezident İlham Əliyev belə mürəkkəb hərbi-geosiyasi şəraitdə erməni təxribatlarının qarşısının həmişəlik alınması üçün qətiyyətli mövqe nümayiş etdirdi. Antiterror tədbirlərinin uğurla həyata keçirilməsi də məhz bu qətiyyətin göstəricisi idi. Ordumuzun çox qısa zaman kəsiyində düşməni diz çökdürməsi, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, separatçı rejimin təslim olması və özünü buraxması, Qarabağda qondarma qurumun “prezident”ləri olmuş cinayətkar şəxslərin həbs edərək Bakıya gətirilməsi həqiqətən də dünya hərb tarixinin örnək səhifələrindən biridir.
2023-cü il oktyabrın 15-də Ağdərə şəhərində, Xocalı şəhərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində və Xankəndi şəhərində Azərbaycan Respublikasının dövlət bayrağını ucaldan Prezident İlham Əliyevin öz çıxışında vurğuladığı kimi, biz Ordumuzun gücləndirilməsi işində illərlə yorulmadan çalışdıq. Elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik. Həm Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, həm də 23 saat davam edən antiterror əməliyyatı bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik. Bu gün ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası naminə öz canlarından keçən şəhidlərimizi rəhmət və ehtiramla anır, hərbçilərimizə və qazilərimizə isə bir daha “Eşq olsun!” deyirik.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.