Xəzər hövzəsində “geosiyasi memar” rolunu oynayır. Azərbaycan Prezidentinin çevik diplomatiyası regionun geosiyasi və geoiqtisadi mənzərəsini dəyişir
Türkmənistan prezidentinin Bakıya səfərinin məqsədi və nəticələri
#Geosiyasi və #geoiqtisadi məqamlar
Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfərinin məqsədi və nəticələri barədə rəsmi mətbuatın ənənəvi, standart məlumatlarını bir kənara qoysaq, ortaya diplomatik protokolların kənarında duran, daha “geosiyasi və praktiki” yanaşmanın doğurduğu olduqca mühüm məqamlar çıxır. İlk olaraq onu qeyd edək ki, bu səfər sadəcə iki türk dövlətindən birinin başçısının digər dövlətin paytaxtına dostluq və qardaşlıq səfəri deyil, həm də “alternativlərin toqquşmadan uzlaşmaya doğru üz tutması”dır. Türkmənistan uzun illərdir ki, neytral və qapalı dövlət imici ilə tanınır. Rəsmi Aşqabat enerji ixracında da bir qayda olaraq həmişə Rusiya ilə birgə əməkdaşlığa üstünlük verib. Lakin Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində sərt sanksiyalara məruz qalması Türkmənistan rəhbərliyini də öz prioritetlərini nəzərdən keçirməyə, korrektələr etməyə məcbur etdi. Başqa sözlə desək, Türkmənistan qlobal enerji oyununda oyunçuların yerdəyişməsini nəzərə almaya bilməz. Bu mənada, Berdiməhəmmədovun Bakıya səfəri, Türkmənistanın enerji ixracatında köhnə “Rusiya boyunduruğundan” çıxıb, birbaşa Qərbə və Avropaya açılmaq istəyinin ən konkret göstəricisidir.
Yeri gəlmişkən, bu kontekstdə “Dostluq” yatağı sadəcə bir dəniz yatağı deyil, Azərbaycanın Türkmənistanı öz enerji orbitinə tam inteqrasiya etməsinə yol açan çox önəmli vasitədir. Prezident İlham Əliyev bu addımla Xəzərin dibindən keçəcək boru kəmərləri üçün Türkmənistanı “Rusiyanın icazəsinə möhtac qalan” tərəfdaşdan, “Azərbaycanın enerji logistikasına qoşulan” tərəfdaşa çevirir. “Dostluq” yatağının geosiyasi çəkisi ondadır ki, bu yataqla bağlı razılaşma, sadəcə iqtisadi bir layihə deyil, Xəzər dənizinin statusunun de-fakto müəyyənləşdirilməsidir. Bu, Moskva və Tehranın uzun illər boyu “hüquqi status” bəhanəsi ilə Xəzər layihələrini əngəlləmək siyasətinə vurulan ən böyük zərbədir. “Dostluq” yatağının geosiyasi çəkisi də məhz bundadır.
Eyni zamanda, “Dostluq” tankeri də bu mənzərəni tamamlayır. Azərbaycanın Türkmənistana məhz “Dostluq” adını daşıyan tanker hədiyyə etməsi bir simvolik anlamdan daha artıqdır. Niyə məhz “Dostluq” tankeri? Bu, Bakı ilə Aşqabad arasında olan etimadsızlıq dövrünün bitdiyini, artıq onların bir-birinin infrastrukturuna (tanker, liman, boru kəməri) etibar etdiyini göstərir. Bu, Xəzərin militarizasiyasına qarşı, Xəzərin “ticarət gölünə” çevrilməsi üçün Əliyevin başlatdığı, lakin Berdiməhəmmədovun indi dəstək verdiyi bir “sakit inqilabdır”. Sözügedən sakit inqilabın mahiyyətini isə belə izah edək: tərəflərin bir-birinin infrastrukturuna etimad göstərməsi, gələcəkdə daha böyük layihələrin — məsələn, Xəzərin dibi ilə çəkiləcək boru kəmərlərinin — təməlini qoyur.
Bu səfərin digər pərdəarxası məqamlarından biri də Rusiyanın və İranın Xəzərdəki destruktiv hegemonluğuna qarşı səylərin birləşdirilməsidir. Beş Xəzəryanı dövlətdən üçünün məhz türk dövləti olduğunu nəzərə alsaq, Azərbaycan, Türkmənistan və Qazaxıstanın həm Rusiyanın Xəzərdəki dominantlığını, həm də İranın regional tranzit monopoliyasını zəiflətmək üçün kifayət qədər əlverişli imkanlara malik olduğunu görə bilərik. Bu baxımdan, Azərbaycan və Türkmənistanın bir-birilə yaxınlaşması olduqca vacibdir. Türkmənistan qazının məhz Azərbaycan üzərindən Avropaya getməsi Rusiya üçün də, İran üçün də arzuolunmaz ssenaridir. Çünki bu halda, Rusiyanın da, İranın da enerji nəqlində və regional tranzitdəki əhəmiyyəti ciddi şəkildə azalır. Amma tranzit əhəmiyyətinin azalması və regionda boşluğun yaranması Rusiya və İran üçün itkidirsə, Azərbaycan və Türkmənistan üçünsə bir fürsətdir. Rusiyanın bütün diqqətinin Ukraynaya yönəlməsi və İranın ABŞ və İsraillə qarşıdurması hazırda regionda həqiqətən də çox ciddi bir boşluq yaradıb. Bakı isə bu unikal fürsətdən yararlanaraq mövcud boşluğu məhz “enerji təhlükəsizliyi və tranzit logistikası” ilə doldurur, Xəzərin qərb və şərq sahillərini öz “cazibə mərkəzində” birləşdirir.
Bütün bu məqamlar Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfərinin mahiyyətini diplomatik pərdənin arxasındakı real geosiyasi maraqlar kontekstində çox dəqiq açır. Məsələyə bu çərçivədən baxdıqda belə bir nəticəyə gəlmək olar ki, Bakı artıq sadəcə regional oyunçu deyil, Xəzər hövzəsində “geosiyasi memar” rolunu oynayır. Azərbaycan Prezidentinin çevik diplomatiyası regionun geosiyasi və geoiqtisadi mənzərəsini dəyişir. Beləliklə, Türkmənistan rəhbərinin Bakıya səfəri regionda formalaşmaqda olan yeni reallığın rəsmi təsdiqidir. Azərbaycanın enerji logistikasına Türkmənistanın cəlb olunması, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın mövqeyini “sadəcə təchizatçı”dan “əsas tranzit mərkəzinə” qədər yüksəldir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.