Qarabağın bərpasında iştirak etmək də onun işğaldan azad edilməsi uğrunda döyüşmək qədər çətin və şərəfli işdir

Yazıçı-deputat Aqil Abbasın tələbə-inşaat dəstələrinin yaradılması və yay aylarında tələbələrin Qarabağda aparılan bərpa-quruculuq işlərinə cəlb edilməsi ilə bağlı çıxışı hələ də gündəmdə qalmağa davam edir. Deputatın bu təklifi çox geniş rezonans doğurdu, sıx müzakirələrə səbəb oldu. Aqil Abbası bu təklifinə görə həddindən artıq sərt şəkildə tənqid edən, “yıxıb-sürüyən”lər də və tam əksinə, onu alovlu şəkildə müdafiə edənlər, təklifini dəstəkləyənlər də az deyil. Mən isə bu məsələ ilə bağlı çox önəmli bir məqama münasibət bildirmək istəyirəm.

Sözügedən təklif, əslində, pis təklif deyil. Bəli, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulmasında iştirak etmək hər bir azərbaycanlı üçün qürur məsələsi olmalıdır. Amma bu təşəbbüs tam könüllü şəkildə olmalıdır. Sovet dövrünün tələbə-inşaat dəstələri kimi məcburi cəlbetmə, kütləvi göndəriş üsulları ilə bu gün tələbələri inzibati qaydada bərpa işlərinə göndərmək olmaz. Bu istək, bu təşəbbüs hər bir tələbənin öz içindən gəlməlidir. Könüllü şəkildə müraciət edən tələbələrdən Qarabağın bərpası üçün tələbə-inşaat dəstələri formalaşdırmaq olar. Qarabağın bərpasında iştirak etmək də onun işğaldan azad edilməsi uğrunda döyüşmək qədər çətin və şərəfli işdir.

Biz tələbələr Birinci Qarabağ müharibəsi dönəmində torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə tam könüllü şəkildə, öz qəlbimizin səsi və ağlımızın hökmü ilə iştirak etmişik, könüllü döyüş batalyonlarına qoşulmuşuq. O vaxt nə hər hansı bir rəsmi qurum, nədəki rektorluq bizə “gedin Qarabağı müdafiə edin” deməyib. Ona görə də bu gün Qarabağın bərpasında iştirak etmək qərarı da könüllülük prinsipinə əsaslanmalıdır. Vətənə-millətə xidmət etmək, Qarabağın dirçəlişinə töhfə vermək qutsal məsələdir. Bu cür mübarək işlərdə zor, məcburiyyət olmamalıdır. Birdəki, tələbələri “avaraçılıq”da suçlamamalıyıq. Biz indi bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Bir çox tələbələr iyul-avqust aylarında ofisiant, kuryer və s. mövsümi işlərdə işləyib öz ehtiyaclarını təmin etməyə, növbəti dərs ilinin xərclərini qarşılamaq üçün şəxsi büdcə formalaşdırmağa çalışırlar. Ona görə də bu cür həssas məqamları mütləq nəzərə almalıyıq.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri,
Birinci Qarabağ müharibəsinin iştirakçısı

Comments are closed.

Tərcümə »