7 iyunda erməni xalqı təkcə Paşinyan və Köçəryan arasında deyil, həm də bu iki xəritə arasında seçim edəcək

Seçki günü sürətlə yaxınlaşdıqca Ermənistan, necə deyərlər, nehrə kimi çalxalanır. Çünki 7 iyun seçkiləri sadəcə sıradan bir parlament seçkiləri yox, bütövlükdə Ermənistanın gələcək yolunu müəyyənləşdirən və sıravi ermənilərin sülh, yoxsa müharibə partiyalarının ardınca gedəcəyinə birdəfəlik aydınlıq gətirəcək taleyüklü, həlledici siyasi hadisədir. Odur ki, bu seçki prosesində qərbyönümlü və rusiyayönümlü qüvvələrin az qala ölüm-dirim mübarizəsinə qalxmasının motivi də anlaşılandır.

Ancaq ən önəmli məqam isə budur ki, sıravi ermənilərin (seçicilərin) sülh və müharibə partiyaları arasında seçim etmək imkanları və variantları elə də çox deyil. Çünki hakim “Mülki Müqavilə” Partiyası istisna olmaqla, hazırda Ermənistanda sülh partiyaları demək olar ki, yox dərəcəsindədir. Bunu seçkilərə qatılan 19 siyasi qüvvənin mövcud “palitra”sından da əyani görmək mümkündür. Belə ki, bu qüvvələr arasında yalnız hazırkı baş nazir Nikol Paşinyanın başçılıq etdiyi hakim partiyanı “sülh partiyası” adlandırmaq olar. Seçki kampaniyasında iştirak edən bütün partiyalar arasında sülh və quruculuq kursunu elan edən yeganə partiya Paşinyanın partiyasıdır. Bu isə o deməkdir ki, bu gün erməni xalqı üçün ən vacib məsələ, və mütləq səs verməli olduğu dəyər məhz sülh olsa da, lakin bu sülh, nədənsə, yalnız bir siyasi partiyanın vəzifəsi kimi ortaya çıxıb. Digər partiyaların isə heç biri sülhdən danışmır. Əksinə, onların hər biri açıq şəkildə sülhün əleyhinə danışır və erməni xalqına az qala “qızıl dağlar” vəd edir. Ancaq onlar başa düşmürlər ki, hər bir cəmiyyət üçün ən əsas məsələ olan sülh mövcud olmayandan sonra seçki natiqlərinin ağızları köpüklənə-köpüklənə verdikləri digər vədlərin də artıq heç bir faydası olmur.

Bəli, sülh olmayanda nə yeni iş yerlərinin açılacağı, nə də gənc ailələr üçün ucuz ipoteka şərtlərinin təmin ediləcəyi barədə şirnikləndirici vədlər əhəmiyyətli görünmür. Lakin “Ermənistan” (Hayastan) bloku ilə seçkilərə qatılan müharibə canisi Robert Köçəryan isə erməni seçicilərini axmaq yerinə qoyaraq həm sülhün əleyhinə danışır, həm də seçicilərinə cürbəcür başgicəlləndirici vədlər verir. Radikal-millətçi mövqeli seçicilər isə onun vədlərindən şirniklənərək Köçəryanın revanşist çağırışlarını alqışlarla qarşılayırlar. Və çox təəssüf ki, bu gün quldur Robert Köçəryana dəstək verən sıravi ermənilərin sayı heç də az deyil. Onlar Köçəryanın davakar təbliğatına uyaraq hər yerdə Nikol Paşinyanın sülh çağırışlarını boykot etməyə çalışırlar. Biz bunun əyani nümunəsini Paşinyanın bugünlərdə Zəngəzura (Sünik) səfəri əsnasında da gördük.

Belə ki, Sünik vilayətinin Tex və Xndzoresk kəndlərinə seçkiqabağı səfər zamanı Nikol Paşinyan sakinlərə suvenir paylayırdı – kağız xəritələr və üzərində hazırkı Ermənistan Respublikasının coğrafi təsviri olan döş nişanları. Yəni ki, beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində olan real Ermənistanın xəritə-nişanı (qondarma “Artsax”ın və ya qondarma “Qərbi Ermənistan”ın təsviri olmadan). Lakin həmin erməni kəndliləri Paşinyanın təqdim etdiyi xəritə-nişana “Bu, çox kiçikdir, Vətən bundan böyükdür”,- deyə aqressiv reaksiya verərək o nişanı almaqdan imtina etdilər. Paşinyan isə onların imtinasına sakit cavab verdi və bildirdi: “Məhz bu sərhədləri dünya ictimaiyyəti tanıyır. Məhz bu sərhədlər daxilində ölkəmizin real gələcəyi var”. Beləliklə, həmin an təkcə iki şəxs – baş nazir Nikol Paşinyan və sıravi erməni kəndlisi yox, əslində, iki ideologiya, iki gələcək ssenari üz-üzə gəldi. Biri real Ermənistanın xəritəsini əlində tuturdu, digəri isə öz beynində başqa bir Ermənistanın – “böyük”, “gözəl”, “əzəmətli” olan, lakin mövcud olmayan mifik, “tarixi Ermənistan”ın xəritəsini canlandırırdı. Paşinyan ona real ölkənin təsvirini təklif etdi. O, isə real olmayanı, virtualı istəyirdi. Və bu kiçik səhnə bu gün erməni cəmiyyətindəki əsas siyasi parçalanmanı həqiqətən də hər hansı sorğudan daha dəqiq göstərir və 7 iyunda Ermənistan cəmiyyətinin qarşısında duran əsas seçimini daha aydın şəkildə təsvir edir.

Nəticə etibarilə, Paşinyanla görüşdə real Ermənistanın xəritəsini götürməkdən imtina edən erməni kəndlisi öz seçimini etdi. O, realı deyil, virtual – xəyali Ermənistanı seçdi. Deməli, 7 iyunda erməni xalqı təkcə Paşinyan və Köçəryan arasında deyil, həm də bu iki xəritə arasında seçim edəcək – mövcud olan kiçik (amma real) ölkə ilə mövcud olmayan “böyük ermənistan” arasında seçim. Kilsənin və levon ter-petrosyanların, robert köçəryanların, serj sərkisyanların uzun illər ərzində apardıqları millətçi, irqçi, təcavüzkar təbliğat sıravi ermənilərin bir çoxunun ağlını və ruhunu “böyük ermənistan” mifi ilə yoluxdurub, zəhərləyib. Ona görə də bu gün Nikol Paşinyanın qarşısına həmin mifik ölkənin – “tarixi Ermənistan”ın, “ölü ölkə”nin xəyalı ilə yaşayan manyaklar, manqurtlar, zombilər çıxır. Maraqlıdır ki, Paşinyan özü də açıqlamalarında deyir ki, “mənim rəqibim “üçbaşlı müharibə partiyası”dır. Onların 3 başı qalıb, bu dəfə onları kəsəcəyik”. Lakin əsl həqiqətdə isə məsələ təkcə Levon Ter-Petrosyanın, Robert Köçəryanın və ya Serj Sərkisyanın “başlarının kəsilməsi” ilə bitəcək qədər sadə deyil. Paşinyan onların bu son 30-35 ildə zombiləşdirdiyi, millətçilik və türkəfobiya ilə zəhərlədiyi, Azərbaycan xalqına qarşı nifrət aşıladığı onminlərlə, yüzminlərlə revanşist erməniləri də neytrallaşdırmalı, islah etməlidir.

Əks təqdirdə, bu aqressiv və azğın kütləni islah etmək, sülhə məcbur etmək vəzifəsini yenə də Azərbaycan Ordusu icra etməli olacaq. Yəni ki, 7 iyundan sonra (Paşinyanın seçkini uduzacağı və Köçəryanın baş nazir olacağı təqdirdə) Dəmir Yumruğumuz növbəti dəfə işə düşə bilər. Prezident İlham Əliyevin mayın 10-da Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşü zamanı vurğuladığı kimi biz bilirik ki, Ermənistanın siyasi müstəvisində Azərbaycan xalqına, dövlətinə qarşı nifrətlə yaşayan kifayət qədər dairələr var və onlar hakimiyyətə gəlsə, bax, o zaman erməni xalqının başı dərddə olacaq. Ona görə də erməni xalqı öz varlığını və öz dövlətini – indiki real Ermənistanı qoruyub saxlamaq istəyirsə, 7 iyunda revanşist qüvvələrə səs verməməlidir. Başqa sözlə desək, ermənilər dinc yaşamaq istəyirlərsə, müharibəyə yox, sülhə səs verməlidirlər.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Comments are closed.

Tərcümə »