9 May – Qələbə Günü faşizmin necə dəhşətli, qorxunc bir kabus olduğunu hər kəsə xatırlatmalıdır

Bu gün mühüm tarixi günlərdən biridir. 9 May – Qələbə Günü Azərbaycanda da qeyd olunur. Ancaq milli bayramımız kimi yox, rəsmi bayram kimi qeyd olunur. Faşizm üzərində qələbənin ölkəmizdə bayram kimi qeyd olunmasının siyasi əhəmiyyəti var. Çünki alman faşizmi üzərində qələbə təkcə Rusiyanın tarixi irsi deyil. Bu qələbədə keçmiş Sovetlər Birliyinə (SSRİ) daxil olan bütün xalqların – indiki postsovet respublikalarının hər birinin önəmli payı var.

Düzdür, Putin Rusiyası bütün SSRİ mirasına sahibləndiyi kimi faşizm üzərində qələbəni də “özəlləşdirməyə” və bunu istisnasız olaraq məhz rus xalqının qələbəsi kimi təqdim etməyə çalışır. Ancaq tarixi həqiqəti isə heç kim ört-basdır edə bilməz. 1945-ci il mayın 9-dakı qələbə bugünkü Rusiyanın yox, keçmiş SSRİ respublikalarının hamısının ortaq, birgə qələbəsidir.

Həmçinin Azərbaycan xalqı da İkinci Dünya müharibəsində böyük fədakarlıqlar göstərib, ön və arxa cəbhələrdə faşizm üzərində qələbəyə mühüm töhfələr verib. Bu müharibədə Azərbaycandan 660 min şəxs iştirak edib, 300 mindən çox soydaşımız döyüşlərdə həlak olub. Qafqazdan Berlinə qədər mübarizə yolu keçiən 100-dən çox azərbaycanlı əsgər və zabit Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Azərbaycan nefti isə SSRİ-nin Hitler Almaniyası üzərində qələbə qazanmasında həlledici rol oynayıb. Hərçənd ki, hazırkı Rusiya iqtidarı və ictimaiyyəti bu həqiqəti də etiraf etməkdən yayınır. Ancaq fakt budur ki, Bakı nefti olmasaydı, sovet tankları və təyyarələri alman-faşist ordularının üzərinə şığıya bilməzdi.

Biz 9 May – Qələbə Gününü ona görə qeyd edirik ki, ilk növbədə, bax, bu həqiqətləri unutmayaq. Amma bununla yanaşı, alman faşizmi üzərində qələbə gününü qeyd etməyimizin başqa bir boyutu, başqa bir səbəbi də var. Çünki biz 20-ci əsrdə düz iki dəfə faşizm kabusu ilə üzləşmiş bir xalqıq. Belə ki, 1941-1945-ci illərdə tale bizi alman faşizmi ilə sınağa çəkibsə, əsrin sonlarında – 1990-cı illərin əvvəllərində isə erməni faşizminin hədəfinə çevrilmişik, Xocalı soyqırımının dəhşətli acılarını yaşamışıq.

Lakin tarix bizə erməni faşizmini də darmadağın etməyi nəsib edib. 44 günlük İkinci Qarabağ müharibəsində qazandığımız Zəfər və möhtəşəm antiterror əməliyyatımız bütün Cənubi Qafqazı faşizmin lokal (məhəlli) forması olan erməni faşizminin cəngindən xilas etdi.

Faşizm bütün növləri və cərəyanları ilə faşizmdir, ona görə də hər yerdə cəzalandırılmalıdır. Dünya birliyi ikili standartlardan çıxış etməməlidir, alman faşizminə qarşı birləşdiyi halda, erməni faşizminə, rus raşizminə göz yummamalıdır. Göz yumulanda Xocalı soyqırımı, İrpen və Buça faciələri yaşanır. 9 May – Qələbə Günü faşizmin necə dəhşətli, qorxunc bir kabus olduğunu hər kəsə xatırlatmalıdır.

Biz bu gün həm İkinci Dünya müharibəsi zamanı həyatını itirən həmvətənlərimizin, həm də Birinci və İkinci Qarabağ müharibələrində ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçən şəhidlərimizin, eləcə də Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini dərin ehtiramla anırıq.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Comments are closed.

Tərcümə »