Rusiyanın dövlət televiziyasının Azərbaycan-Rusiya münasibətlərinin ruhuna və dinc qonşuluq münasibətlərinə açıq şəkildə zidd mövqe tutması doğrudan da qəbuledilməzdir

44 günlük İkinci Qarabağ müharibəsindən altı il keçsə də, çox təəssüf ki, nə Fransa rəsmiləri, nədəki Rusiya mediası Azərbaycan Ordusunun tarixin küllüyünə atdığı “Dağlıq Qarabağ” ifadəsindən hələ də əl çəkə bilmir. Mayın 6-da Fransa Senatında çıxış edən Fransanın hazırkı xarici işlər naziri Jean Noel Barronun növbəti dəfə Azərbaycan əleyhinə əsassız ittihamlar səsləndirərkən “Dağlıq Qarabağ” ifadəsini işlətməsi ilə eyni vaxtda, elə həmin gün Rusiya dövlət televiziyası olan “Birinci Kanal”ın efirində yayımlanan “Zaman göstərəcək” (“Vremya pokajet”) verilişində “Dağlıq Qarabağ” ifadəsinin ekranda canlandırılması əsla təsadüf sayıla bilməz.

Bu, nə rejissor və prodüserlərin yol verdiyi texniki yanlışlıq kimi qələmə verilə bilməz, nədəki siyasi savadsızlığın və səbatsızlığın təzahürü, nəticəsi deyil. Bəli, sinxron şəkildə baş verən bu hadisə şüurlu surətdə hazırlanan məkrli təxribatdır. Makron Fransasının liberal, qərbpərəst Nikol Paşinyan hakimiyyətinə dəstək verdiyi, Putin Rusiyasının isə Paşinyanı devirib, onun yerinə radikal-millətçi müharibə canisi Robert Köçəryanı gətirməyə can atdığı bir vaxtda, bu iki bir-birinə daban-dabana zidd dövlətin “Dağlıq Qarabağ” ifadəsinin yenidən “dirildilməsi” məsələsində eyni mövqedən çıxış etməsi həm misilsiz dərəcədə riyakarlıq nümunəsidir, həm də dünyanın bütün ermənipərəst dairələrini siyasi-ideoloji baxımdan fərqli cinahlarda təmsil olunmalarından asılı olmayaraq eyni mövqenin, eyni xəttin birləşdirdiyini göstərir.

Jean Noel Barronun və Rusiya televiziyasının eyni vaxtda və eyni amacla yol verdikləri “Dağlıq Qarabağ” təxribatı heç şübhəsiz ki, radikal-millətçi, revanşist ermənilərdə böyük eyforiya doğurub. Həmçinin rusiyapərəst erməni KİV-ləri və blogerləri də “Birinci Kanal”ın erməni separatizmi təşviq edən “Dağlıq Qarabağ” narrativini tirajlamasından sevincək olublar. Mən son günlər sosial şəbəkələrin erməni seqmentində bu mövzunun xüsusi canfəşanlıqla gündəmdə saxlanmasını, tirajlanmasını müşahidə edirəm. Bütün bunlar bir daha onu göstərir ki, “Birinci Kanal”ın bu təxribatı əsla təsadüfi “xəritə xətası” deyil. Birbaşa Kremlə bağlı olan və oradan direktivlər alan dövlət televiziyasının efirində heçnə təsadüfi şəkildə yayımlana bilməz.

Bu təxribatın arxasında ilk növbədə iki əsas məqam dayanır. Belə ki, bir tərəfdən parlament seçkiləri ərəfəsində Ermənistanda revanşist əhval-ruhiyyəni qızışdırmaq və bununla da R.Köçəryanın dəstəkçilərinin sayını süni surətdə artırmaq məqsədi güdülür. Digər tərəfdən isə, kimlərsə bu yolla Azərbaycan-Rusiya münasibətlərini yenidən gərginləşdirməyi hədəfləyiblər. Rusiyanın dövlət televiziyasının Azərbaycan-Rusiya münasibətlərinin ruhuna və dinc qonşuluq münasibətlərinə açıq şəkildə zidd mövqe tutması doğrudan da qəbuledilməzdir. Kreml bu cür məsuliyyətsiz və qərəzli yanaşmaların təkrarlanmaması üçün lazımi tədbirlər görməlidir.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Comments are closed.

Tərcümə »