Heydər Əliyev milli həmrəyliyi Azərbaycan xalqının varlığının, müstəqilliyinin və gücünün əsas dayağı kimi formalaşdıra bildi
Tarix Azərbaycanı dəfələrlə ağır sınaqlarla üz-üzə qoyub. 20-ci əsrin 90-cı illərinin əvvəlləri də xalqımızın taleyindən qırmızı xətt kimi keçən ən keşməkeşli dövrlərdən biri kimi yadda qalıb. Həmin vaxt Azərbaycan bir tərəfdən öz dövlət müstəqilliyini bərpa etmək fürsətini qazanmışdı, lakin eyni zamanda, digər tərəfdən isə elə həmin müstəqilliyi yenidən itirmək, parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Ölkədə hökm sürən siyasi böhran, vətəndaş qarşıdurması və xaos dövlətçiliyimizi ciddi təhlükə altına salmışdı. Ölkəmizin belə bir ağır və kritik durumunda həm xalq tərəfindən, həm də AXC-Müsavat iqtidarı tərəfindən hakimiyyətə təkrar dəvət edilən Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas etdi. Bəli, məhz təcrübəli dövlət adamı, müdrik siyasi xadim Heydər Əliyevin qətiyyətli addımları, siyasi iradəsi və uzaqgörənliyi sayəsində Azərbaycan 90-cı illərin əvvəllərində parçalanmaq təhlükəsinin bir addımlığından, kandarından geri döndü, ölkədə sabitlik və dövlət idarəçiliyi bərpa olundu, milli birlik və həmrəylik yönündə zəruri addımlar atıldı.
Ona görə də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının tarixi yaddaşında yalnız böyük dövlət xadimi kimi, xilaskar kimi deyil, həm də milli həmrəyliyin rəmzi kimi qalır. Onun siyasi fəaliyyəti və rəhbərlik etdiyi dövr milli birliyin möhkəmlənməsinə, xalqın öz milli kimliyini qoruyaraq müasir dünyaya inteqrasiya etməsinə yol açan fədakar xidmət dövrü kimi yadda qalıb. Heydər Əliyev milli həmrəyliyi Azərbaycanın müstəqilliyinin və inkişafının təməl şərti hesab edirdi. O, hər zaman vurğulayırdı ki, xalqın gücü onun birliyindədir. Bu birlik yalnız siyasi deyil, həm də mədəni, mənəvi və sosial sahələrdə özünü göstərməli idi. Məhz bu məqsədlə də Ulu Öndər müasir beynəlxalq şərtlər daxilində milli həmrəyliyin ideoloji əsaslarını formalaşdırdı.
Çətin dövrlərdə xalqı birləşdirmək, tək amal uğrunda cəm etmək elə də asan deyil. Daha doğrusu, bu, hər siyasi liderin müvəffəqiyətlə yerinə yetirə biləcəyi missiya deyil. Hamının özünü ağıllı zənn etdiyi, hər kəsin prezident olmağa can atdığı və heç kimin kimsənin “kitab”ını oxumaq istəmədiyi bir məqamda yalnız milli birliyin reseptini, düsturunu dərindən bilən bir lider bu çətin və şərəfli missiyanı yerinə yetirə bilərdi. Ulu Öndər Heydər Əliyev məhz belə bir lider idi. O, vətəndaş müharibəsi həddinə gəlmiş və ümidsizlik girdabına düşmüş, müxtəlif siyasi firqələrə bölünmüş xalqımızı necə bir araya gətirməyin yolunu aydın görürdü.
Heydər Əliyevin yolu Milli Həmrəylik yolu idi. O, həmrəyliyi bizi bir yumruq kimi birləşdirən və yaxşı gələcəyə doğru apara bilən işıqlı bir yol hesab edirdi. Bu mənada Heydər Əliyevin siyasi irsi göstərir ki, milli həmrəylik yalnız tarixi bir şüar deyil, həm də gələcəyə aparan “yol xəritəsi”dir. 1990-cı illərin mürəkkəb siyasi burulğanlarında öz qayıdışı ilə Azərbaycanı parçalanmaq təhlükəsindən xilas edən Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində müxtəlif siyasi qüvvələr, ictimai təşkilatlar və xalqın geniş təbəqələri ümumi məqsəd – dövlətçiliyin qorunub saxlanması və möhkəmləndirilməsi ətrafında birləşdi. Ulu Öndərin yaratdığı siyasi sabitlik və milli birlik müasir Azərbaycanın inkişafı üçün möhkəm və etibarlı zəmin hazırladı. Beləliklə, Heydər Əliyev milli həmrəyliyi Azərbaycan xalqının varlığının, müstəqilliyinin və gücünün əsas dayağı kimi formalaşdıra bildi.
Milli həmrəylik hər bir dövlətin sabitliyi və inkişafı üçün zəruri şərtdir. Azərbaycan tarixində bu ideyanın dövlət siyasətinə çevrilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. O, milli həmrəylik konsepsiyasını yalnız siyasi şüar kimi deyil, praktik dövlət idarəçiliyinin əsas prinsipi kimi formalaşdırıb, birlik və həmrəylik ideyasını Azərbaycan dövlətçiliyinin əsas sütunlarından birinə çevirib, xalqın birliyini müstəqilliyin qorunması və inkişafı üçün ən zəruri strateji amil kimi təqdim edib. Ulu Öndərin həmrəylik siyasəti həm ölkə daxilində, həm də dünya azərbaycanlıları arasında milli birliyin möhkəmlənməsində mühüm rol oynayıb. Onun ideyaları bu gün də xalqı birləşdirən və gələcəyə doğru inamla aparan “yol xəritəsi” kimi müasir Azərbaycan dövlətçiliyinin inkişaf strategiyasının ideoloji əsasını təşkil edir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.