“Kanalın hər metri bizimdir” – Panamadan Trampa sərt cavab

Panama hakimiyyəti Donald Trampın okeanlararası kanala nəzarətin müzakirəsinin mümkünlüyü barədə bəyanatlarını rədd edərək, Panama kanalının ölkənin suverenliyi altında qalacağını bildirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Panama xarici işlər naziri Xavyer Martines-Aça Vaskes Panama kanalının suverenliyinin müzakirə oluna bilməyəcəyini vurğulayıb. Onun bəyanatı ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın dünyanın əsas gəmiçilik marşrutlarından birinə nəzarətlə bağlı Panama hakimiyyəti ilə danışıqların guya davam etdiyini açıqlayan sözlərinə cavab olub.

“Kanalımızın suverenliyi müzakirə oluna bilməz və bizim mübarizə tariximizin bir hissəsidir”, – deyən nazir Panama hökumətinin ABŞ-nin yeni administrasiyası ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb.

Panama prezidenti Xose Raul Mulino da Panama kanalının və ətraf ərazilərin tamamilə ölkəyə aid olduğunu daha əvvəl təsdiqləyib.

Mulinonun sözlərinə görə, “kanalın hər kvadrat metri” Panama olub və elə də qalacaq.

Xatırladaq ki, Tramp son bir ayda bu məsələyə dair artıq üçüncü dəfədir ki, mövqe bildirir.

Comments are closed.

Tərcümə »