100 fələstinli Rəfahdan Özbəkistana təxliyə edilib

100 yaralı fələstinli qadın və uşaq, onları müşayiət edən şəxslərlə birlikdə Rəfahdan müvəqqəti olaraq Özbəkistana təxliyə edilib.

Musavat.com Gazeta.uz-a istinadla xəbər verir ki, bu barədə Misirin “Ahram” xəbər saytına Özbəkistanın Misirdəki səfiri Mansurbek Kılıçov məlumat verib.

Məlumatda deyilir ki, təxliyə əməliyyatı prezident Şavkat Mirziyoyevin təşəbbüsü əsasında hər iki ölkənin səhiyyə nazirlikləri ilə birgə həyata keçirilib.

Kılıçovun sözlərinə görə, təxliyə edilən fələstinlilər vətənlərinə qayıdana qədər Özbəkistanda qalacaqlar. Onlar müalicə və sağlamlıqlarının bərpası üçün reabilitasiya mərkəzlərinə və xəstəxanalara yerləşdiriləcək.

Səfir bildirib ki, Özbəkistan hökuməti onların ölkədə qalması üçün bütün lazımi şəraiti, o cümlədən yaşayış, yemək, uşaqların təhsil almaq imkanı və digər zəruri resursları təmin edəcək.

Mansurbek Kılıçov xatırladıb ki, noyabrda prezident Şavkat Mirziyoyev Fələstin məsələsi ilə bağlı fövqəladə Ərəb-İslam sammitində çıxış edərkən Fələstin ərazilərində hərbi əməliyyatların dayandırılması və təhlükəsiz humanitar dəhlizlərin təmin edilməsinin vacibliyini vurğulayıb. Dövlət başçısı həmçinin Daşkəndin yaralı fələstinli qadın və uşaqları müalicə və reabilitasiya üçün qəbul etməyə hazır olduğunu bəyan edib.

Ötən ilin noyabrında prezident Qəzza zolağında fələstinli qaçqınlara kömək məqsədilə Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərq üzrə Agentliyinə (UNRWA) 1,5 milyon dollar ayrılması haqqında sərəncam imzalayıb.

Rəfah Qəzza zolağının cənubunda Misirlə həmsərhəd bir şəhərdir və burada müharibə başlayandan bəri anklavın şimal və mərkəzi hissələrindən olan 1 milyondan çox fələstinli qaçqın sığınacaq tapıb.

Comments are closed.

Tərcümə »