ABŞ-ın vitse-prezidenti Kamala Harris “Ipsos” və “Reuters”in keçirdiyi milli sorğuda Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampı 2% qabaqlayıb.
Sorğuda iştirak edən amerikalı seçicilərin 44%-i Harrisi, 42%-i isə Trampı dəstəkləyib.
Sorğu iyulun 22-23-də ABŞ-ın hazırkı prezidenti Co Baydenin prezidentlik yarışından çıxdığını elan etdikdən və onun yerinə Harrisin namizədliyini dəstəklədikdən sonra keçirilib.
Son sorğuya görə, qeydiyyatdan keçmiş seçicilərin 56%-i 59 yaşlı Harrisin “kəskin zehni və problemləri həll etmək qabiliyyətinə malik olduğuna” inanır. Respondentlər arasında 78 yaşlı Tramp haqqında eyni düşünənlərin sayı 49% təşkil edib.
Sorğuda iştirak edən Demokrat seçicilərin 91%-i Harris haqqında müsbət fikirdədir. Onlardan dörddə üçü Demokratların Kamala Harrisin namizədliyini dəstəkləməsi ilə razılaşıb.
Sorğuda seçicilərə Harris və Trampdan başqa prezidentliyə müstəqil namizəd Robert Kennedinin də daxil olduğu səsvermə bülleteni də göstərilib. Harrisi seçicilərin 42%-i, Trampı isə 38%-i dəstəkləyib. Kennedi respondentlərin 8%-nin dəstəyini qazanıb.
Qeyd edək ki, bir gün əvvəl, iyulun 23-də Tramp Kamala Harrisin Demokratların namizədi olacağı təqdirdə onunla bir neçə debat keçirməyə hazır olduğunu söyləyib.
Harris Viskonsin ştatının Miluoki şəhərində keçirdiyi ilk mitinqdə Trampın 21-ci əsrdə ölkəyə rəhbərlik etməyə yaraşmadığını deyib. Onun sözlərinə görə, ABŞ-ın hazırkı seçki kampaniyası ölkəyə iki fərqli baxış təqdim edir: onlardan biri gələcəyə, digəri isə keçmişə yönəlib.
“Biz azadlıq, mərhəmət və qanunun aliliyi ölkəsində, yoxsa xaos, qorxu və nifrət ölkəsində yaşamaq istəyirik?” – deyə Kamala Harris mitinq iştirakçılarına bu sözlərlə səslənib.\\musavat\\