Türkiyə bildirib ki, onun Akıncı dronu mayın 19-da İranın Şərqi Azərbaycan ostanında qəzaya uğramış helikopterin qalıqlarının tapılmasında müstəsna rol oynayıb.
Bu qəzada İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahian, habelə bir sıra başqa İran rəsmiləri həlak olublar.
Türkiyə mediası Akıncı dronunun qəza yerini ilk olaraq aşkar etdiyini yazır və İranı sonradan bunu danmaqda ittiham edir. Tehran iddia edir ki, qəza yerini onun öz qüvvələri və vasitələri aşkar ediblər.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu həftənin əvvəllərində demişdi ki, sözü gedən dron axtarış üçün İran tərəfinin ricası ilə göndərilib.
Ərdoğanın sözlərinə görə pis hava şəraitinə baxmayaraq Türkiyə dronu qəza regionunda 7 saat yarım axtarış aparıb və toplam 2100 kilometr məsafə qət edib.
Türkiyə mediasının məlumatına görə Akıncı dronu helikopterin qəza yerini və “istilik mənbəyini” tapdıqdan sonra İranın axtarış komandası həmin ərazidə helikopterin qalıqlarını və həlak olanların cəsədlərini aşkar edib.
Lakin Akıncı dronunun koordinatları İran hakimiyyət orqanlarına ötürməsinə rəğmən Tehran hazırda israr edir ki, axtarışda heç bir xarici iştirak olmayıb.
İran Qırmızı Ayparası sözünü dəyişir
Akıncı dronu qaranlıqda görmə avadanlığından istifadə vasitəsilə çəkilmiş fotoları internetə yüklədikdən sonra İran Qırmızı Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kolivənd axtarışda xaricilərin iştirak etməsi barədə xəbərləri “şayiə” adlandırıb.
Kolivənd iddia edib ki, helikopterin qalıqlarını və qəza yerini İranın öz dronu aşkar edib.
O israr edir ki, Qırmızı Ayparanın xilasediciləri 2500 metr yüksəklikdə qəza yerini müəyyənləşdirdikdən sonra axtarışçıların ora çatması üçün 40 dəqiqə vaxt lazım gəlib.
Halbuki axtarışın davam etdiyi gecə İran Qırmızı Ayparası mayın 20-də səhər saat 4-də verdiyi məlumatda “iki istilik mənbəyinin” Türkiyə dronu tərəfindən aşkar olunduğunu bildirmişdi.
Şərqi Azərbaycan ostanı Qırmızı Aypara Cəmiyyətinin məlumatında da “yanmış nöqtələrin” Türkiyə dronu tərəfindən tapıldığı bildirilmişdi.
Türkiyə mediası yazır ki, İran Türkiyənin dron göndərilməsi üçün təklifini qəbul etdikdən sonra Akıncı dronu Türkiyədəki bazadan axşam saat 11:30-da havaya qalxıb və bir saat sonra axtarışa başlayıb.
Türkiyə iddia edir ki, dron İran vaxtı ilə səhər saat 3:06-da helikopter qalıqlarının təsvirlərini İranın hakimiyyət orqanlarına göndərib.
İran hərbiyyəsi təkzib edir
Lakin İran mediasında yer alan iddialara görə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Qüds qüvvələrinə aid dron helikopterin qalıqlarını yerli vaxtla saat 05:30-da aşkar edib.
İran hərbiyyəsinin yaydığı bəyanatda deyilir ki, Türkiyənin gecə görüntüsü və termal kameralarla təchiz olunmuş dron göndərməsinə baxmayaraq Akıncı PUA-sı aşkarlama cihazlarının olmaması səbəbindən qəza yerini dəqiq aşkar edə bilməyib.
İran radiosu bildirib ki, “səhər saat beşdə İran texniki vasitələri ilə aşkarlanmış koordinatların köməyi ilə dəqiq qəza yeri müəyyənləşdirilib”.
İran hərbiyyəsi bunu da bildirir ki, ölkənin öz dron proqramının olmasına baxmayaraq, öz dronunu dərhal göndərə bilməyib, çünki həmin vaxt onun dronları Hind okeanının şimal hissəsində olublar.
Qərb ölkələri Tehranı Rusiyanı Ukrayna müharibəsində istifadə etmək üçün ölümcül dronlarla təchiz etməkdə günahlandırırlar.(Azadlıq Radiosu)