MHP Türk dünyasını təbrik edib

0

Bu da həmin tarixi an! Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müstəqillik Günündə və İstanbulun fəth günündə – 28 mayda siyasətin Zirvəsini yenidən fəth etdi, seçkilərin birinci turunda olduğu kimi, ikinci turunda da qələbə qazandı.

Bu seçkilər Türk xalqının, Cümhur İttifaqının və şəxsən Rəcəb Tayyib Ərdoğanın dünyaya, xüsusən də imperialist güclərə əsl demokratiya dərsi oldu. Mən deyərdim ki, Türkiyədə baş tutan bu cür demokratik seçki gerçəkliyi hətta Qərb ölkələrinin demokratik seçki ənənələrini də kölgədə qoydu. Beləliklə, Ərdoğan dunyaya örnək olan demokratik seçki mübarizəsi ilə ona qarsı çıxan güclərə öz qələbəsini yedizdirə bildi. Ona görə də indi Avropa İttifaqının liderləri ard-arda Ərdoğanı təbrik edirlər. Hətta Türkiyənin ən qatı düşmənlərindən biri sayılan Fransa prezidenti Emmanuel Makron da Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində qələbə qazanması münasibəti ilə təbrik edərək, “Ərdoğanla birlikdə irəliləməyə davam edəcəyik” bəyanatını verdi. Bu isə Türkiyənin artıq qlobal aktor, Ərdoğanın bir dünya lideri olmasının açıqca etirafıdır.

Həm Türkiyə üçün, həm də bizim üçün taleyüklü seçki olan bu seçkilərdə hörmətli Ərdoğanın inamlı qələbəsi dostlarımızı sevindirdi, düşmənlərimizə isə gözdağı verdi. Bu qələbə Cənubi Qafqazda sülhün bərqərar olmasına mühüm töhfə verəcək və eləcə də Türk Dövlətləri Təşkilatının (TDT) daha sanballı, daha nüfuzlu siyasi, iqtisadi, hərbi gücə çevrilməsinə gətirib çıxaracaq. Türk dünyası üçün yeni bir çağ başlayacaq.

Milli Həmrəylik Partiyası olaraq biz bu parlaq, möhtəşəm qələbə münasibətilə cənab Ərdoğanı və bütün Türk xalqını, Türk dünyasını ürəkdən təbrik edirik. Bəli, bu seçkini təkcə Türkiyə yox, bütün Türk dünyası qazandı. Bu seçkinin nəticələrini təkcə Türkiyə vətəndaşları yox, Azərbaycan xalqı da, bütün Türk dünyası da səbrsizliklə gözləyirdi. Ona görə də bu qələbə hamımızın ümumi qələbəmizdir.

“Bir millət, iki dövlət” anlayışı ilə birlikdə böyük hədəflərə üz tutan Türkiyə və Azərbaycan bundan sonra da dünyada və bölgədə öz mövqelərini daha da möhkəmləndirəcək. Azərbaycan-Türkiyə strateji müttəfiqliyi hələ çox uğurlara imza atacaq. Bizim birliyimiz, qardaşlığımız bənzərsizdir. Dövlət başçılarımızın dostluğu, qardaşlığı da çox möhtəşəmdir. Allah birliyimizi daim sarsılmaz, qardaşlığımızı həmişə müvəffəq eyləsin!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »