Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi qlobal dialoqa, qarşılıqlı anlaşmaya, sülh və əməkdaşlığa böyük töhfə verə bilər

Bu gün paytaxtımız daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi etdi. Söhbət Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan gedir. Forumun mövzusu günümüz üçün olduqca aktualdır: “Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülərin qurulması”. Azərbaycan Prezidenti İlham Əliyev forumun açılış mərasimində etdiyi çıxışında həm regional, həm də beynəlxalq miqyasda bir çox önəmli məqamlara toxundu, hazırda artmaqda olan sürətli geosiyasi qütbləşmə şəraitində beynəlxalq dialoqun əhəmiyyətini vurğuladı, qlobal təhlükəsizlik böhranından çıxış yollarını göstərdi.

Dövlətimizin başçısı Azərbaycanın tarixən və hər zaman çoxmədəniyyətli ölkə olduğunu, bizim Avropa ilə Asiya arasında yerləşən və əsrlər boyu bu iki böyük qitə arasında mədəniyyət, həyat körpüsü olduğumuzu forum iştirakçılarının diqqətinə çatdırdı. O, həmçinin bu gün meydana çıxan yeni müharibələr şəraitində, Azərbaycanın təcrübəsinin sözügedən müharibələrin dayandırılmasına xidmət edə biləcəyini vurğuladı: “Biz müharibədən qalib çıxdıq və bizim mübarizəmiz düzgün idi. Düşmən kapitulyasiya etdikdən sonra biz bundan o tərəfə getmədik, dayandıq və sülh təklif etdik”. Bu təcrübəyə nəzər salınmalı olduğunu və müharibə tərəflərinin bunu tədqiq etməli olduqlarını deyən Prezident İlham Əliyev bildirdi ki, bizim qurduğumuz mövcud presedent bəzi münaqişələrin aradan qaldırılmasına da xidmət edə bilər.

2024-cü ildə keçirilən son Forumu xatırladığını bildirən dövlətimizin başçısı həmin tədbirdə də qlobal gündəliyin mühüm məsələlərinin müzakirə edildiyini, lakin ötən iki il ərzində bir çox məsələlərin müsbət və mənfi istiqamətlərdə necə dəyişdiyini qeyd etdi. Mənfi məqamlar sırasında yaxınlığımızda yeni müharibələrin başlanmasını vurğulayan Azərbaycan Prezidenti, müsbət məqamlardan biri kimi Ermənistanla sülhün əldə olunmasını göstərdi və sülh sazişinin ötən ilin avqustunda paraflandığını xatırlatdı: “Sazişin harada paraflanması da çox rəmzi məna daşıyır. O, Vaşinqtonda, Ağ Evdə, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə paraflanıb. Azərbaycan və Ermənistanın xarici işlər nazirləri fikir ayrılığına dair sənədi deyil, sülh sazişinin paraflanmış mətnini ABŞ Prezidentinin qarşısında imzalayıblar. Bununla yanaşı, Birgə Bəyannamə də imzalanıb. ABŞ Prezidenti həmin sənədi şahid qismində imzalayıb. Beləliklə, biz yalnız ədaləti bərpa etməklə və ərazilərimizi azad etməklə kifayətlənmədik, həm də Cənubi Qafqazda müstəqil Cənubi Qafqaz dövlətlərinin tarixində əvvəllər mövcud olmayan tamamilə yeni bir vəziyyət yaratdıq. Üstəlik, bu yeni reallığı Ağ Evdə rəsmiləşdirdik”.

Dövlət başçısının bu fikirləri bir daha məlum həqiqəti təsdiqləyir ki, Azərbaycan həm BMT Təhlükəsizlik Şurasının qətnamələrini öz gücü hesabına icra edən, həm də postmünaqişə mərhələsində sülh və regional əməkdaşlıq gündəliyini irəli sürən bir ölkədir. Bu, yeni dünya düzəninin formalaşmaqda olduğu indiki qlobal geosiyasi təlatüm şəraitində və bir dövlətin istənilən dövlətə qarşı heç bir BMT qərarı olmadan hücum edə bildiyi total xaos, hərcmərclik zamanında olduqca önəmli məqamdır. Azərbaycandan fərqli olaraq bu gün heç də hər bir dövlət sülhə can atmır. Məhz buna görə də Azərbaycanın sülhyaratma təcrübəsi qlobal təhlükəsizliyin və sabitliyin təmin edilməsinə həqiqətən də böyük töhfə verə bilər. Bu mənada, Prezident İlham Əliyevin forumda səsləndirdiyi fikirlər hərb və sülh dilemması ilə üzləşən bütün ölkələr üçün “yol xəritəsi” ola bilər: “Müharibəyə başlamaq çox asandır, onu bitirmək isə çox çətindir. Qələbə qazanmaq da çox çətindir. Ona görə də hesab edirəm ki, Azərbaycanın təcrübəsi, – ədalətli müharibədə Qələbə qazanmağımız, məğlub tərəfin kapitulyasiya etməsi, bundan sonra isə irəli getməyərək dayanmaq, – lazım olan məqamda dayanmağımız və sülh təklif etməyimiz mühüm əhəmiyyət daşıyır. Hesab edirəm ki, hazırda müharibə aparan və yəqin ki, ona necə son qoyacaqlarını bilməyən tərəflər bu təcrübəni öyrənməlidirlər. Fikrimcə, yaratdığımız presedentlərdən hansılarının bəzi münaqişələrin həllində istifadə oluna biləcəyini müəyyənləşdirmək baxımından təcrübəmiz çox dəyərli olacaqdır. Bəli, doğrudur, bütün münaqişələr bir-birindən fərqlənir. Lakin onların hamısının kökündə eyni amillər dayanır. Bunlar ambisiyalar, təcavüz və üstünlük hissidir. Bu, həm də hücum etdiyin insanlara qarşı törətdiyin əməllərə görə cəzalandırılmayacağına əminlik hissidir. Təəssüf ki, bəzən bu vəziyyət sonsuza qədər davam edir. Bizim vəziyyətimizdə bu, 30 il sürdü, lakin biz buna son qoyduq. Qeyd etdiyim kimi, hər şeyi beynəlxalq hüquqa uyğun şəkildə etdik”.

Forumdakı çıxışında dövlət başçısı həmçinin müharibələrin dayandırılması üçün beynəlxalq təşkilatların qərarlarının icra mexanizminin vacib olduğunu, lakin bizim isə bu məsələdə uzun illər beynəlxalq birliyin ikili standartlarından əziyyət çəkdiyimizi, eyni zamanda, cəmiyyətimizin bu ikili standartları qətiyyətlə rədd etdiyini və ikili standartlara qarşı həmişə mübarizə apardığımızı qonaqların diqqətinə çatdırdı: ” Nəzərə alınmalı olan digər bir məsələ beynəlxalq təşkilatların qərarlarının icra mexanizmidir. Hazırda bir çoxları Birləşmiş Millətlər Təşkilatında islahatlardan danışır. Təfərrüatlara çox varmaq istəmirəm, lakin hesab edirəm ki, mühüm məsələlərdən biri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmi olmalıdır. Qeyd etdiyim kimi, biz 30 il bu vəziyyətlə üzləşmişik. BMT Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının azad olunmasını tələb edən dörd qətnamə qəbul etmişdi. Onlar icra olunmadı. Onların icrasını təmin edən mexanizm yox idi. Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmədi. İndi isə ətrafımıza baxanda hər yerdə sanksiyalar görürük. Azərbaycandan şimala və cənuba baxdıqda yüzlərlə sanksiyanın tətbiq olunduğunu görürsünüz. Lakin Ermənistana qarşı sanksiya tətbiq edilmədi. Bu isə ikili standartlar məsələsidir. Bu, ikili standartlardan başqa bir şey deyil. Biz siyasətdə ikili standartlara qarşı həmişə mübarizə aparmışıq və bundan sonra da mübarizə aparacağıq. Bu, xarici siyasətimizin mühüm istiqamətlərindən biridir. Çünki biz ikili standartlardan əziyyət çəkmişik və hələ də onların təsiri ilə üzləşirik. Əlbəttə, indiki vəziyyətimizlə bağlı “əziyyət çəkmək” ifadəsi bəlkə də çox sərt səslənir. Əslində, biz artıq əziyyət çəkmirik. Çünki istədiyimizə nail olmuşuq və öz torpağımızda azad yaşayırıq. Bununla belə, beynəlxalq siyasətdə ikili standartlar siyasəti tamamilə aradan qaldırılmalıdır. Cəmiyyətimiz ikili standartları qətiyyətlə rədd edir”.

Prezidentin çıxışında beynəlxalq təşkilatlara, supergüclərə yönələn digər tənqidi məqam isə ikili standartların daha bir təzahür forması ilə bağlı oldu. Söhbət beynəlxalq təşkilatların, böyük güclərin müstəqil dövlətlərə necə yaşamaq, nəyi etmək, nəyi etməmək yönündə yol göstərməyə, dərs verməyə cəhd göstərmələrindən gedir: “İkili standartlar, həmçinin onunla bağlıdır ki, kimsə sizə həyat tərzi ilə bağlı dərs deməyə çalışır. Bunu etməzdən əvvəl siz güzgüyə baxmalısınız, özünüzdən soruşmalısınız ki, sizin kiməsə mühazirə oxumağa, müstəqil bir ölkəyə necə yaşamalı olduğunu, nə etməli və nə etməməli olduğunu diktə etməyə mənəvi haqqınız varmı?”. Öz sualını özü cavablandıran dövlətimizin başçısı qeyd etdi ki, “müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək dərsləri verilməli deyil. Biz bunu bilirik. Biz diqqətimizi daha çox öz ev tapşırığımıza yönəltməliyik. Digər ölkələrdə baş verənlər o insanların, o xalqların öz işidir, bu, bizim işimiz deyil. Biz də özümüzə qarşı eyni münasibəti gözləyirik və buna nail oluruq”.

Eyni zamanda, dövlətimizin başçısının səsləndirdiyi fikirlərdən gəlinən nəticələrdən biri də budur ki, istər 44 günlük müharibə zamanı cəmiyyətimizin göstərdiyi birlik və həmrəylik, istərsə də postmüharibə dövründə ölkənin sabit inkişafının əsas səbəblərindən biri kimi cəmiyyətdəki ahəngdarlıq da daxili və regional münaqişə vəziyyətində olan ölkələr üçün müsbət nümunə ola bilər: “Azərbaycanın uğurlu və sabit inkişafının təməlində dayanan əsas səbəblərdən biri cəmiyyətimizdəki ahəngdarlıqdır. Bütün etnik qrupların, dinlərin nümayəndələrinin Konstitusiyamıza uyğun olaraq, nəinki bərabər hüquqları var, onlar, həmçinin bir ailə kimi yaşayırlar. Biz həmrəylik, qarşılıqlı hörmət və anlaşmanın ən yüksək səviyyəsini həqiqətən hiss edirik. Hamımız milli ideyalar ətrafında birləşirik. Onlardan biri azərbaycançılıqdır. O, Azərbaycandakı bütün xalqları bir araya gətirir. Bu birlik müstəqillik tariximizin ən ağır vaxtlarında özünü göstərib”.

Cənab Prezident sözügedən birlik və həmrəyliyin həmçinin 30 ilə yaxın davam edən işğal dövründə də, eləcə də 44 günlük İkinci Qarabağ müharibəsi zamanı da bütün etnik və dini qrupların bir yumruq kimi birləşməsində özünü göstərdiyini xüsusi olaraq vurğuladı: “Ermənistanın hərbi təcavüzü və işğalı, həmçinin İkinci Qarabağ müharibəsi zamanı bütün etnik və dini qrupların nümayəndələri özünəməxsusluğumuzu qorumaq, ədaləti müdafiə etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün Qələbəmizin rəmzi olan Dəmir yumruq kimi vuruşdular. Beləliklə, birliyin bu cür böyük təzahürü bir daha cəmiyyətimizin durumunu göstərir. Bir daha deyirəm ki, əgər bizdə – Azərbaycanda yaşayan bütün xalqlar arasında qarşılıqlı hörmət, əhatəliliyin real platforması olmasaydı, biz heç zaman uğur qazana bilməzdik. Çox fərəhlənirik ki, həmin dəyərləri əsrlər boyu qoruyub saxlaya bilmişik”.

Azərbaycanda hər hansı daxili risklərin olmadığını və bütün potensial risklərin məhz kənardan gəldiyini vurğulayan Prezident İlham Əliyev, bu gün Azərbaycan cəmiyyətinin bütün məsələlər üzrə birlik nümayiş etdirdiyini, lakin bununla yanaşı hər zaman ayıq-sayıq olmağımızın vacibliyini də diqqətə çatdırdı: “Müstəqillik illərində biz nəinki öz ənənələrimizi, öz həyat tərzimizi qoruyub saxladıq, o cümlədən onları gücləndirdik. Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlərdə birliyini nümayiş etdirir. Bir neçə dəfə qeyd etdiyim kimi, bizim Azərbaycanda hər hansı daxili risklərimiz yoxdur. Bütün potensial risklər hüdudlarımızın kənarından gəlir. İdeoloji risklər isə fiziki risklər qədər təhlükəlidir. Buna görə biz hər zaman ayıq-sayıq olmalıyıq, özünəməxsusluğumuzun, dövlətçiliyimizin, müstəqilliyimizin və həyat tərzimizin qorunmasına çox sadiq olmalıyıq”.

Hər hansı hörmətsizlik əlaməti, əsassız üstünlük hissinin istənilən təzahürü, həmçinin kiminsə nə isə diktə edə biləcəyi barədə əsassız düşüncələrin müqavimətlə və çox qətiyyətli mövqe ilə qarşılanması. İkili standarların və münaqişələrin qarşısının alınması üçün, eləcə də qlobal təhlükəsizliyin təmin olunması üçün bu amillər də vacib şərtlərdir. Prezident İlham Əliyev çıxışında Azərbaycanın bu təcrübəsini optimal model kimi irəli sürdü: “Hər hansı hörmətsizlik əlaməti, əsassız üstünlük hissinin istənilən təzahürü, həmçinin kiminsə bizə nə isə diktə edə biləcəyi barədə əsassız düşüncələr tərəfimizdən müqavimətlə və çox qətiyyətli mövqe ilə qarşılanıb, bundan sonra da belə olacaqdır. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət beynəlxalq davranışın bu əsas qaydaları üzərində razılığa gələrsə, münaqişələrin və problemlərin sayı azalacaq, qarşılıqlı fəaliyyət isə genişlənəcəkdir. Ən azından biz məsələyə belə yanaşırıq”.

Cənab Prezident həmçinin ölkəmizi müharibədən, dağıntılardan, işğaldan, iqtisadi böhran və yoxsulluqdan tərəqqiyə, inkişafa və uğurlara doğru yol keçmək baxımından uğurlu rol-model kimi göstərdi. O qeyd etdi ki, Azərbaycanda bu 35 il ərzində əldə olunan bütün nailiyyətlər Azərbaycan xalqının öz zəhməti sayəsində mümkün olmuşdur. Biz heç bir beynəlxalq yardım almamışıq. Dağıntılardan, işğaldan, geniş yayılmış yoxsulluqdan tərəqqiyə, inkişafa və uğurlara doğru yol keçmişik. Bəli, bu gün Azərbaycan qeyri-sabit regionda sabitliyin dayağı kimi qəbul edilir. Eyni zamanda, müstəqil siyasətimiz ölkəmizə böyük hörmət qazandırıb. Bu gün Azərbaycanın xarici siyasətinə, iqtisadi göstəricilərinə, qlobal enerji və nəqliyyat bazarlarındakı roluna nəzər salsanız, ölkəmizin rolunun son dərəcə sürətlə artdığını görmək mümkündür.

Eyni zamanda, dünyanın müxtəlif bölgələrində davam edən münaqişələr, etimad böhranı, dini və etnik dözümsüzlük, artan qütbləşmə vəziyyəti hökm sürür. Həm cənub, həm də şimal qonşumuz (İran və Rusiya) davamlı müharibə, münaqişə vəziyyətindədir. Belə bir kritik durumda beynəlxalq dialoqun əhəmiyyəti sözsüz ki, daha da artır. Bu baxımdan, Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi qlobal dialoqa, qarşılıqlı anlaşmaya, sülh və əməkdaşlığa həqiqətən də böyük töhfə verə bilər. Müharibə vəziyyətində olan ölkələr İlham Əliyevin Bakıdakı dialoq platformasında səsləndirdiyi rasional fikirlərdən, təkliflərdən yararlanmağa çalışmalıdırlar.
Əlisahib Hüseynov

Milli Həmrəylik Komitəsi sərdi

Comments are closed.

Tərcümə »