MHP sədri Müstəqillik Günü münasibətilə xalqımızı təbrik edib

0

MHP sədri Müstəqillik Günü münasibətilə xalqımızı təbrik edib

Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov 28 May – Müstəqillik Günü ilə bağlı Azərbaycan xalqına təbrik ünvanlayıb.

MHP mətbuat xidməti xəbər verir ki, təbrik məktubunda deyilir:

“Əziz həmvətənlər!

Sizi bütün Şərqdə, Türk dünyasında ilk dünyəvi, parlamentli dövlət quruluşuna malik olan Azərbaycan Demokratik Respublikasının (ADR) yaradılmasının 105-ci ildönümü, 28 May – Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik və rifah, ölkəmizə isə qalıcı sülh, daimi sabitlik və davamlı tərəqqi arzulayıram.

Cümhuriyyətin yaradılması bizim dövlətçilik tariximizdə bir çox aspektdən mühüm mərhələ sayılır. İlk növbədə isə bu tarixi hadisə bizim xalqımızı bütün Türk-İslam aləmində ilk demokratik respublikanın qurucusu kimi önə çıxardı. Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoylu, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli və digər qurucu liderlərin yorulmaz səyləri nəticəsində yeni dövlətçiliyimizin əsası qoyuldu.

Ümummilli lider Heydər Əliyevin də qeyd etdiyi kimi müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycanda yaranması xalqımızın o dövrdə – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. Bu gün dünyada nüfuzu getdikcə artan Azərbaycan Respublikası da məhz Cümhuriyyətin varisi sayılır.

Müstəqilliyi qazanmaq çox çətindir, müstəqilliyi qoruyub saxlamaq isə ondan da çətindir. 1990-cı illərin əvvəllərində ölkəmizdə siyasi hərcmərcliyin, vətəndaş qarşıdurmasının, dərin iqtisadi böhranın hökm sürdüyü həddindən artıq çətin bir dövrdə məhz Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan öz müstəqilliyini qorumağı bacardı və dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi.

Müstəqil Azərbaycan son 20 ilə yaxın dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlara imza atır. İlham Əliyevin sərkərdəliyi ilə Zəfər savaşımız kimi yaddaşlara həkk olunan 44 günlük Vətən müharibəsi Azərbaycanın müstəqillik tarixinin ən möhtəşəm səhifələrindən birini təşkil edir. İndi Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız şəhidlərimizin qanıyla, əsgər və zabitlərimizin, qazilərimizin şücaəti ilə düşmən tapdağından azad edilən Qarabağda, Şərqi Zəngəzurda qürurla dalğalanır.

Bu gün ölkəmiz və xalqımız böyük hədəflərə köklənib. Ümid edirik ki, zamanla bütün tarixi torpaqlarımıza qovuşmaq və yenidən sahiblənməyimiz üçün əlverişli şərait yaranacaq, tarixi ədalət tam bərpa olunacaq. Azərbaycan Respublikası dünyadakı bütün azərbaycanlıların Vətəni kimi daha güclü və inkişaf etmiş bir ölkəyə çevriləcək. Qoy, Azərbaycanın dövlət müstəqilliyi əbədi və sarsılmaz olsun! Bayramınız mübarək olsun, əziz soydaşlar!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri”

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »