Türkiyəli tanınmış jurnalist İsmail Saymaz “Millət İttifaqı”nın dünənki – namizədin elan olunduğu toplantısında növbəti dəfə vəziyyətin gərginləşdiyini yazıb.
“Halk TV”nin saytında dərc olunan məqaləsində Saymaz kulis bilgilərini özəl mənbələrinə istinadən açıqlayıb.
Jurnalist qeyd edib ki, Ankara və İstanbul bələdiyyə sədrlərinin Akşenerlə görüşündən və onların vitse-prezidentliyi ilə tapılan ortaq siyasi formulanın qəbul edilməsindən sonra ittifaqa qayıdan İYİ Partiya sədrinin irəli sürdüyü şərt, partiya sözçüsü Kürşad Zorlunun “Millət İttifaqı”nın ortaq qərarı ilə mümkün ola biləcək məsələlər ətrafında açıqlamalar verməsi, ümumi toplantıdan əvvəl Kılıçdaroğlu və Akşener arasında baş-başa görüşün keçirilməsi “Millət İttifaqı”nın digər təmsilçilərinin narazılığına səbəb olub.
Saymazın iddiasına görə, İmamoğlu və Yavaşın vitse-prezidentliyi barədə müddəanın ortaq bəyanata daxil edilməsi üçün bütün partiyaların divanında müzakirələr aparılıb. Buna ən böyük etiraz divan iclasının çox uzun çəkdiyi Ali Babacanın DEVA Partiyasından gəlib.
Məqalədə hətta “Millət İttifaqı”nın toplantısında dava düşdüyü, səslərin yüksəldiyi qeyd olunub. Belə ki, Babacanla Akşener arasında bələdiyyə sədrlərinin vitse-prezidentliyi məsələsi üstündə gərgin mübahisə yaşanıb, tərəflər bir-birinin üstünə qışqırıblar.
Akşener “Yetər” deyərək bağırıb və şərtinin qəbul olunduğu üçün masaya qayıtdığını xatırladıb. “İstəyirsinizsə, yenidən çıxıb gedə bilərəm”, – iddiaya görə, o əlavə edib. Yazıda səs-küyün toplantı keçirilən otaqdan kənarda da eşidildiyi, Akşenerin sürücüsünün maşınını hazır vəziyyətə gətirdiyi də əksini tapıb.
Lakin Gələcək Partiyasının sədri Ahmet Davutoğlu son anda araya girərək siyasətçiləri sakitləşdirib, vəziyyəti yumşaltmağa müvəffəq olub. O, Akşenerin təklifini mətn halına salaraq 12-ci – sonuncu müddəa olaraq bəyanata daxil edib.
Bundan sonra toplantının keçirildiyi Səadət Partiyasının qərargahı qarşısında Kılıçdaroğlunun namizədliyi ictimaiyyətə elan olunub. Akşenerin kefsiz və əsəbi olduğunun üz ifadəsində və mimikalarında da əks olunduğuna diqqət çəkən Saymaz daha sonra 5 partiyanın sədri birgə axşam yeməyi yeməyə yollandığını, lakin İYİ Partiya sədrinin qərargahı tərk etdiyini əlavə edib.