“Rusiya daha da aranı qızışdırmağa çalışır”

0
Bütün bunlar isə onu göstərir ki, Rusiya tərəfi vasitəçi və zəmanətçi ölkə kimi 10 noyabr bəyanatını imzalamaqla tərəflər arasında münasibətlərin normallaşdırılmasını və yekun sülh sülh sazişinin imzalanmasını təmin etməyi bir öhdəlik kimi öz üzərinə götürsə də, lakin əsl həqiqətdə isə bu ölkə heç bir halda bölgəmizdə real sülhün bərqərar olunmasını istəmir. Bunun tam əksi olaraq Rusiya daha da aranı qızışdırmağa çalışır.
05 mart 2023-cü il tarixində Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının qarşısı alınarkən erməni tərəfinin təxribata əl atması nəticəsində hər iki tərəfdən yaralananlar və həyatını itirənlərin olmasına da ilk növbədə bu kontekstdən yanaşmalıyıq. Bu təxribat onu göstərir ki, Rusiya üçtərəfli Bəyanatın şərtlərinin yerinə yetirilməsində maraqlı deyil.
Belə bir vəziyyətin davam etməsi Rusiya sülhməramlılarının himayəçiliyi altına sığınmış erməni separatçılarına da sərf edir. Həmçinin Nikol Paşinyan da üzdə özünü sülh tərəfdarı kimi təqdim etməsinə baxmayaraq Üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Ermənistandan Qarabağdakı qeyri-qanuni erməni silahlı dəstələri üçün silah, sursat, təminat və digər hərbi vasitələrin daşınmasının davam etdirilməsinə göz yumur.
Lakin Kremlin və İrəvanın məsələyə necə yanaşmasından və onların hansı geosiyasi hədəflərə can atmasından asılı olmayaraq Üçtərəfli bəyanatın şərtləri mütləq yerinə yetirilməli, Ermənistan tərəfindən Azərbaycan ərazisinə hərbi təyinatlı yüklərin daşınmasına, Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin bizim ərazilərimizə göndərilməsinə və rotasiyasına dərhal son qoyulmalı, eləcə də bütün erməni silahlı qüvələri ölkəmizin ərazisindən tam çıxarılmalıdır.
Ermənistanın bu kimi əməlləri hərbi təcavüzün bir qədər başqa formada hələ də davam etdirilməsi anlamına gəlir. Bu isə o deməkdir ki, Rusiyanın sülhməramlı kontingenti öz üzərinə düşən vəzifəni yerinə yetirmir, Ermənistan isə bundan sui-istifadə edir. Lakin bu hal uzun müddət davam edə bilməz. Bu kimi qəbuledilməz hallara dərhal son qoyulmalıdır. Rusiya sülhməramlı kontingenti separatçılara himayəçilik etmək əvəzinə, üzərinə düşən vəzifələri yerinə yetirməlidir.
Burada bir digər önəmli məqam da ondan ibarətdir ki, Rusiya və Ermənistan bu kimi qəbuledilməz hərəkətləri ilə özlərinə qarşı ciddi inamsızlıq yaradır. Üçtərəfli bəyanatın icra olunmamasını sübut edən faktlar da bu inamsızlığı daha da qüvvətləndirir. Ermənistandan alternativ (torpaq) yollarla Qarabağa hərbi ləvazimatların, silah-sursatın daşınması Azərbaycan ərazilərində hələ də qanunsuz silahlı birləşmələrin olduğu faktını bir daha əyani təsdiqləyir.
Hətta bu gün ortaya çıxan videogörüntülər də göstərir ki, ermənilər Qarabağa qanunsuz hərbi texnika və sursat daşımalarını yenə də davam etdirir. Videokadrlarda qanunsuz erməni silahlı dəstələrin hərbi nəqliyyatının Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərəkət etdiyi görünür. Belə ki, Rusiya sülhməramlı kontingentinin 2 “UAZ Patriot” maşını, onun ardınca qanunsuz erməni silahlı birləşmələrinə məxsus “Ural” yük maşını və su çəni olan “KamAZ”, sonda isə üzərində Rusiya bayrağı olan BTR-82A zirehli maşınının hərəkəti videokadrlarda öz əksini tapıb.
Rusiya və Ermənistanın bu davranışları sözsüz ki, cavabsız qala bilməz. Bu son hadisələrdən sonra bizim hərəkətə keçməyimiz üçün tam əlverişli zəmin yaranıb. Belə ki, bir yandan həmin torpaq yolların hamısı tərəfimizdən aşkarlanmalı və ərazilərimizə qanunsuz silah daşınmasının, mina basdırılmasının qarşısının alınması üçün gərəkən bütün tədbirlər görülməlidir. Eyni zamanda isə Azərbaycan Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqələri qurmalıdır. Baş vermiş son hadisələrin məntiqi də bunu tələb edir. Rusiya sülhməramlılarının göz yumması nəticəsində və bir sıra hallarda isə hətta bilavasitə onların müşayiəti ilə Ermənistandan ölkəmizin suveren ərazilərinə qanunsuz hərbi texnika və yüklərin daşınması Laçın yolunda nəzarət rejiminin təmin edilməsini zəruriləşdirir.
Əks təqdirdə isə, biz öz ərazilərimizdə antiterror əməliyyatı keçirmək və 10 noyabr razılaşmasının şərtlərinə hərbi güc tətbiqi yoluyla nail olmaq hüququmuzu da özümüzdə saxlayırıq. Bu mənada Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında Ermənistana 2022-ci ilin avqust ayında Azərbaycan Ordusu tərəfindən həyata keçirilən “Qisas” əməliyyatının xatırladılması tamamilə düzgün addımdır. Həm Ermənistan hakimiyyətini, həm də Xankəndidə rus sülhməramlılarının qanadı altına sığınan erməni separatçılarını növbəti dəfə reallıq hissinə qaytarmağın vaxtı artıq yetişib.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »