Məhkəmə ədaləti bərqərar edən yerdən intiqam alma mərkəzinə çevilib. Xüsusilə də etirazların davam etdiyi son 4 ay bunu göstərdi. Hökumət ancaq öz gücünü nümayiş etdirir. Təəssüf ki, biz İranın özünün təsbit etdiyi qanunlara belə əməl etmədiyinin şahidi olduq.
Bu sözləri Axar.az-a Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Haqları Komissiyasının sədri Sina Yusifi İranda siyasi məhbusların hüquqlarından danışarkən deyib.
O bildirib ki, güc hökumətin əlindədir və heç kim onun qarşısını ala bilmir:
“Əhali əliyalın, köməksiz vəziyyətdədir. Millət iqtisadi və siyasi haqlarını tələb edir. Əvvəllər qanun işləyirdi. Bu 4 ayda isə qanunların işləmədiyinin və əhəmiyətsiz olduğunun şahidi olduq”.
Vəkilin sözlərinə görə, siyasi məhbusların durumu aksiyalardan əvvəlki dövrlə müqayisədə daha da pisləşib:
“Son etirazlardan əvvəl biz siyasi məhbuslara az da olsa kömək edə bilirdik. Ailələri və özləri ilə danışırdıq. Onlara necə müdafiə oluna biləcəklərini izah edirdik. İndiki durumda isə buna imkan vermirlər. Məhkəmə prosesində ən mühüm mərhələ istintaq dövrüdür. Ancaq müstəntiq siyasi məhbuslara istədiyi vəkili seçməyə imkan vermir. Siyahıda olan vəkilin seçilməsini tələb edir. Dövlətin etimad göstərdiyi vəkillər istintaq prosesində məhbusların hüququnu tam müdafiə etmir. Bir sözlə, müttəhimin hüquqları ayaq altına alınınır”.
O bildirib ki, etiraz zamanı tutulan və edama məhkum olunmuş şəxslərin avropalı siyasətçilər tərəfindən müvəkkilliyi edamların qarşısını ala bilməz:
“Bunların hüquqi baxımından heç bir qüvvəsi yoxdur. Onların məqsədi İranda baş verən hadisələrə dünyanın diqqətini cəlb etməkdir. Bunlar tövsiyə xarakterlidir və İran dövlətinin əməllərinin qarşısını almaqda acizdir. Bu yaxınlarda bunun şahidi də olduq. İran heç nəyə baxmadan onları edam etdi. Rejimin məqsədi insanları qorxutmaqdır”.