Dekabrın 15-də Tbilisidə Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirilib.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, baş nazirlər Əli Əsədov və İrakli Qaribaşvilinin sədrliyi ilə keçirilən iclasda hər iki ölkənin müvafiq dövlət strukturlarının rəhbərləri iştirak ediblər.
Baş nazir Ə.Əsədov açılış nitqində qeyd etdi ki, bu il Azərbaycan ilə Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü tamam olur. Vurğulandı ki, bu illər ərzində Azərbaycan ilə Gürcüstan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Siyasi, iqtisadi, investisiya, enerji, nəqliyyat, mədəni, humanitar sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olundu.
Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin vacibliyi qeyd edildi.