İranda etirazlar davam edir

0

İranda etiraz aksiyaları davam edir.

Şəhrikürd, Saqqız, Sənəndəc, Şiraz, Tehran, Məşhəd və bir sıra şəhərlərdə davam edən etirazlarda “Qadınlara azadlıq, millətlərə istiqlal!”, “Pişəvəri, ruhun şad olsun!”, “Azadlıq, ədalət, milli hökumət”, “Məcid Rza, sən uyudun, biz hamımız oyandıq”, “Diktatora ölüm!”, “Azadlıq!” və digər şüarlar səsləndirilib.

Kohgəliye-Buyer Əhməd əyalətinin Dehdəşt şəhərində etirazçı gənclər hərbi yardım qüvvələrinin bazasını “Kalaşnikov”la atəşə tutublar.

Qərbi Azərbaycan əyalətinin Sarıdaş (Sərdəşt) şəhərində keçirilən aksiyalar zamanı həbs edilən Şəhriyar Adili adlı gənc İran rejiminin işgəncələri nəticəsində həlak olub.

Şərqi Azərbaycan əyalətində bir qrup azərbaycanlı milli-mədəni fəal “21 Azər” (12 dekabr) münasibətilə divarlara milli şüarlar yazıblar. Fəallar 1945-ci ildə Cənubi Azərbaycan Milli Hökumətinin qurulmasının ildönümü ilə bağlı əsasən aşağıdakı şüarları Təbrizdə divarlara yazmaqla milli hərəkatın tələblərini gündəmə gətiriblər: “21 Azər”, “Milli Hökumət”, “Pişəvəri”, “Azadlıq, Ədalət, Milli Hökumət” və s.

Təbrizdə şəhərində Güney Azərbaycan Milli Hökumətinin ildönümü qeyd olunub. “Qadınlara azadlıq, millətlərə istiqlal!”, “Pişəvəri, ruhun şad olsun!”, “Azadlıq, ədalət, milli hökumət!” şüarları səsləndirilib.

Eyni zamanda, Təbriz şəhərində təhlükəsizlik qüvvələri tərəfindən azərbaycanlı fəal Hüseyn Məhəmmədiyan öz mağazasında həbs edilib.

Tehran əyalətinin Əndişə şəhərində “Bəsic” qüvvələrinin bazası qəzəbli gənclər tərəfindən yandırılıb.

“Human Rights Activists News Agency”nin məlumatında bildirilir ki, etirazlarda öldürülənlərin sayı 490 nəfərdir. Bunlardan 68-i uşaqdır, 62-si hökumət qüvvəsidir. İndiyədək 18 262 nəfər həbs edilib ki, bunlardan da 3788-nin şəxsiyyəti və saxlanma yeri müəyyənləşdirilib. Həbs olunanların 626-sı tələbədir. Bugünədək 1175 aksiya keçirilib. 161 şəhər və 144 universitetdə aksiyalar keçirilib.

Avstriyada, Almaniyada, Parisdə və Londonda molla rejiminin əleyhinə aksiyalar keçirilib.

İran İnsan Haqları Təşkilatı 1 nəfərin edam edildiyi və 2 nəfərin edam qabağı təkadamlıq kameraya köçürüldüyünü bildirib.

İsrailin “Mako” informasiya saytı xəbər verir ki, “Black Reward” haker qrupunun “Fars” xəbər agentliyinə hücumu zamanı ələ keçirdiyi məlumatlara əsasən, İran ordusunun 115 əsgəri ölkədə davam edən etirazlar zamanı həbs edilib.

BMT İnsan Haqları üzrə Ali Komissarlığı İranda edamların dayandırılmasına çağırış edib.

Bundan başqa, Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirib.

Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsindən isə bildirilib ki, İranda sentyabr ayında başlayan kütləvi nümayişlərdən sonra Almaniyaya gələrək sığınacaq istəyən İran vətəndaşlarının sayı əvvəlki ilin eyni ayı ilə müqayisədə iki dəfə çoxdur.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »