G7 və NATO sammitlərində tərəflər Ukrayna müharibəsinə görə, Rusiyaya təzyiqləri artırmaq məsələlərini müzakirə edəcəklər.
Yeddi qabaqcıl ölkədən ibarət G7 qrupunun liderləri və NATO ölkələri bir həftə ərzində keçiriləcək sammitlərdə Ukrayna müharibəsinə görə, Rusiyaya təzyiqləri artırmaq üçün, birlikdə çalışacaqlar.
ABŞ prezidenti Co Bayden şənbə günü Almaniyada iyunun 26-28-də keçiriləcək G7 sammitinə yola düşəcək, sonra isə iyunun 29-30-da Madriddə keçiriləcək NATO sammitində iştirak edəcək. Bayden G7 sammitində Almaniya kansleri Olaf Şolzla, NATO sammitində isə İspaniyanın baş naziri Pedro Sançez və Kral Felipe ilə görüşəcək.
Digər tərəfdən, NATO sammiti zamanı Bayden və prezident Tayyib Ərdoğan arasında ikitərəfli görüşün olub-olmayacağı ilə bağlı heç bir açıqlama verilməyib. Bununla belə, mənbə bildirib ki, ABŞ Finlandiya və İsveçin NATO-ya üzv olmasına qarşı çıxan Türkiyənin narahatlığının aradan qaldırılacağına və konsensusun əldə olunacağına əmindir.
NATO GENİŞLƏMƏ PLANLARINI AÇIQLAYA BİLƏR
Madriddə keçiriləcək sammitdə NATO-nun Şərqi Avropada hərbi mövcudluğunu genişləndirmək planlarını açıqlayacağı, eyni zamanda ABŞ-ın Avropanın təhlükəsizliyini gücləndirmək üçün, atacağı addımları təfərrüatlı şəkildə izah edəcəyi düşünülür.
Rəsmilər bildiriblər ki, Avstraliya, Yaponiya, Cənubi Koreya və Yeni Zelandiya liderlərinin NATO sammitinə ilk dəfə qatılması Ukrayna müharibəsi səbəbindən Çin məsələsinin Qərb dövlətlərinin gündəmindən çıxmadığını göstərmək məqsədi daşıyır. Bir səlahiyyətli, G7 liderlərinin Çinin son illərdə artan “təhlükəli iqtisadi fəaliyyətlərinə” toxunmasının gözlənildiyini və hətta Madriddəki sammitdə NATO-nun yeni bir strategiya qəbul edəcəyini və Rusiya təhlükəsi ilə yanaşı, ilk dəfə Çin təhlükəsini həll edəcəyini bildirib.
Digər tərəfdən, Ukrayna prezidenti Vladimir Zelenskinin hər iki sammitdə videokonfrans vasitəsilə iştirak edəcəyi və Rusiyaya qarşı müharibə planını izah edərək, bunun reallaşması üçün, lazım olan dəstəyi ifadə edəcəyi gözlənilir.