Bu şəxslərin maaşı 11 % artıb
2022-ci ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11 % artaraq 768,3 manat olub.
Bu barədə IctimaiRey.az–a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bu il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 min nəfər və ya 0,2 % artaraq 1 milyon 682,1 min nəfər olub, onlardan 902,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 779,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 19,8 %-i təhsil, 18,8 %-i ticarət-nəqliyyat vasitələrinin təmiri, 12,7 %-i sənaye, 8,1 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7 %-i tikinti, 6,7 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,5 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 %-i peşə, elmi və texniki fəaliyyət, 1,9 %-i maliyyə və sığorta fəaliyyəti, 13,7 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.