Taliban hökumətinin xarici işlər naziri Antalyada Diplomatik Forumda iştirak edir.
IctimaiRəy.az–Taliban hökumətinin Xarici İşlər Nazirliyinin rəhbəri Əmir Xan Müttəki Əfqanıstanın hazırkı hakimiyyət orqanları ilə rəsmi əlaqələr qurmaq üçün, əlverişli şəraitin formalaşdığını bəyan edib.
Müttəki bunu şənbə günü Antalyada Diplomatik Forum çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.
Müttəki türkiyəli nazirlə söhbəti çox səmərəli adlandırıb. Onun sözlərinə görə, müzakirə olunan digər məsələlər arasında Kabildə Həmid Kərzai adına Beynəlxalq Hava Limanının fəaliyyəti də olub.
Talibanın müvəqqəti hökumətinin diplomatiya rəhbəri vurğulayıb ki, Əfqanıstanın hazırkı hakimiyyəti Türkiyə ilə əməkdaşlığın başlanmasını səbirsizliklə gözləyir.
Müttəki daha sonra deyib ki, Taliban bütün dünya ictimaiyyəti ilə əlaqələr qurmağa hazırdır. “Biz dünyaya bəyan edirik ki, Əfqanıstanın hazırkı hakimiyyət orqanları ilə rəsmi əlaqələr qurmaq üçün əlverişli şərait var.
Onun fikrincə, Əfqanıstanın hazırkı administrasiyasının rəsmi tanınması üçün əlverişli şərait yaranıb.
Antalyada Diplomatik Forum
“Diplomatiyanın yenidən qurulması” devizi altında keçirilən forum martın 11-dən 13-dək Antalyanın Belek kurort şəhərindəki Nest konfrans mərkəzində keçirilir.
Forumda iştirak etmək üçün Türkiyənin “turist paytaxtına” 2500-dən çox qonaq gəlib, daha 10 min nəfər isə, onlayn müzakirələrdə iştirak edəcək.
Antalyada keçirilən Diplomatik Forumda 17 ölkənin dövlət və hökumət başçıları, 80 nazir, 39 beynəlxalq təşkilatın nümayəndə heyəti iştirak edir.
Forum iştirakçıları üç gün ərzində enerji təhlükəsizliyi, iqlim dəyişikliyi və miqrasiya da daxil olmaqla regional və beynəlxalq gündəmdə olan bir çox aktual məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.
Forumun işini 27 ölkədən 137 xarici və 142 müxtəlif KİV daxil olmaqla 585 media nümayəndəsi işıqlandırır.
Tədbirin qlobal media tərəfdaşı Anadolu Agentliyidir.
Antalyada keçirilən əvvəlki forumda 11 dövlət və hökumət başçısı, 45 nazir iştirak edirdi.
Comments are closed.