2007-ci ildə İstanbulda jurnalist Hrant Dinkin qətlində əli olmaqda şübhəli bilinərək axtarışda olan Türkiyə vətəndaşı Bişkekdə saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunur ki, bundan əvvəl Daxili İşlər Nazirliyinin Ekstremizmə və Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə Xidmətinin əməkdaşları Türkiyə vətəndaşının saxta sənədlərdən istifadə etməsi barədə məlumat əldə ediblər.
Fevralın 26-da 1984-cü il təvəllüdlü Türkiyə vətəndaşı olan şübhəli şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, o, saxta pasport və sürücülük vəsiqəsindən istifadə edib.
Həmçinin istintaq zamanı məlum olub ki, saxlanılan şəxs Türkiyə hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub, o, İstanbulda axtarışa verilib. O, 2007-ci ilin yanvarında jurnalist Hrant Dinkin qətlində, eləcə də bir sıra digər ağır cinayətlərdə, o cümlədən mütəşəkkil cinayətdə iştirakda və qanunsuz odlu silah saxlamaqda şübhəli bilinir.
Faktla bağlı Daxili İşlər Nazirliyi tərəfindən Qırğızıstan Respublikası Cinayət Məcəlləsinin 378-ci (“Qırğızıstan Respublikasının dövlət sərhədini qanunsuz keçmə”) və 379-cu (“Sənəd saxtakarlığı”) maddələri ilə cinayət işi başlanıb. Fevralın 28-də məhkəmə tərəfindən saxlanılan şəxs barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Hrant Dink erməni jurnalisti, erməni qəzeti “Aqos”un qurucusu və baş redaktoru, Türkiyədəki erməni icmasının liderlərindən biridir. O, 2007-ci il yanvarın 19-da 52 yaşında İstanbulda qətlə yetirilib – qəzetinin ofisi yaxınlığında bir yeniyetmə tərəfindən gündüz saatlarında güllələnib.
Dinkin qətli Türkiyədə geniş rezonansa səbəb olub. Bu iş üzrə məhkəmə beş ildən sonra başa çatıb. Qətli törətməkdə təqsirləndirilən yeniyetmə Ogün Samast 21 il 10 ay müddətinə azadlıqdan məhrum edilib. İşdə 19 nəfər iştirak edib.