Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatı 7-ci günündə davam edir. “Üçüncü Dünya Müharibəsi nüvə silahının istifadə ediləcəyi dağıdıcı müharibə olacaq”, – Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlamasında deyib.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi 7-ci gününə qədəm qoyub. Ukrayna prezidentinin müşaviri Mixailo Podolyak Rusiya ilə növbəti danışıqlar üçün “əhəmiyyətli gündəm”ə ehtiyac olduğunu bildirdikdən sonra, Rusiyanın bəyanatları bir-birinin ardınca gəlir.
Kreml Rusiya rəsmilərinin Ukrayna ilə danışıqların ikinci raundunu keçirməyə hazır olduğunu açıqlayıb, lakin Ukrayna rəsmilərinin bu danışıqlarda iştirak edib-etməyəcəyi bəlli deyil.
Digər tərəfdən, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynaya qarşı hərbi əməliyyatdan sonra, baş verənləri dəyərləndirib. Lavrov bəyan edib ki, Ukrayna ABŞ-ın tələbi ilə Rusiya ilə görüşü təxirə salıb.
İctimairey.az Sputnik-ı istinadən xəbər verir ki, Lavrov tərəflərin ikinci görüşünün bu gün gözlənildiyi kimi baş tutub-tutmayacağının hələlik dəqiq olmadığını bildirib. Bununla belə, Lavrov qeyd edib ki, ölkəsi Ukraynanın nüvə silahı əldə etməsinə imkan verməyəcək.
“ÜÇÜNCÜ DÜNYA MÜHARİBƏSİ” NƏTİCƏSİ
“Qərb Rusiyanın yeni Avropa təhlükəsizlik arxitekturasının yaradılması ilə bağlı tələblərini yerinə yetirməkdən imtina etdi”, – Lavrov deyib.
Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların miqyasına toxunan Lavrov, “Rusiya sanksiyalara hazır idi, lakin idmançıların, jurnalistlərin və mədəniyyət sənayesi nümayəndələrinin hədəf alınacağını gözləmirdi” dedi.
“Bizim çoxlu dostlarımız var, bizi təcrid etmək üçün heç bir yol yoxdur”, – Rusiya XİN rəhbəri əlavə edib.
Rusiyalı nazir həmçinin bəyan edib ki, Ukraynada yaradılacaq hökumətlər ölkədəki bütün etnik qrupları təmsil etməlidir. Lavrov Krımın Rusiyanın bir hissəsi olduğunu və bu məsələnin müzakirəyə açıq olmadığını vurğulayıb.