Türkiyə Xarici İşlər Nazirliyi ermənilərin Azərbaycanda törətdikləri Xocalı qətliamının 30-cu ildönümü ilə əlaqədar məlumat yayıb.
Türkiyə Xocalı şəhərində baş verən qanlı hadisələrin növbəti ildönümündə qardaş Azərbaycan xalqının ağrısını bölüşüb. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin ermənilərin Azərbaycanda törətdiyi Xocalı qətliamının 30-cu ildönümü ilə bağlı yaydığı məlumatda deyilir.
İdarə xatırladıb ki, 1992-ci il fevralın sonunda ermənilər Azərbaycanın 613 günahsız dinc sakinini, o cümlədən qadın və uşaqları qətlə yetirib, yüzlərlə insan yaralanıb. Mindən çox adam əsir götürülüb, onların taleyi hələ də məlum deyil.
“Bütün dünyanın gözü qarşısında törədilən vəhşiliklərin vurduğu yaralar hələ də təzədir. Biz qardaş Azərbaycanın dərdini dərindən paylaşırıq və onu öz ağrımız kimi qəbul edirik. Bütün Azərbaycan xalqına bir daha başsağlığı verir və həlak olanların əziz xatirəsini ehtiramla yad edirik”, – deyə məlumatda bildirilir.
1992-ci il fevralın 26-na keçən gecə erməni dəstələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərinə hücum ediblər.
Ermənilərin vəhşilikləri nəticəsində 613 Xocalı sakini qətlə yetirilib, 487 nəfər əlil olub, 1275 qoca, uşaq, qadın əsirlikdə alçaldılıb, işgəncələrə məruz qalıb.
150 nəfərin taleyi hələ də məlum deyil. Xocalıda öldürülənlərin 106-sı qadın, 63-ü uşaq, 70-i qocadır. Xocalı faciəsi nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. 56 nəfər son dərəcə amansızlıqla qətlə yetirilib.