İqlim böhranı ilə mübarizə bütün bəşəriyyətin ümumi məsuliyyətidir

“Bu günün əsas qlobal tədbiri qardaş Türkiyənin Antalya şəhərində keçirilən COP31 liderlərinin sammitidir. Noyabrın 9–20-si arasında davam edəcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) Türkiyənin ilk dəfə ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirdir. 200-ə yaxın ölkənin dövlət və hökumət başçılarının, nüfuzlu siyasətçilərin, beynəlxalq təşkilatların rəhbərlərinin, böyük biznes dairələrinin təmsilçilərinin, alimlər və vətəndaş cəmiyyəti nümayəndələrinin bir araya gəldiyi COP31 dünyanın ən böyük iqlim platforması sayılır.

Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi COP31-də ərzaq təhlükəsizliyi, kənd təsərrüfatı, enerji, nəqliyyat, iqlim maliyyələşməsi, süni intellekt və digər aktual məsələlər üzrə müzakirələr aparılacaq. Konfransın əsas məqsədi əvvəlki illərdə iqlim dəyişikliyi ilə mübarizə sahəsində qəbul edilmiş öhdəliklərin konkret fəaliyyətə çevrilməsini sürətləndirməkdir. Türkiyənin müvəffəqiyətlə ev sahibliyi etdiyi COP31 ölkənin beynəlxalq nüfuzunun və qlobal iqlim diplomatiyasındakı rolunun güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan isə COP29-a ev sahibliyi etmiş bir ölkə kimi bu gün qardaş Türkiyənin belə bir önəmli beynəlxalq konfransın təşkilatçılığını öz üzərinə götürməsinə sevinir”.

İctimairəy.az xəbər verir ki, bunları Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. O bildirib ki,, COP31 çərçivəsində kollektiv foto çəkilişi zamanı bir çox dövlət və hökumət başçılarının Azərbaycan Prezidenti İlham Əliyevə yaxınlaşaraq onunla salamlaşıb, səmimi söhbət etmələri də ayrıca diqqət yetiriləsi məqamdır:

“Bu mənzərə Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan nüfuzunun daha bir göstəricisi kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin müxtəlif ölkələrin liderləri ilə səmimi ünsiyyəti, onun beynəlxalq platformalarda fəal və ardıcıl diplomatik fəaliyyətinin nəticəsidir. Xüsusilə COP29-dan sonra Azərbaycanın iqlim diplomatiyasına verdiyi töhfələr, inkişaf etməkdə olan ölkələrin mövqeyinin müdafiəsi və qlobal həmrəyliyin təşviqi ölkəmizə olan diqqəti daha da artırıb.

Azərbaycanın COP31-də iştirakı yalnız protokol xarakteri daşımır. Ölkəmiz enerji keçidi, bərpa olunan enerji mənbələrinin inkişafı, yaşıl iqtisadiyyatın formalaşdırılması və iqlim maliyyələşməsinin əlçatanlığının artırılması kimi məsələlərdə öz mövqeyini ortaya qoyur. Azərbaycanın ev sahibliyi etdiyi COP29 çərçivəsində əldə olunan təcrübə də bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bakıdan Antalyaya uzanan iqlim diplomatiyası xətti iki qardaş ölkənin qlobal gündəlikdə əməkdaşlığını və qarşılıqlı dəstəyini nümayiş etdirir”.

Komitə sədri qeyd edib ki, iqlim dəyişikliyi artıq yalnız ekoloji problem deyil:

“Bu məsələ enerji təhlükəsizliyi, ərzaq təminatı, su ehtiyatlarının qorunması, iqtisadi inkişaf, nəqliyyat və sosial rifahla birbaşa bağlıdır. Buna görə də COP31-də aparılan müzakirələrin nəticələri dünyanın müxtəlif regionlarında yaşayan milyonlarla insanın həyatına təsir göstərə bilər. Əsas məsələ qəbul edilən qərarların kağız üzərində qalmasına imkan verməmək, onları konkret layihələrə və real nəticələrə çevirməkdir.

Azərbaycanın gündəliyində xüsusilə bərpa olunan enerji potensialının artırılması mühüm yer tutur. Xəzər dənizinin külək enerjisi imkanları, günəş enerjisi layihələri və regional enerji əməkdaşlığı ölkəmizin yaşıl keçid prosesində fəal rol oynamaq niyyətini göstərir. Bu istiqamətdə həyata keçirilən layihələr yalnız Azərbaycanın enerji sisteminin şaxələndirilməsinə deyil, həm də regionun enerji təhlükəsizliyinə və Avropanın enerji təminatına töhfə vermək imkanına malikdir.

Türkiyənin COP31-ə ev sahibliyi etməsi isə bütün Türk dünyasının qlobal iqlim gündəliyində daha fəal təmsil olunması baxımından diqqətəlayiq hadisədir. Antalya sammiti Ankara üçün təkcə beynəlxalq konfrans deyil, həm də müxtəlif ölkələr arasında dialoqun gücləndirilməsi, yeni tərəfdaşlıqların qurulması və iqlim dəyişikliklərinə qarşı birgə mübarizənin təşviqi üçün mühüm platformadır.

Şübhəsiz ki, COP31-in nəticələri qarşıdakı illərdə beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izləniləcək. Dünyanın ehtiyacı olan əsas məsələ yeni vədlərdən daha çox, verilmiş vədlərin icrası, maliyyə mexanizmlərinin işlək vəziyyətə gətirilməsi və inkişaf etməkdə olan ölkələrin üzləşdiyi çətinliklərə ədalətli yanaşmanın təmin edilməsidir.

Antalyada formalaşan əməkdaşlıq ruhu göstərir ki, iqlim böhranı ilə mübarizə yalnız ayrı-ayrı dövlətlərin deyil, bütün bəşəriyyətin ümumi məsuliyyətidir. Azərbaycan və Türkiyə isə bu məsuliyyətin dərk edilməsində, regional əməkdaşlığın genişləndirilməsində və qlobal həmrəyliyin gücləndirilməsində bundan sonra da fəal rol oynamağa hazırdır”.

Comments are closed.

Tərcümə »