Sağlamlıq imkanları məhdud uşaqların gələcək peşə seçiminin stimullaşdırılması istiqamətində tədbirlər davam etdirilir
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci ilin 15 mart tarixli Sərəncamı ilə təsdiq edilən “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir.
İctimairey.az xəbər verir ki, Dövlət Proqramının icrası çərçivəsində müvafiq kateqoriyadan olan uşaqların məktəbəqədər, ümumtəhsil və məktəbdənkənar müəssisələrə cəlbi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Bununla yanaşı, onların gələcək məşğulluqlarının stimullaşdırılması istiqamətində də zəruri işlər görülür.
Bu məqsədlə növbəti tədbir Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə Heydər Əliyev adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində təşkil olunub. Burada uşaqlar dulusçuluq dərnəyində olub, sözügedən peşə haqqında zəruri biliklərə yiyələniblər. Dərnək sağlamlıq imkanları məhdud uşaqlarda böyük maraq yaradıb və onları bu mövzuda maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, sağlamlıq imkanları məhdud uşaqların bu qəbildən olan tədbirlərə cəlbi onların cəmiyyətə daha fəal inteqrasiyası ilə yanaşı, həm də sərbəst yaşayış imkanlarının formalaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir. AZƏRTAC