Cəbrayılda dörd nəfər “azad edilmiş ərazilər”ə icazəsiz daxil olduqları üçün saxlanılıb.
İctimairey.az 12 yanvar, respublika Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə bildirir ki, Polis əməkdaşları və Daxili Qoşunların hərbçiləri “azad edilmiş, lakin minalardan və partlayıcı qurğulardan tam təmizlənməmiş əraziyə daxil olmaq cəhdlərinin qarşısının alınması üçün zəruri və təxirəsalınmaz tədbirlər görür”, – idarədən bildirilib.
“Cəbrayıl Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində nəzarət postlarından yan keçərək icazəsiz rayon ərazisinə daxil olan 4 nəfər saxlanılıb. İstintaq zamanı qanun pozucularının şəxsiyyəti müəyyən edilib, bunlar Goranboy rayon sakinləri – X. Məmmədov, A. Məmmədov, A. Vəlisoy və A. Abdullayevdir.
Baş vermiş hadisə ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokollar tərtib edilərək rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə qanun pozucularının hər birinə qarşı 10 sutka müddətinə inzibati həbs tətbiq edilib”, – deyə idarədən bildirilib.