Ermənistanda “Azadlıq Hərəkatı”nın tərəfdarları Xarici İşlər Nazirliyinə basqın ediblər
Ermənistanda etirazçılar respublikanın Xarici İşlər Nazirliyinin binasına basqın edərkən, polis və mühafizəçilərlə aralarında dava başlayıb.
Dekabrın 10-da “Azadlıq Hərəkatı”nın tərəfdarları idarənin girişinə toplaşıb. Onlar “Mirzoyan – çölə!” şüarları səsləndirərək Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla təcili görüş tələb ediblər. Hərəkatın liderlərindən biri, Vəkillər Palatasının keçmiş rəhbəri Ara Zohrabyan “Bizə suallarımıza rəsmi cavab verilməsini istəyirik” deyə çığırıb.
İctimairey.az xəbər verir ki, Baş nazir Nikol Paşinyanın ölkə parlamentindəki çıxışından sonra, etirazçılar çıxılmaz addımlar atıblar. Onlar əmindirlər ki, Paşinyan Qarabağı Azərbaycana “təslim” etməyə hazırlaşır. Zöhrabyan hazırkı hakimiyyətin Ermənistanın milli maraqlarını müdafiə etməyə hazır olmadığı fikrini bildirib.
Lakin nazirin əvəzinə etirazçılar polislə görüşüb – müxalifətçilər XİN binasından çıxarılıb və saxlanılanlar var. Hadisə yerindən verilən məlumata görə, azı 5 nəfər artıq polis bölmələrinə aparılıb.
Noyabr ayından ölkədə Ermənistan hakimiyyətinin siyasətinə qarşı etiraz aksiyaları keçirilir. Bununla razılaşmayanların bəziləri Paşinyanın hərəkətlərini ölkə maraqlarına xəyanət hesab edir, bəziləri isə, Qarabağın və onların məhbus qohumlarının taleyindən narahatdır.
Dekabrın 8-də hələ də Azərbaycanda saxlanılan əsgərlərin valideynləri Yerevanın prospektlərindən birində nəqliyyatın hərəkətini kəsməyə cəhd ediblər.