Erməni xalqının tez-tez dəyişən yad “qəhrəman”ları…
Və yaxud, Makron Fransası nə üçün yenidən Ermənistana xüsusi diqqət göstərməyə başlayıb?
44 günlük İkinci Qarabağ müharibəsi və 23 saatlıq antiterror əməliyyatı dönəmində Ermənistanı və Qarabağdakı keçmiş separatçı xuntanı beynəlxalq müstəvidə dəstəkləmək istiqamətində bütün cəhdlərinin boşa çıxmasından sonra Fransa prezidenti Emmanuel Makronun ermənipərəst bəyanatları və təşəbbüsləri bir ara səngimişdi. Başqa sözlə desək, Makron Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıqlarla barışmaq məcburiyyətində qalmış və necə deyərlər, dilini dinməz yerinə qoymuşdu. Lakin may ayının əvvəllərində İrəvanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci Zirvə toplantısından və Avropa İttifaqı-Ermənistan sammitindən sonra Makronun “Ermənistan sevdası” və ya “simpatiya”sı yenidən baş qaldırdı.
Bəli, bir çoxları Fransa liderininin Nikol Paşinyana hazırkı siyasi dəstəyini Ermənistana simpatiya jesti kimi qəbul edir. Amma bilənlər yaxşı bilir ki, böyük siyasətdə təkcə simpatiya olmur. Fransa Ermənistana yalnız dost ölkə kimi deyil, daha geniş planda baxır. Bu gün Ermənistan Fransaya ilk növbədə Cənubi Qafqaza “giriş nöqtəsi” kimi lazımdır. Hərçənd ki, bir vaxtlar (xüsusən də Nikolə Sarkozi və Fransua Ollandın prezidentliyi dövründə) Avropanın Cənubi Qafqaza giriş nöqtəsi kimi ən ideal namizəd məhz Gürcüstan idi. Lakin biçarə Gürcüstan düz 20 il Avropa İttifaqının (Aİ) bir hissəsi olmağa çalışdı. Ancaq Avropa İttifaqı Gürcüstanın bu seçiminin gerçəkləşməsi üçün heç bir önəmli addım atmadı və nəticədə Gürcüstan vektorunu dəyişib rusiyayönümlü xətt yürütməyə başladı. Beləliklə, Aİ Cənubi Qafqazda möhkəmlənmək imkanlarını itirdi.
Lakin Makron öz sələfləri Sarkozi və Ollandın bu səhvini düzəltmək üçün budəfə Ermənistanı Cənubi Qafqaza “giriş qapısı” kimi təqdim etməyə başladı. Fransa liderinin İkinci Qarabağ müharibəsindən əvvəlki və sonrakı dönəmlərdə bu istiqamətdə atdığı addımların hamısının iflasa uğramasının tarixçəsi isə hamımıza yaxşı bəllidir. Makronun prezidentliyi dövründə Fransanın xarici siyasəti bütün istiqamətlərdə olduğu kimi Cənubi Qafqaz vektorunda da ciddi şəkildə axsamağa başladı. Afrika qitəsindən qovulan, Dənizaşırı ərazilərdə isə neokolonialist siyasəti ifşa olunan Makron Fransası Cənubi Qafqazda da ağır zərbələr aldı. Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində Zəfər qazanması Makronun Ermənistan üzərindən Cənubi Qafqazla bağlı bütün planlarını alt-üst etdi.
Hazırda isə məhz Azərbaycanın müəllifliyi ilə bölgədə sülh və sabitlik bərqərar olub. Rəsmi Bakının qətiyyətli mövqeyi və siyasi iradəsi ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması davam edir. Makron isə hiyləgər bir siyasətçi kimi Ermənistan-Azərbaycan normallaşmasını məhz bu anda Fransanın Cənubi Qafqaza gəlişi üçün yeni imkan pəncərəsinin açılması kimi dəyərləndirir. Avropa Siyasi Birliyinin 8-ci Zirvə toplantısının və Avropa İttifaqı-Ermənistan sammitinin İrəvanda keçirilməsinin sayəsində özünü birləşmiş Avropanın “vahid lideri” kimi zənn edən və İrəvan küçələrində gəzintilərdən ruhlanan Makron, yaranmış indiki əlverişli vəziyyətdən Fransanın Cənubi Qafqazda real siyasi, hərbi və iqtisadi üstünlüklər əldə etməsi üçün yararlanmağı düşünür.
Beləliklə, bir daha aydın olur ki, bu gün Makronun Ermənistana və erməni xalqına “sevgi serenada”ları oxumasının arxasında, əslində, Fransanın təmənnalı münasibəti dayanır. Bizim müşahidələrimiz Parisin İrəvana yanaşmasının praqmatik olduğunu göstərir. Yəni ki, hazırkı Fransa-Ermənistan yaxınlaşması sadəcə Makronun ermənilərə “simpatiya” nümayişinin təzahürü deyil, əsl həqiqətdə çox dəqiq hesablanmış geosiyasi plandır – Cənubi Qafqazda təsir imkanlarını artırmaq, Ermənistanın Azərbaycan və Türkiyənin təsir dairəsinə düşməsinin qarşısını almaq, İrəvanla böyük məbləğdə müdafiə müqavilələri, imzalamaq və eləcə də süni intellekt və rəqəmsal texnologiyalar sahəsində layihələrin gerçəkləşdirilməsində Fransa şirkətlərinin payını artırmaq. Və bütün bunlar sadəcə bu günə deyil, həm də uzaq gələcəyə hesablanmış planlardır. Çünki Makron yaxşı bilir ki, bu addımların hamısı – müqavilələr, təchizat, təlim, texniki xidmət, ehtiyat hissələri fransız standartlarına uzunmüddətli bağlılıq deməkdir. Yəni ki, Ermənistan fransız avadanlığı alanda Fransa bundan yalnız pul qazanmış olmur, həm də Ermənistanın təhlükəsizlik sistemində davamlı mövcudluq əldə edir.
Eləcə də, fransız şirkətləri Ermənistanın aviasiya, infrastruktur və texnologiya layihələrinə çıxış əldə edirlər. Hazırda ABŞ-ın da dəstəyi ilə Ermənistanda süni intellekt və rəqəmsal texnolgiyalar sferası inkişaf etməyə başlayır. Fransa da fürsətdən istifadə edib Ermənistanın texnoloji məkanına daxil olmağa və ümumiyyətlə, süni intellekt, kibertəhlükəsizlik, yarımkeçiricilər, müdafiə innovasiyaları, təhsil və elmi proqramlar, nəqliyyat helikopterləri, tikinti, tunellər, mühəndis proqramları kimi sahələrin hamısında mühüm pay qazanmağa çalışır. Bütün bunlar, eyni zamanda, illərlə davam edən layihələr deməkdir. Bu isə Fransanın Ermənistanda uzunmüddətli təsir imkanlarının formalaşmasını təmin edə bilər. Deməli, Makron bu gün Fransanın Ermənistanda yalnız siyasi deyil, həm də uzun vədəli hərbi və iqtisadi mövqelərini möhkəmləndirməyi hədəfləyir.
Nəticə etibarilə, bölgədəki bütün ölkələrlə – Azərbaycan, Türkiyə, Gürcüstan və Rusiya ilə münasibətləri ya gərgin, yadaki soyuq olan Fransa yalnız “cırtdan” Ermənistan ilə sıcaq əlaqələrə malikdir. Makron da əsl fürsətçi siyasətçilər kimi məhz Ermənistanla əlaqələrdən istifadə edərək Cənubi Qafqazda “söz sahibi”nə çevrilməyə çalışır. Lakin unudur ki, Ermənistan bölgədə heç bir təsir gücünə malik deyil və Cənubi Qafqazın açar ölkəsi məhz Azərbaycandır. Odur ki, əgər Fransa Cənubi Qafqaza gəlmək istəyirsə, bununçün ilk növbədə Azərbaycanla dil tapmalı, anlaşmalıdır. Çünki Azərbaycanın “xeyir-dua”sı olmadan, yalnız Ermənistanla separat, gizli sövdələşmələr əldə etmək onsuz da Fransaya heçnə qazandırmayacaq. Hətta Makronun İrəvan küçələrində insanlara özünü saxta “qəhrəman” obrazında göstərmək cəhdləri də Fransanın Ermənistan üzərindən praqmatik maraqlarını gerçəkləşdirməsinə heç bir kömək etməyəcək. Makronun bu cür hiylələri işə keçməz.
Təsadüfi deyil ki, mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüş zamanı çıxış edərkən məhz Makron kimi siyasi avantüristlərin “yalançı qəhrəman”lıq oyunlarına münasibət bildirərək onların guya Azərbaycanın qabağını aldıqları, əks halda “aqressiv, təcavüzkar Azərbaycanın Ermənistanı məhv edəcəyi” barədə səsləndirdikləri fikirlərin hamısının cəfəngiyyat və boşboğazlıq olduğunu ifşa etdi. Ancaq dərd burasındadır ki, erməni xalqı da zaman-zaman özü üçün müxtəlif saxta, yalançı “qəhrəman” obrazları düzəltməyi çox sevir. Lap son dövrlərə kimi bütün ümidlərini yalnız Moskvaya bağlayan, Rusiya lideri Vladimir Putini az qala bütləşdirən, İrəvanın izdihamlı məkanlarında Putinin portretlərini asan və onu “xilaskar” kimi, “erməni xalqının böyük dostu” kimi təqdim edən bir çox ermənilər, bu gün isə öz “sevgi oxları”nın istiqamətini Parisə doğru dəyişiblər. İndi Emmanuel Makron erməni liberal-millətçilərinin ən romantik “qəhrəman”ına çevrilib. Lakin ermənilər unudurlar ki, Makron dünya siyasətində heç bir nüfuz sahibi deyil, Ermənistanın təhlükəsizliyi isə Parisdən yox, Bakıdan asılıdır. Makron kimi siyasi xədimləri (xadimləri yox a, məhz xədimləri) özlərinə “qəhrəman” seçmək xəyalpərəst ermənilərə növbəti xəyal qırıqlığından başqa heçnə qazandırmayacaq. Ümumiyyətlə, ermənilər tez-tez dəyişən yad “qəhrəman”lara ümid bəsləmək əvəzinə, nəhayət, öz qonşuları ilə normal münasibətlər qurmaq yolunu tutmalıdırlar.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.