Ukrayna ilə müdafiə sənayesi sahəsində geniş əməkdaşlıq təkcə hərbi müstəvidə deyil, həm də Azərbaycanın beynəlxalq imicini gücləndirən bir addımdır
Azərbaycan və Ukraynanın müdafiə sənayesi üzrə əməkdaşlıq əlaqələrini genişləndirməsi, nədənsə, Rusiyanın “vəkil”i kimi çıxış edən bəzi şəxsləri ciddi şəkildə narahat etməyə başlayıb. Xüsusən də Ukrayna Prezidenti Vladimir Zelenskinin ölkəmizə işgüzar səfəri çərçivəsində aprelin 25-də Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyev ilə təkbətək və geniş tərkibdə görüşlərindən sonra bəzi ukraynalı rusiyapərəstlərin canfəşanlıq göstərməsi diqqəti cəlb edir. Xatırladaq ki, sözügedən səfər əsnasında Azərbaycan–Ukrayna əməkdaşlığı çərçivəsində İlham Əliyev və Volodimir Zelenski arasında altı saziş imzalanıb. Bu sazişlər arasında əsas diqqət müdafiə sənayesi və enerji sahəsinə yönəlib. Azərbaycan və Ukrayna prezidentlərinin hərbi əməkdaşlıq sahəsində razılaşmaları şübhəsiz ki, hər iki ölkənin müstəsna hüququdur və bu, beynəlxalq hüquqa əsaslanır.
Lakin Nikolay Azarov kimi köhnə rusiyapərəstlərin və “beşinci kolon”çuların sözügedən sərt neqativ reaksiyası isə, sözün açığı, bir qədər təəccüb doğurur. Nikolay Azarov Ukraynanın keçmiş baş naziridir və “Rusiyanın əlaltısı” imici ilə tarixə düşmüş Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin “sağ əli” sayılırdı. Ona görə də uzun müddətdir Rusiyaya yaxın siyasi xətt tutan Nikolay Azarov bu gün Azərbaycan–Ukrayna hərbi əməkdaşlığına tənqidi yanaşaraq bunu Moskva ilə münasibətlərə zidd addım kimi qiymətləndirir. Ancaq az öncə də qeyd etdiyimiz kimi Azarovun bu baxışı daha çox Rusiyapərəst mövqedən qaynaqlanır. Əslində isə, Bakı ilə Kiyev arasında imzalanan razılaşmalar Rusiyanın əleyhinə yönəlməyib. Azərbaycanın bu əməkdaşlığı genişləndirməkdə məqsədi sadəcə olaraq müdafiə sənayesini diversifikasiya etmək və regional balansı gücləndirmək məqsədi daşıyır.
Bu baxımdan, Azarovun tənqidi reaksiyası və onun Azərbaycanın Ukrayna ilə müdafiə sənayesi sahəsində yaxınlaşmasını Moskva üçün xoşagəlməz addım kimi təqdim etməsi tamamilə absurddur. Onun bu yanaşması ilk növbədə Rusiyanın regiondakı maraqlarını qorumağa yönəlib. Azarov bu cür düşük canfəşanlığı ilə, əslində, Kremlin “malades”ini qazanmağa çalışır. Ancaq Azarovun mövqeyini nə Ukraynada ciddiyə alan var, nədəki onun sayıqlamaları Azərbaycan-Ukrayna münasibətlərinə hər hansı təsir gücünə malikdir. Onu da nəzərə almalıyıq ki, Azərbaycan uzun illər Qarabağ münaqişəsi səbəbindən silah tədarükündə məhdudiyyətlərlə üzləşib. Ukrayna isə hələ 1990-cı illərdən Bakının əsas silah təchizatçılarından biri olub. Bu mənada bu gün Bakının Kiyevlə müdafiə sənayesi sahəsində əməkdaşlığı genişləndirmək istəyində qeyri-adi heçnə yoxdur. Bu, sadəcə, uzun illərə dayanan əməkdaşlığımızın məntiqi davamıdır.
Eyni zamanda, bu addım həm də Azərbaycanın diplomatik strategiyasının bir hissəsidir. Azərbaycan bu əməkdaşlıqla həm öz təhlükəsizlik imkanlarını artırır və həm də regional balansı qorumağa çalışır. Azərbaycan istər Ukrayna ilə əməkdaşlıqda, istərsə də Avropa platformalarında balanslı və prinsipial siyasət nümayiş etdirərək geosiyasi təsir imkanlarını artırır. Bu isə ölkənin həm regional təhlükəsizlik, həm də iqtisadi tərəfdaşlıqlar baxımından güclənməsinə xidmət edir. Ona görə də “Bakı bu əməkdaşlıqla Moskva ilə münasibətlərində riskə gedir” yanaşması kökündən yanlış yanaşmadır. Biz burada heç bir risk görmürük. Çünki rəsmi Bakı ilk növbədə ölkəmizin milli maraqlarından çıxış edir. Və bu kontekstdə Azərbaycanın Ukrayna ilə hərbi əməkdaşlıq strategiyası da məhz milli maraqlardan doğur.
Ona görə də biz bu əməkdaşlığa həm də regional diplomatiya pəncərəsindən baxmalıyıq. Prezident İlham Əliyev bir neçə gün öncə Avropa Siyasi Birliyinin 8-ci Sammitində çıxışı zamanı regionda sülhün artıq real siyasi mərhələyə qədəm qoyduğunu qeyd etdi. Azərbaycanın təqdim etdiyi sülh gündəliyi Cənubi Qafqazda qarşıdurma mühitinin aradan qalxmasına və yeni əməkdaşlıq imkanlarının açılmasına xidmət edir. Bu kontekstdə bu gün Azərbaycanın diplomatik strategiyası regionda sülhün yeni mərhələsinə töhfə vermək prinsipi üzərində qurulub. Bu baxımdan, Moskva ilə münasibətlərdə hər hansı riskli amillərdən söhbət getmir. Bu, ilk növbədə Azərbaycanın özünü gücləndirməsi və beynəlxalq tərəfdaşlıq şəbəkəsini genişləndirməsi kimi qəbul edilməlidir. Və bu əməkdaşlıq Azərbaycanın Cənubi Qafqazda diplomatik çəkisini daha da artıracaq. Yəni ki, Ukrayna ilə müdafiə sənayesi sahəsində geniş əməkdaşlıq təkcə hərbi müstəvidə deyil, həm də Azərbaycanın beynəlxalq imicini gücləndirən bir addımdır. Bu, Bakının həm Qərb, həm də region ölkələri ilə əlaqələrini möhkəmləndirərək diplomatik çəkisini artırır. Azərbaycanın hazırkı rəsmi mövqeyi – Ukraynanın ərazi bütövlüyünü dəstəkləmək və öz müdafiə sənayesini gücləndirmək – tam olaraq beynəlxalq hüquqa uyğun addımlar sayılır. Azarov kimi “siyasi meyit”lər isə sadəcə olaraq ara qarışdırmaqla məşğuldurlar. Öz xalqı tərəfindən ciddi qəbul edilməyən Azarovun bu gün ruslardan çox rusiyapərəstlik etmək cəhdi həqiqətən də ikrah doğurur.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.