İlham Əliyev–Kaya Kallas görüşünün nəticələri onu göstərir ki, strateji tərəfdaşlığın daha strukturlaşdırılmış formaya keçirilməsi barədə razılıq əldə olunub
Qlobal siyasətin son günlərdə ən maraqlı məqamlarından biri İtaliya Baş naziri Giorgia Meloninin Avropa Siyasi Birliyinin İrəvan sammitinin bitməsini gözləmədən Bakıya uçması oldu. Bir gün sonra isə Meloninin ardınca Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın da İrəvandan Bakıya gəlməsinə şahidlik etdik. Bu da bir daha onu göstərir ki, Avropa siyasi səhnəsinin bu iki ən nüfuzlu xanım təmsilçiləri regionun nəbzinin İrəvanda yox, Bakıda döyündüyünü və Azərbaycanın Cənubi Qafqazın lideri olduğunu kifayət qədər yaxşı dərk edirlər. Meloni və Kallasın səfərlərindən daha öncə isə Litvanın Baş nazirinin, Latviya, Çexiya və Ukrayna prezidentlərinin ölkəmizə ard-arda səfər etmələrini də bu konstruksiyaya əlavə etsək, Azərbaycanın fəal geosiyasi diqqət mərkəzində olduğunu tam aydın görə bilərik.
Öncəki şərhlərimizdə Litva, Latviya, Çexiya, Ukrayna və İtaliya dövlət və hökumət başçılarının ölkəmizə səfərlərinin hədəf və nəticələri barədə bütün təfsilatı ilə bəhs etdiyimizə görə bu gün Kaya Kallasın Azərbaycana səfərinin məqsədini diqqət mərkəzində saxlamaq, zənnimizcə, daha əhəmiyyətlidir. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə əsas fiquru (Ali Nümayəndəsi) sayılan Kaya Kallas nədən İrəvandan sonra Bakıya gəlməyə ehtiyac duydu? Onun gəlişinin əsas məqsədi nəydi? Göründüyü kimi bu səfər həm regional, həm də qlobal geosiyasi proseslərin daha da intensivləşdiyi, ziddiyətlərin və qarşıdurmaların dərinləşdiyi, geoiqtisadi rəqabətin, resurslara çıxış uğrunda mübarizənin qızışdığı bir dövrə təsadüf edir. Və bütün bu qlobal proseslərin fonunda Azərbaycanın Avropa üçün rolu və önəmi daha da artır. Bakıya səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşən və ətraflı fikir mübadiləsi aparan Kaya Kallas bir daha bəyan etdi ki, Avropa İttifaqı (Aİ), Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrin gücləndirilməsi ortaq strateji maraqlarımıza uyğundur və biz Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırıq.
Göründüyü kimi Azərbaycan Aİ-nin Cənubi Qafqaz və Mərkəzi Asiya ilə əlaqələr “xəritə”sinin tam mərkəzində dayanır. Azərbaycanla etibarlı münasibətlər qurulmadan və möhkəm strateji əməkdaşlıq olmadan Avropa İttifaqının Cənubi Qafqaz və Mərkəzi Asiyaya çıxış planları xəyal olaraq qalacaq. Bu həqiqəti Brüsseldə (Avropa İttifaqının siyasi mərkəzində) də yaxşı dərk edirlər. Odur ki, Kaya Kallasın Bakıya səfərinin Avropanın enerji təhlükəsizliyi, Cənubi Qafqazda sülh gündəliyi və Orta Dəhliz üzərində formalaşan yeni geosiyasi reallıqlar fonunda baş tutmasında təəccüblü heçnə yoxdur. Bu saat Avropa İttifaqı üçün bir nömrəli məsələ məhz enerji təhlükəsizliyin təmin olunması və geniş iqtisadi əməkdaşlığın qurulması, təbii resurslara çıxış imkanlarının əldə edilməsidir.
Hazırda Azərbaycan Avropanın enerji xəritəsində kifayət qədər sabit və etibarlı tərəfdaş kimi çıxış edir. Prezident İlham Əliyev də Kaya Kallasla görüşdə ölkəmizlə Avropa İttifaqı arasında enerji, bağlantılar, təhlükəsizlik, ticarət və digər sahələrdə əməkdaşlığın perspektivlərinə toxunaraq Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri, eyni zamanda, ölkəmizin isə enerji təhlükəsizliyinin təmin olunması baxımından həmişə Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu vurğuladı. Bu xüsusda həmçinin onu da qeyd etməliyik ki, bu yaxınlarda Azərbaycan qazı artıq Avropa İttifaqının daha iki üzv ölkəsinə – Almaniyaya və Avstriyaya da çatıb. Bu isə heç şübhəsiz ki, Avropa İttifaqının Rusiyadan enerji asılılığını azaltmaq strategiyasına uyğun gəlir. Beləliklə, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mərkəzi oyunçuya çevrilir. Eyni zamanda, Orta Dəhliz və TRIPP layihəsi ölkəmizi qlobal ticarət-logistika marşrutlarının əsas həlqəsi halına gətirəcək. Bütün bu amillərə əsaslanaraq onu deyə bilərik ki, bu gün Avropa strateqləri Azərbaycanın əhəmiyyətini və rolunu düzgün qiymətləndirirlər.
Lakin Azərbaycanın Avropa üçün strateji əhəmiyyəti təkcə enerji resursları ilə məhdudlaşmır. Avropa İttifaqının rəhbərliyi Aizərbaycanın həm də regionda sabitlik və iqtisadi inteqrasiyanın təminatçısı rolunun getdikcə daha da gücləndiyini görür. İlham Əliyev–Kaya Kallas görüşünün nəticələri isə onu göstərir ki, strateji tərəfdaşlığın daha strukturlaşdırılmış formaya keçirilməsi barədə razılıq əldə olunub. Ümumən, Kaya Kallasın səfəri Azərbaycan–Aİ münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini və qarşılıqlı etimadın daha da möhkəmləndiyini təsdiqləyir. Bu səfər təkcə ikitərəfli münasibətlərin güclənməsinin deyil, həm də regionun geosiyasi və iqtisadi arxitekturasında Azərbaycanın artan rolunun birmənalı qəbul edilməsi kimi qiymətləndirilir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.