Jean-Noel Barronun cahilliyi Makron Fransasının xarici siyasətinin bərbadlığını bir daha üzə çıxarmış olur
Ermənilərdən çox erməniçilik etmək tibb elminə məlum olmayan əcaib geosiyasi “xəstəlik”lərdən biridir. Əvvəllər bu “xəstəlik” daha çox ruslarda özünü qabarıq büruzə verirdisə, 44 günlük İkinci Qarabağ müharibəsindən sonra isə fransızlar bu anti-missiyanı ruslardan təhvil alıblar. Xüsusən də Fransanın rəsmi şəxslərinin, siyasətçilərinin, deputatlarının və şəhər merlərinin erməniçilik etməkdə nəinki Nikol Paşinyanı, hətta Fransanın özündəki radikal-millətçi erməni lobbisini də kölgədə qoyması həqiqətən də ikrah doğurur. Və bu kontekstdə mayın 6-da Fransa Senatında çıxış edən Fransanın hazırkı xarici işlər naziri Jean Noel Barronun növbəti dəfə Azərbaycan əleyhinə əsassız ittihamlar səsləndirməsi əsla təəccüblü deyil.
Jean-Noel Barron sözügedən çıxışında Azərbaycanın ərazi bütövlüyünə və inzibati-siyasi toponimikasına hörmətsizlik edərək yenə də “Dağlıq Qarabağ” ifadəsini işlədib və eyni zamanda, bölgədə guya “erməni irsinin və bəzi tikililərin dağıdılması” ilə bağlı “narahatlığ”ını ifadə edib. Bu da azmış kimi üstəgəl, Jean-Noel Barro UNESCO missiyasının bölgəyə göndərilməsini təklif edib. Fransa Senatının üzvləri də müsye Barronun Azərbaycan əleyhinə səsləndirdiyi cəfəng iddialara əl çalıblar. Bütün bunlar onu göstərir ki, müasir Fransa siyasəti “absurd teatrı” rolunda çıxış etməyi hələ də xüsusi inadkarlıqla davam etdirir.
Fransa prezident Emmanuel Makron özü ixtisasca filosof olsa da, lakin onun təyin etdiyi xarici işlər nazirlərinin hamısı siyasi coğrafiyadan və beynəlxalq hüquqdan bixəbər kütbeyin sarsaqlar olduqlarını son 6-7 ildə dəfələrlə nümayiş etdiriblər. Bu baxımdan hazırkı xarici işlər naziri də istisna deyil. Jean-Noel Barro fransız kütbeyinliyinin tipik, əyani nümunəsidir. Bu adam baş diplomat olsa da, lakin o, hələ də bilmir ki, Azərbaycanın suveren ərazisi olan Qarabağ bölgəsini “Dağlıq Qarabağ” kimi təqdim etmək istər siyasi, istərsə də diplomatik baxımdan tamamilə qəbuledilməzdir. Bu bölgə Qarabağ iqtisadi rayonudur və Fransanın özü də daxil olmaqla bütün dünya birliyi həmin əraziləri suveren Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyır. Bu halda Jean-Noel Barronun cahilliyi Makron Fransasının xarici siyasətinin bərbadlığını bir daha üzə çıxarmış olur.
Odur ki, biz Makrona öz xarici işlər nazirini beynəlxalq hüququ öyrənmək üçün kursa göndərməyi tövsiyə edirik. Fransalı nazir həmin kursda fürsətdən istifadə edib Azərbaycan dövlətinin öz ərazisində yaşayan bütün xalqların dini və mədəni irsini qoruduğunu və eyni zamanda, 30 ilə yaxın davam edən işğal dövründə 65 məscidimizin, tarixi abidələrimizin, muzeylərimizin, qəbristanlıqlarımızın erməni vandalları tərəfindən dağıdılması faktlarını da öyrənmiş olar. Qoy, Jean-Noel Barronun özü də UNESCO-nun nümayəndələrinə qoşulub Qarabağa gəlsin və erməni vandalizminin ağır nəticələrini əyani görsün. Barro bilməlidir ki, Qarabağda “erməni irsinin dağıdılması” barədə iddialar səsləndirmək reallıqdan uzaqdır. Ermənisayağı saxtakarlıq etmək isə Fransa dövləti üçün ayıbdır.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.