2005-ci ildə Moskvada keçirilmiş Qələbə Paradının tarixi fotogörüntülərindən biri.
Həmin vaxt 9 May – Qələbə günü münasibətilə Rusiya paytaxtına dünyanın müxtəlif ölkələrindən nüfuzlu dövlət və hökumət başçıları gəlmişdilər.
Təntənəli mərasimdə iştirak edənlər:
ABŞ Prezidenti – Corc Buş,
Almaniya Federativ Respublikasının Kansleri – Gerhard Şröder,
Fransa Prezidenti – Jak Şirak,
Yaponiya Baş naziri – Dzün’itiro Koidzumi,
Çin Xalq Respublikasının Sədri – Hu Szintao,
Cənubi Koreya Prezidenti – No Mu Hyon,
Hindistan Baş naziri – Manmohan Sinqh,
İtaliya Baş naziri – Silvio Berluskoni,
Serbiya və Çernoqoriya Prezidenti – Svetozar Maroviç,
Böyük Britaniya Baş nazirinin müavini – Con Preskott,
Latviya Prezidenti – Vaira Vike-Freyberqa,
Rumıniyanın sabiq kralı – Mixay I,
BMT Baş katibi – Kofi Annan,
UNESCO-nun Baş direktoru – Koitiro Matsura,
MDB ölkələrinin liderləri və bir çox beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri…
Lakin son 20 ildə vəziyyət tamamilə dəyişib.
Artıq bu il Qələbə paradına xarici liderlər qatılmaq istəmirlər.
Paradın özü isə ixtisar olunmuş formatda, yəni ki, hərbi texnikanın nümayişi olmadan keçiriləcək.
Daha doğrusu, paradın keçirilib-keçirilməyəcəyi hələ sual altındadır. Çünki Putin mayın 9-da Qırmızı Meydandakı paradın VSU (Ukrayna Silahlı Qüvvələri) tərəfindən dronlarla vurulacağından qorxur. Ona görə də Putin müvəqqəti atəşkəs əldə etmək xahişi ilə Trampa yalvar-yaxar etmək məcburiyyətində qalıb. Tramp isə qəti zəmanət verməyib.
İndi də Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova Ukraynanı mayın 9-da Moskvada keçirilməsi planlaşdırılan qələbə paradını vurmaqdan çəkindirmək üçün həmin gün cavab zərbəsi olaraq Kiyevin mərkəzinin “Oreşek” adlı raketlərlə darmadağın ediləcəyi ilə bağlı hədələyici bəyanatlar verir.
Beləliklə, mayın 9-da Qırmızı Meydanda paradın baş tutması artıq Putinin iradəsindən yox, birbaşa Zelenskinin qərarından asılıdır.
Bu da Putinin son 20 ildə Rusiyanı zirvədən dibə endirməsinin göstəricisidir.
Artıq Qələbə paradı əvvəlki beynəlxalq həmrəylik və hörmət rəmzindən fərqli olaraq, indi tamamilə başqa məna daşıyır. 2005-ci ildə Moskvada keçirilmiş Qələbə paradı beynəlxalq miqyasda böyük əhəmiyyət daşıyan hadisə idi.
Həmin vaxt dünyanın aparıcı dövlətlərinin liderləri, beynəlxalq təşkilatların rəhbərləri bu tədbirdə iştirak edərək İkinci Dünya müharibəsində qazanılmış qələbənin xatirəsini birgə yad etdilər. Bu, həm qlobal əməkdaşlıq və tarixi yaddaşın paylaşılması rəmzi idi, həm də Rusiyanın həmin dövrdə beynəlxalq aləmdə nüfuzunun göstəricisi idi.
Ancaq indi isə Rusiya sivil dünyadan tam təcrid olunmuş vəziyyətdədir. 2005-ci ildəki təntənəli mərasimlə indiki vəziyyəti müqayisə etdikdə, Kremldəki qocanın siyasi davranışlarının məntiqsiz və qeyri-adekvat xarakter aldığı həqiqətən də açıq-aydın görünür. Bir vaxtlar faşizmə qarşı mübarizənin qələbə rəmzinə çevrilən parad indi isə raşizmin təbliğat vasitəsinə çevrilib. Faşizmin raşizmə çevrilməsi tarixin istehzasıdır…
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.